"Bizim üçün vacib olan Azərbaycan xalqının arzularının qalib gəlməsidir" - Elçin Mirzəbəyli

"Bizim üçün vacib olan Azərbaycan xalqının arzularının qalib gəlməsidir" - Elçin Mirzəbəyli
13:22 12 Aprel 2018
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 2018-ci il 11 aprel prezident seçkiləri Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə, demokratik şəraitdə keçdi. Təbii ki, bütün namizədlərin imkanları bərabər deyildi. Bunun çox aydın və obyektiv səbəbləri var. Amma prezidentliyə namizədlər üçün qanunvericiliyin tələblərindən irəli gələn təbliğat-təşviqat imkanları bərabər şəraitdə yaradılmışdı.

Bunu Milli.Az-a açıqlamasında 11 aprel 2018-ci ildə Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı fikirlərini bölüşən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, siyasi analitik Elçin Mirzəbəyli bildirib.

Onun fikrincə, beynəlxalq aləm də Azərbaycandakı bu seçki prosesini müsbət qiymətləndirəcək: "Seçkiləri mötəbər beynəlxalq təşkilatların nümayəndələri izlədilər. Onlara proseslərdə yaxından iştirak etmək üçün bütün imkanlar yaradıldı. Namizədlərlə, onların səlahiyyətli nümayəndələri ilə, hətta seçkidə iştirak edən və etməyən siyasi partiyaların təmsilçiləri ilə də görüşüb onların mövqeyini öyrənmək imkanı əldə etdilər. Yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri üçün də prosesi işıqlandırmaq üçün şərait yaradıldı. Şübhəsiz ki, gözlərinə inanan müşahidəçilər seçkinin demokratik bir şəraitdə keçdiyini etiraf edəcəklər. Seçki prosesi müsbət qiymətləndiriləcək. Təbii ki, ənənəvi şəkildə Azərbaycanda baş verən istənilən hadisəni neqativ yöndən təqdim edənlər də öz ənənələrinə sadiq qalacaqlar".

E.Mirzəbəyli hesab edir ki, cənab İlham Əliyevin böyük səs çoxluğu ilə yenidən prezident seçilməsi gözlənilən idi: "Mən müxalifət partiyasının təmsilçisiyəm və biz seçkilərə öz namizədimizlə qatılmışdıq. Şübhəsiz ki, partiyamızın sədrinin uğur qazanması üçün əlimizdən gələni etdik. Amma resurslar və imkanların qeyri-bərabər olduğu öncədən də bəlli idi. İlham Əliyevin president seçiləcəyini gözləsək də, cəmiyyətə alternativ fikirlər çatdırmaq, problemlər və onların həlli yolları barədə təkliflərimizi dilə gətirmək, siyasi mədəniyyətin inkişafına öz töhfəmizi vermək üçün seçkiyə qatıldıq.

Təbii ki, müxalifətin, xüsusilə də konkret siyasi platforma və alternativ fikirlərlə çıxış edən siyasi qüvvələrin ciddi dəstək almaması bizi məyus edir. Azərbaycan üçün ciddi, institutlaşmış müxalif siyasi təşkilatların olması çox vacibdi. Rəqabət olmayan yerdə inkişaf da ola bilməz".

Politoloq İlham Əliyevin bundan sonrakı 7 illik prezidentliyi dönəmində Azərbaycanın gələcəyi ilə bağlı gözləntilərini də dilə gətirib: "Ən böyük gözləntim Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir. Bu, hər bir azərbaycanlının gözləntisidir. Cənab İlham Əliyevi Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik edir, möhkəm cansağlığı arzulayıram! Bizim üçün vacib olan Azərbaycan xalqının arzularının qalib gəlməsidir".

Qeyd edək ki, 11 aprel 2018-ci ildə Azərbaycanda prezident seçkisi keçirilib. İlkin nəticələrə görə, hazırkı dövlət başçısı İlham Əliyev böyük səs üstünlüyü ilə yenidən Azərbaycan prezidenti seçilib. 

Xatırladaq ki, bu dəfəki seçkidə prezidentlik uğrunda 8 namizəd mübarizə aparıb. Seçkinin gedişini 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/641369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR