“Göz soyuqdəyməsi - gözün konyukiva bölgəsində yaranan çirkdir. Bu çirk qızartıya, göz yaşına, qaşınmaya və ağrıya səbəb ola bilər. Göz soyuqdəyməsinə eyni zamanda konyunktivit də deyilir”.
Bu sözləri Metbuat.az-a açıqlamasında uzman oftalmoloq Fariz Sadıqov deyib. Onun sözlərinə görə, göz iltihabının ilkin əlaməti göz qızarması və yaşarmasıdır.
Göz iltihabının yaranma səbəbi nədir?
Həkim bildirib ki, hava dəyişiklikləri, konyunktivit virus, bakteriya, allergik reaksiya və kimyəvi qıcıq səbəbi ilə yarana bilər.
Xəstəliyin digər əlamətləri hansılardır?
Oftalmoloq klassik əlamət kimi səhər oyanarkən göz qapaqlarının yapışıq olmasını vurğulayıb:
“Sarı və ya yaşıl axıntının olması (əsasən bakteriyaya bağlı infeksiya), şəffaf bir mayenin gəlməsi (əsasən virusa bağlı infeksiya ya da allergik reaksiya), qaşınma, yanma və ya gözə qum dənəsi düşmüş kimi bir hiss (əsasən virusa bağlı infeksiya ya da allergik reaksiya), oxşar əlamətləri daşıyan bir ailə üzvü (birindən digərinə yoluxan infeksiya) yəni kimdənsə yoluxma, parlaq işıqda gözün ağrıması (fotofobiya da deyilir), yaxın zamanda əgər ümumi bədənə soyuqdəymə olubsa (əsasən virusa bağlı infeksiya), limfa vəzilərində şişmə (əsasən virusa bağlı infeksiya), qadınlarda vaginal axıntı (cinsi yolla yoluxma ehtimalı) və s. kimi əlamətləri var”.
Göz iltihabı necə müalicə edilir?
Həkim oftalmoloq deyib ki, göz iltihabını digər gözünüzə və başqa insanlara yoluxdurmaqdan ehtiyat edin. Göz yanğısı son dərəcə yoluxucu ola bilər, bu səbəblə tam sağalana qədər insanlarla təmasınıza məhdudiyyət qoyun. Gözünüzün ətrafına toxunmazdan əvvəl əllərinizi diqqətlə yuyun. Öz dəsmalınızı, yastığınızı digərlərindən ayırın. İnfeksiya keçənə qədər hər gün yastıq üzünüzü yuyun, ya da dəyişin. İnfeksiya olan gözünüzə əlinizlə toxunmayın. Gözünüzü silmək üçün kağız dəsmal istifadə edin.
Həkim əlavə edib ki, virusa bağlı göz iltihabı adətən 10 - 14 gün ərzində bədəndən uzaqlaşır, ancaq əlamətləri altı həftəyə qədər davam edə bilər.
Aysel Yaqubqızı / Metbuat.az