Vəzifə saxtakarlığı və külli miqdarda dələduzluqda təqsirləndirilən Tərlan Yusubov, Əli Əhədov və Rüfət Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, hər 3 təqsirləndirilən şəxsə şərti cəza verilib.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Əli Əhədov və Rüfət Musayevin hər birinin 4 il, Tərlan Yusubovun isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, Əli Əhədov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qohumu Rüfət Musayev və "Global" MMC-nin direktoru olmuş Tərlan Yusubovla cinayət əlaqəsinə girərək, Bakı şəhər sakini Vüqar Həsənovun övladı Humay Həsənlinin xaricdə ali məktəblərdən birinə daxil olacağı, bundan 1 il sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinə köçürüləcəyini vəd edib. O, bu yolla qohumu Rüfət Musayevin vasitəsi ilə Vüqar Həsənovdan ayrı-ayrı vaxtlarda ümumilikdə 39 min 700 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.
Bununla bağlı təqsirləndirilən şəxslər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, zərərçəkmiş Vüqar Həsənov SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Avtomatika və Metrologiya Departamentinin Avtomatik İdarəetmə Sistemləri Şöbəsinin rəisidir.