Hər dəqiqə 2 insan bu xəstəlikdən ölür

Dünyada ən təhlükəli infeksiyalardan biri vərəmdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi var və onların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3.5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan vərəmdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insan ölümünün 20 faizi vərəmdən baş verib.

“Vərəm xəstəliyi insanın bütün orqanlarını zədələyə bilər, lakin ən geniş yayılmış forması ağciyər vərəmidir. Ağciyər vərəmi həm xəstənin özü, həm də onun ətrafında olan insanlar üçün təhlükəlidir. Belə ki, mikobakteriyalar xəstə insan danışdıqda, asqırdıqda və ya öskürdükdə hava vasitəsilə sağlam insanlara ötürülür”.

Bu sözləri Metbuat.az-a açıqlamasında həkim-ftiziatr Polad Muradov deyib. Onun sözlərinə görə, vərəm xəstəliyinin törədicisi şüalı göbələklərə aid olan mikrobakteriyalardır.

Həkim bildirib ki, bu törədici 1882-ci ildə alman alimi R. Kox tərəfindən kəşf olunub. Törədicinin eni 0,2-0,6, uzunluğu 1-6 mikrondur. Bu çöplərin hazırda 5 tipi məlumdur. İnsan, heyvan, quş, çöl siçanı, qarışıq tipləri var. Vərəm çöpləri spirtə, turşuya davamlıdır. Bir sutka ərzində ya­rıya bölünməklə çoxalır. Tozlu bəlğəmdə 72 saat, qurumuş bəlğəmdə 5-6 ay, əşyalarda 3 aya kimi havasız, günəşsiz yerdə bir neçə ay, suda 5 ay həyat qabiliyyətini saxlayır.

Xəstəlik necə yaranır?

Həkim deyib ki, xəstəlik 95 faiz hava damcı yolu ilə, xəstə insanın asqırması, öskürməsi, tənəffüsü zamanı ətrafa yayılan hava damcılarının sağlam insanın tənəffüs yollarına düşməsi zamanı baş verir:

“Bu proses dərhal baş vermir. Bunun üçün təmasın uzun müddətli olması, mikrobların çoxluğu, orqanizmin immun sisteminin zəif­ləməsi olmalıdır. Vərəmin yayılması mədə-bağırsaq yolu ilə də mümkündür. Beləki, bəlğəmin udulması, xəstə inəyin südünə vərəm xorasından mikrobakteriyaların qarışması zamanı südü 3-5 dəqiqə qaynatmadıqda, xəs­tə quşların yumurtasını yaxşı qaynatmadıqda və s. hallarda yoluxma baş verir. Vərəmin yayılması zədələnmiş dəri, selikli qişalardan da mümkündür”.

Kimlər risk qrupuna daxildir?

Həkimin sözlərinə görə, şəkərli diabet, tireotoksikoz, xroniki qanaxmalar, anemiyalar, xroniki nefrit, mədə və onikibarmaq bağırsaq xorası, xroniki mədə-bağırsaq pozğunluqları, bir çox qan xəstəlikləri olanlar, zərərli vərdişləri olan şəxslər, narkomanlar, alkoqoliklər, vərəmli xəstə ilə bir evdə yaşayanlar, vərəmli xəstə ilə təmasda olan tibb işçiləri və laborantlar və s. şəxslər risk qrupuna daxildir.

Vərəmin müalicəsi var?

Həkim bildirib ki, xəstə əgər ona yazılmış müalicə kursuna əməl etsə, normal həyata qayıda bilər. Lakin keçirdiyi vərəm xəstəliyindən sonra orqanizmin tam bərpası üçün vaxt tələb olunur. Müalicə bitəndən sonra 1- 2 il ərzində xəstənin ftiziatr tərəfindən vaxtaşırı yoxlanılması vacibdir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR