Vatikanın Mədinədə kilsə inşa edəcəyinə dair
informasiyalar İslam dünyasında ciddi reaksiyaya səbəb oldu.
Publika.az xəbər verir ki, Vatikandan fransalı kardinal
ötən ay Ər-Riyada səfər etdi və Səudiyyə Ərəbistanının kralı
Salmanla görüşdü.
Bu səfərdən sonra Misir mediası “Ər-Riyadla Vatikan anlaşdı,
Səudiyyə Ərəbistanda kilsə inşa ediləcək” xəbərini yaydı.
Vatikan bu xəbəri təkzib etmədi, lakin daha sonra kilsənin Mədinədə
inşa ediləcəyinə dair xəbər də ortaya çıxdı.
Bu xəbərlərin heç biri təsdiqini tapmayıb. Türkiyəli siyasi yazar
Taha Dağlı xəbərlərin təsdiq olunmamasının normal olduğunu
yazıb.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistan Körfəz ölkələri içində
kilsə olmayan yeganə ölkədir: “Bu ölkənin əhalisinin 4 faizi
xristianlardır. Kilsənin olmaması Vatikanı həmişə narahat edib.
Səudiyyə Ərəbistanının bəlkə də başqa şəhərlərində kilsə inşa oluna
bilər. Bu məsələ daha əvvəl də gündəmə gəlmişdi. 2008-ci ildə Papa
Benedikt Səudiyyə Ərəbistanında kilsənin inşası məsələsini gündəmə
gətirmiş və müzakirə olunmuşdu. Həmin vaxt konkret addım
atılmamışdı. Çünki Səudiyyə Ərəbistanında kilsə inşa olunarsa,
həmin kilsələrin terror hədəfinə çevrilməsi təhlükəsi var. Həmin
vaxt “Əl-Qaidə” terror təşkilatı təhdid də etmişdi. İndi də eyni
təhlükələr var”.
T. Dağlı qeyd edir ki, hazırda “Əl-Qaidə”dən daha betər olan İŞİD
var.
“İŞİD iki il öncə Ramazan ümrəsində Mədinəyə hücum etmişdi. İndi
Mədinədə kilsə inşa olunarsa, terrorçuların hücumuna səbəb olacaq”,
- deyə o bildirib.
Asif