Avropaya sığınmış bəzi şəxslər yaxşı olardı ki, Avropadan sivil siyasi mübarizə yollarını da öyrənəydilər. Amma çox təəssüf ki, onlar tamamilə başqa yol seçiblər. Onların seçdiyi yol və etdikləri insanlığa, mentatlitetimizə, kişiliyə, mərdliyə xas olmayan məsələdir.
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, İnsan Hüquqları Komitəsinin sədri, Vəkillər Kollegiyasının üzvü Çingiz Qənizadə Azərbaycana qarşı söyüş, təhqir taktikasını seçmiş qüvvələrə cavabında bildirib.
Onun fikrincə, Azərbaycanda az qala müqəddəs hesab edilən ailə dəyərlərinə sataşmaq əxlaqsızlıqdır:
"Əsl azərbaycanlı üçün ailə çox müqəddəsdir. Hətta vaxtilə düşmən olan iki şəxsdən biri uzaq səfər çıxarkən öz ailəsini düşmənçilik etdiyi digər şəxsə əmanət edərdi. Çünki bilirdi ki, ailə müqəddəsdir və onlar nə qədər düşmən olsalar da, ailəyə toxunmayacaqlar, əksinə adlarına ləkə gəlməsin deyə onu qorumağa çalışacaqlar. Amma bu ünsürlər guya siyasi mübarizə apardığı şəxslərin ailəsini, uşağını, məmurları, hətta dövlət başçısını söyməklə mədəniyyətsizlik yox, əxlaqsızlıq və tərbiyəsizlik nümayiş etdirirlər. Bu, bizim azərbaycanlı kişisinə, Azərbaycan vətəndaşına xas olmayan məsələdir. Mən belə hesab edirəm ki, bu, onları maliyyələşdirən müəyyən qurumlar, təşkilatlar, şəxslərin tapşırığıdır. Amma insan hər hansı mübarizəni, hətta düşmənçiliyi də gərək kişi kimi aparsın. Ona görə də mən kim tərəfindən edilməsindən asılı olmayaraq, bu cür hərəkətləri qətiyyətlə pisləyirəm!
Mən artıq bir neçə gündür ki, deputat seçildiyim İmişli, Beyləqan bölgəsindəki dairədə 40-a yaxın kənddə prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası müddətində minlərlə vətəndaşlarımızla görüşmüşəm. Bütün görüşlərdə bu məsələni qabartmışam. Tam səmimi deyirəm, kəndlərdə olan ziyalılar, ağsaqqallar birmənalı olaraq Avropada özünü azərbaycanlı adlandıraraq Azərbaycana məkrli, xoşagəlməz fikirlər söyləyən, şəkillər paylaşan şəxsləri qətiyyətlə pisləyirlər".
Pünhan Mirzə
Milli.Az