“Çinlilər mənim ideyamı oğurlayırlar” – Bakılı sənətkardan maraqlı açıqlamalar

“Çinlilər mənim ideyamı oğurlayırlar” – Bakılı sənətkardan maraqlı açıqlamalar
12:44 13 Aprel 2018
83 Digər
Ölkə mətbuatı
A- A+

Bu səhər Xətai metrosu səmtində rast gəldim ona. Gözünü dəzgaha zilləyib, taxta qulplu bıçağı itiləyir, dodağının altında həzin bir mahnı zümzümə edirdi. Daha yaxşı izləmək üçün yaxınlaşdım.

 

Gözünü bıçaqdan ayırmadan:

 

- Bıçağın var?

 

- ...

 

- Gətir itiləyim.

 

- Var, evdə.

 

- Harada olursan?

 

- Nərimanovda.

 

- Aaaa, Nərimanova da gəlirəm. Nə əcəb görməmisən?

 

- Qismət bu günəymiş.

 

Gülürük.

 

- Dəzgahınız maraqlıdır.

 

- Həə, özüm yığmışam. “Zinger” tikiş maşınının altı idi. “Təzə bazar”dan almışam. Bir küncdə qalmışdı. 10 manata aldım. Gətirdim evə, başladım yavaş-yavaş yığmağa. Təkər əlavə elədim, çarxını bərpa elədim, yonmaq üçün daşlar birləşdirdim. Kim görür, şəklini çəkir. əsas da turistlər. İrandan, Türkiyədən, Yaponiyadan, Çindən gələnlər çəkib ideyamı oğurlayırlar (gülür). Məni televiziyalar da çox çəkib.

 

- Mən də çəkərəm.

 

- Yenə televizorda göstərəcəklər?

 

- Yox, internetdə.

 

- Yox a?! Əladı ki! Onda sizin üçün oxuyaram da.

 

- Oxuyursunuz da?

 

- Bəs nə?! Yaxşı səsim var. Bariton-tenor. Musiqi təhsilim var. Üzeyir Hacıbəyovun bacısı qızı, vokalist Tamara Xəlilova mənə dərs deyib. 37-ci ildə sürgün olunmuşdu. Bakıya qayıdanda 2 nömrəli musiqi məktəbində dərs deməyə başlamışdı. Əsgərlikdə “naruşeniya” eləmişdim, gətirdilər məni zala, əlimə süpürgə verdilər ki, səhnəni süpürüm. Gördüm, bir nəfər əlində balalayka kənarda əyləşib. Dedim, çal oxuyum. Tərs-tərs baxıb, soruşdu, oxuya bilirsən? Əlimlə işarə elədim ki, çal. Çaldı. “Ax tı, duşeçka, ax krasavitsa” rus xalq mahnısını oxudum. Apardı məni komandirin yanına. Komandir üçün də oxudum. Göstəriş verdi ki, bir də mənə cəza verilməsin. Əvəzində onlar üçün hər həftə konsert verirdim. Xeyli təşəkkürnamə almışdım.

 

Həsən Qəmbərov Bakının ən qədim məhəlləsi olan İçərişəhərdəndir. 1938-ci ildə neftçi ailəsində dünyaya gəlib. Dekabrda 80 yaşını tamamlayacaq. Yaşının ahıl vaxtında çörək pulu dalınca yağış-qar demədən hər gün 15-20 km piyada yol gəzib, kütləşmiş bıçaqları itiləyir. 5 övladı olub: 4 oğlan, 1 qız. 3 övladı xərçəng xəstəliyindən dünyasını dəyişib. 5 övladdan 6 nəvəsi, 4 nəticəsi var.

 

- Anam rəhmətlik evdar qadın olub. Atamı uşaqkən itirmişəm. Yazıq tək böyüdüb məni. Təhsilimi davam etdirə bilmədim. Musiqi məktəbini bitirəndən sonra Musiqi Texnikumuna sənəd verdim, qəbul oldum. Əsgərə getdim. Qayıdandan sonra işləyib pul qazanmalı idim. Müharibədən sonra vəziyyət yaxşı deyildi. Anam tək işləyirdi.

 

Həsən baba daxilən şən adamdır. İki sözündən biri zarafatdı. Söhbət əsnasında yalnız bir dəfə kövrəldi. O da anası haqda danışanda.

 

- Anam mənə görə çox əzab-əziyyət çəkib. Çooox... 15 yaşım vardı, 5-ci sinifdə oxuyurdum. Hər sinifdə 1-2 il qalmışam. Axırda müəllim dedi, səni məktəbdən qovacağıq. Dedim, neynim? Qovun. Rəhmətlik anam o qədər döydü ki, məni.  Dedi, mən bu qədər əziyyət çəkirəm, gərək sən oxuyardın. İndi ki, oxumadın, əzab-əziyyətli işdə işləyəcəksən.

 

Ondan sonra Qaz idarəsində işə başlayır.

 

- 1955-ci il iyunun ayının 5-də işə başladım. 5-6 aya işin bütün xırdalıqlarına yiyələndim. 132, 134 saylı məktəblər, İçərişəhərə qaz çəkilişində iştirak etmişəm. O vaxt Bakıda 4 rayon vardı. Dördünə də mən baxırdım. 2008-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuşam. Medalı rəhmətlik Natiq Əliyev təqdim etmişdi. 55 il işlədim. Sonra dedilər, day qocalmısan, bəsdir işlədin. 2009-cu ildə təqaüdə çıxdım. Baxdım bekar qala bilmirəm, bu işə başladım. Hər gün sübh 6-da yola çıxıram. Ən çox bu tərəflərə gəlirəm. Xətai rayonundan xoşum gəlir. Qabaqlar buralar mazutun içindəydi. Qara şəhər deyərdik. Bu gün baxanda ürəyim açılır.

 

O gündən bu yana düz 10 ildir ki, 80 yaşlı qoca piyada Bakını gəzərək kütləşmiş bıçaqları itiləyir. Ona hər yerdə rast gəlmək olar. Şəhərin bu başından vurub o biri başından çıxır.

 

- 50 qəpikdən itiləyirəm. Günə 5-10 manat qazanıram. Min bərəkət! Axşam hava qaralmadan evə çatıram. Əzgin oluram. Bütün bədənim, dizlərim ağrıyır. Deyirəm, daha səhər işə çıxa bilməyəcəm. Bir tikə çörək yeyib yatıram. Səhər açılan kimi durub düzəlirəm yola.

 

Söhbət quzunu qurda verər, deyiblər. Söhbətdən başımız açılanda baba bütün bıçaqları itiləmişdi.

 

- Bıy, işim bitib ki...

 

Sağollaşıb dəzgaha yüngül təkan verir. Təkərlər hərəkətə gəlir. Və oxuya-oxuya uzaqlaşır.

 

- Mən oxuyanda evdəkilərin zəhləsi gedir (gülür). Ona görə yol gedəndə oxuyuram: “Bakılı balasıyam...”

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298751

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR