Öldürülən süpürgəçi qadın kimin anası idi? - BAXIŞ

Hər səhər qızımı məktəbə aparanda yolun kənarında, keçəl başda tük olan kimi, bir-iki qadının yolları təmizlədiyini görürəm. Əllərində də o vaxt babamın Ucarın səhrasından yığıb, bağladığı süpürgələrdən.

Üzləri bağlı, hamısı da bir-birinə oxşayır. Sanki bu tozu-torpağı, havada uçuşan sellofanları əskik olmayan şəhəri bircə qarı silib-süpürür, təmizləyir. Yağışlı gündə necə sevindiyini, küləkli havada yerin-göyün qarasınca necə deyindiyini hiss edirəm.

***

Dilənən bir qaraçıdan aylıq qazancını soruşdum bir dəfə. Bakıda 600 manatdan çox qazandığını dedi. O pulu onlara biz veririk. Bəs bu süpürgəçilər aya 600 manat qazana bilirlərmi? Niyə dilənmirlər? Yaxud sualı başqa cür qoyaq: Bəlkə dilənməlidilər?

İndi Bakıda qaraçılar daha rahat yaşayırlar. Daha onlardan pis qoxu da gəlmir. Geyimləri də nimdaş, yamaq-yumaq, boz-bozalaq, fosforlu deyil.

***

Üstəlik, Bakıda hansısa qaraçının üstündən maşınla keçməyiblər. Ancaq o gün süpürgəçi bir ananı maşın vurdu. Üstündən xeyli vaxt keçib, hələ də özümə gələ bilmirəm. Fotosu da yayılmışdı. Gözümü yuman kimi nə düşnürəmsə, düşünüm, harda oluramsa, olum, o mənzərə beynimdə ağ-qara kino lenti kimi sürətlə irəli-geri fırlanır.

Bir də arabir iki körpə qızın qaraltısı qarışır kadrlara…

Atasızlığın zəqqumunu dadmış, anasının gəlməzliyini sürətlə döyünən balaca ürəyinə kösöv kimi basmış iki balaca qız…

Kirayədə qalırlarmış, uçuq-sökük, dar bir otaqda… Bir vaxtlar içində böyük, işıqlı ev arzuladıqları, indi ömrü boyu anaları ilə birlikdə yaşamağa razı olduqları rütubətli, havasız otaqda…

***

Xəbərdə yazılmışdı ki, “bədbəxt hadisə nəticəsində”… Bu təkcə bədbəxt hadisə deyil axı, bu daha çox bədbəxtlərin sayını artıran, əslində hamımızın bədbəxt, günahkar olduğumuzu anladan olaydı. O qadının ölümünə, o yavruların bədbəxtliyinə görə hamımız günahkarıq. Çünki biz insan olaraq bir-birimizi sahiblənməyi bacarmırıq.

***

Bu illər ərzində hər şey dəyişib. İndi qaz piltəsinin yanında səliqəsiz formada, qalaq-qalaq yığılmış qəzetləri bir düymə əvəz edir. Suyu o yandan bu yana axan soyuducular buxarlanma sisteminə keçib. “Ceyran peçləri”ni kondisionerlər əvəzləyib. Məişətdə hər şey dəyişib, rahatlaşıb. Amma nə sirrdisə ölkəmizdə bu inkişaf, yenilənmə süpürgəçi anaların yanından keçir. Sanki onlar zamanın başqa üzündədilər. Onlara gəlib çatan texnoloji “yenilik” fosforlu üst geyimidi. Gecələr işıq saçır. İşıqlanmanın olmadığı əsas yolda işıq “saçan” ana… Qaranlıqda heç kimin görmədiyi zibilləri təmizləyir…

Utancverici deyilmi?

Nədənsə bu müqayisə Viktor Hüqonun Madlen babasını yada salır. Monastrda qoca yaşlarında bağbanlıq edir. Rahibələrlə rastlaşmasın deyə, ayağına zınqırov bağlayırlar. Zınqırov səsi gələn kimi rahibələr uzaqlaşırlar… Bir gücümüz ona çatıb ki, zınqrovu fosforla əvəzləmişik…

***

Rastlaşdığım turistlər bunu başıma qaxınc ediblər dəfələrlə. Hətta qadına maşın sürməyə icazə verməyən ərəblər də. Bu qədər inkişafın qabağında analarınıza küçə təmizlədirsiniz deyə. Yer yarılıb, yerə girmişəm hər dəfə. Nə cavab verim? Sahiblənə bilmirik deyim?

***

Biz evimizdə olanı özümüzünkü bilirik. Adımıza olanı qorumağa çalışırıq. Evimizi təmiz saxlayıb, zibilimizi hara gəldi atırıq. Çölün də, yolun da, hətta zibilliyin də bizim olduğunu anlamaq istəmirik.

O gecənin zinriyində atdığımız hər siqaret kötüyünə, hər su qabına, hər uşaq bezinə görə əyilib-qalxan qadın anamız olsa, əlimizə keçəni hara gəldi atarıqmı? Bacımız olsa, maşınla vurub öldürərkmi? O iki yavru balamız olsa, sahibsizliyin zülmətində tək, kimsəsiz qalmalarına razı olarıqmı?

Bəs onlar kimin anası, bacısı, balasıdı?

Tahirə Əlirzayeva/ Metbuat.az

"Alkaş" qarışqadan öyrəndiklərim - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR