“Daxili gərginlik Ermənistanla bağlı riskləri çoxaldır”

Serj Sarkisyan Xocalı qətliamını törədən, qanı xocalıların qanına batan biridir. Bu cür insanın Ermənistanın siyasi hakimiyyətinə rəhbərlikdən devrilməsi təbii ki, sevindirici haldır. Sarkisyanın hakimiyyətdə daha çox qalmaq üçün qurduğu plan, yəni, Konstitusiyada dəyişiklik edib, prezidentin səlahiyyətlərini baş nazirə vermək və özünü baş nazir seçdirmək xəyalı puç oldu. Onun baş nazirliyi cəmi 6 gün davam edə bildi. Ancaq Sarkisyanın yerinə kimin gələcəyi hələ ki, məlum deyil.

Ümumiyyətlə Serj Sarkisyanın devrilməsinin regiona təsiri necə ola bilər? Bununla bağlı Metbuat.az-a açıqlama verən politoloq İlqar Vəlizadənin sözlərinə görə, bunun regiona birbaşa təsirini gözləmək çətindir: “Çünki Ermənistanın elə bir faydalı, əsaslı təsiri yoxdur ki, o ölkədəki daxili vəziyyətin pisləşməsi regiona hissediləcək dərəcədə təsir etsin. Ermənistan nə regional iqtisadi layihələrə qoşulub, nə regional siyasi layihələrdə iştirak edib.

Sadəcə olaraq, daxili gərginlik təbii ki, bu ölkə ilə bağlı olan riskləri çoxaldır. Məsələn, bir riski göz önünə gətirmək olar ki, hazırda Ermənistanda hakimiyyət demək olar ki, iflic vəziyyətindədir, işlək vəziyyətdə deyil. Bu, bütün strukturlara aiddir, o cümlədən də hərbi struktura. Çünki təsəvvür edin ki, bu ölkənin başında hazırda real Ali Baş Komandan yoxdur. Nominal bir adam var - Karen Karapetyan, onu təxminən nominal Baş komandan hesab etmək olar. Amma real Baş komandan yoxdur. Müdafiə naziri demək olar ki, yoxdur. Yəni, müdafiə naziri var, amma onun qərarlarına əməl edən yoxdur.

Hərbçilərin etirazçılara qoşulması məsələsində də, müdafiə nazirinin qərarına əhəmiyyət verilmədi. Belə vəziyyətdə təbii ki, cəhbə xəttindəki alaylar, hərbi hissələr demək olar ki, başlı-başına qalıblar. Onların hər an provakasiya törətmək imkanı var. Belə təxribat olsa, kim cavabdeh olacaq buna? Bu cür təxribatlara da Azərbaycan tərəfi cavab vermək məcburiyyətində qalacaq. Belə qarışıq mühitdə yenə də müharibə riskləri çoxalır. Çünki dediyim kimi, Ali Baş Komandan yoxdur. Müdafiə naziri vəziyyəti idarə edə bilmir. İşlək rəhbərlik vəzifəyə gəlməyincə, bu cür hərc-mərclik davam etdikcə, hərbi risklər çoxalacaq. Biz, hər an bu cür vəziyyətlərə hazır olmalıyıq.

Düşünürəm ki, Ermənistanda vəziyyətdən bezən əhali son illərin, ayların hadisələrindən düzgün nəticə çıxaracaq. Düşünürəm ki, ictimaiyyət Sarkisyan kimi insanları hakimiyyətə buraxmayacaq. Amma ümidverici proqnozlar vermək də düzgün olmaz. Çünki indiki etirazçıların arasında Qarabağla bağlı kifayət qədər sərt mövqedə dayanan adamlar var. Məsələn, müxalif deputat, etirazçılara rəhbərlik edən Nikol Paşinyan aprel hadisələrindən sonra bəyan etmişdi ki, “biz dinc dayanmamalıyıq, Azərbaycan tərəfinə əks hücum etməliyik, yeni torpaqlar əldə etməliyik”. Bu cür insan əgər fikirlərini dəyişmədən hakimiyyətə gəlsə, real münasibəti dəyişməsə, təbii ki, riskli vəziyyətə gətirib çıxara bilər. Ona görə, dediyim kimi, biz, hər cür ssenariyə hazır olmalıyıq”.

Günay Elşadqızı / METBUAT.AZ

“Dağlıq Qarabağ erməniləri Qarabağ klanından çox narazıdır” – Mübariz Əhmədoğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR