Ombudsman Aparatının rəhbəri: "ATƏT DTİHB, ATƏT PA və AŞ PA müşahidə missiyasının ilkin hesabatı obyektiv reallığı əks etdirmir"

Ombudsman Aparatının rəhbəri: "ATƏT DTİHB, ATƏT PA və AŞ PA müşahidə missiyasının ilkin hesabatı obyektiv reallığı əks etdirmir"
18:12 15 Aprel 2018
109 Ölkə
Ölkə mətbuatı
A- A+

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkilərinin nəticələri ilə əlaqədar hazırladıqları ilkin hesabat obyektiv reallığı əks etdirmir.

Milli.Az bildirir ki, bunu Trend-ə Ombudsman Aparatının rəhbəri, hüquq uzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib.

Bu hesabatı qərəzli və ikili yanaşmanın göstəricisi sayan Aparat rəhbəri qeyd edib ki, hesabatı tərtib edənlər seçkilərin müşahidə edilməsi üzrə metodoloji və texniki yanaşmadan daha çox özlərinin subyektiv və qərəzli siyasi mülahizələrinə üstünlük veriblər.

A.Səfixanlı əlavə edib ki, müşahidə missiyasının üzvləri tərtib etdikləri hesabatla beynəlxalq müşahidə prinsiplərini, o cümlədən təmsil etdikləri qurumların özlərinin qəbul etdikləri sənədlərin tələblərini pozmaqla yanaşı, Azərbaycan vətəndaşlarının aktiv seçki hüququnu sərbəst ifadə etməsinə şübhə ilə yanaşaraq hörmətsizlik nümayiş etdiriblər:

"Belə ki, ATƏT-in DTİHB Müşahidəçilərinin Davranış Kodeksinin birinci absazında təsbit olunub ki, müşahidəçilər öz vəzifələrini həyata keçirərkən qərəzsiz olmalı və heç bir halda milli hakimiyyət orqanlarına, partiyalara, namizədlərə və ya seçki prosesində baş vermiş mübahisəli məsələlərə münasibətdə hər hansı bir mühakimə və ya üstünlük nümayiş etdirməməlidirlər. Qeyd etmək istərdim ki, seçki günü İnsan Hüquqları üzrə Müvəkkil və Ombudsmanın mərkəzi Aparatını, habelə Gəncə, Şəki, Cəlilabad və Quba regional mərkəzlərini təmsil edən 38 əməkdaşı müstəqil olaraq, özlərinin təşəbbüsü ilə qeydiyyatdan keçərək müşahidəçi qismində paytaxt Bakı və ölkənin 53 şəhər və rayonunda 103 seçki dairəsi üzrə 371 seçki məntəqəsində, o cümlədən düşmənlə təmas xəttində yerləşən kəndlərimizdə, qaçqın və məcburi köçkünlərin kompakt yaşadıqları qəsəbələrdə, hərbi hissələrdə, cəzaçəkmə müəssisəsində səsvermə prosesini müşahidə ediblər. Müşahidələrimizin nəticəsi olaraq bildirmək istərdik ki, prezident seçkiləri əhalinin yüksək fəallığı şəraitində, demokratik, azad, şəffaf, ədalətli, seçki qanunvericiliyi və beynəlxalq standartlarla müəyyən edilmiş qaydada, nizam-intizamla keçirilib. Vətəndaşların seçki hüquqları təmin olunub, o cümlədən əlilliyi olan seçicilər üçün həmin hüquqların həyata keçirilməsi ilə bağlı şərait yaradılıb. Pozuntu halları, hər hansı bir dövlət qurumunun, o cümlədən icra hakimiyyəti orqanının nümayəndələri və polis əməkdaşları tərəfindən müdaxilə müşahidə edilməyib".

A.Səfixanlı hesab edir ki, əgər beynəlxalq və ya regional təşkilat tərəfindən qəbul edilən hesabatlar obyektiv reallıqdan uzaqdırsa, ikili yanaşma sərgiləyirsə, çirkli siyasi məqsədlərə xidmət edirsə və dövlətə qarşı təyziq vasitəsi kimi istifadə edilirsə, onda bu hesabatın qəbul edilməsi onu qəbul edən qurumun nüfuzunu da aşağı salmış olur.

Qeyd edək ki, ATƏT DTİHB-nin müşahidə missiyası aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı qərəzli hesabat təqdim edib. Bununla bağlı keçirilən mətbuat konfransında Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələrinin səsləndirdiyi fikirlər Azərbaycan ictimaiyyətinin və media mənsublarının etirazına səbəb olub.

Seçkilərdə müşahidələri ilə bağlı həqiqəti əks etdirməyən fikirlər səsləndirən missiya sonda bildirib ki, yekun hesabat iki ay ərzində açıqlanacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/642527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR