“Babam həbs olunandan sonra bir pencəyi evdə qalmışdı. Xeyli vaxtdan sonra nənəm baxıb görüb ki, pencəyin cibində qəbz var. Deməli, babam Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərini tərcümə edibmiş. Etdiyi tərcümənin müqabilində də Milli Elmlər Akademiyası babama qəbz verib ki, tərcümənin pulunu alsın. Təsadüfən bu qəbz evdə, pencəyin cibində qalır. 1959-cu ildə nənəmlə atam o vaxt akademiyanın rəhbəri olmuş Yusif Məmmədəliyevin yanına gedir. Onun köməyi ilə babamın tərcümə etdiyi əsərin pulunu alırlar. Həmin pulla da atama toy edirlər. Beləliklə, babam ölümündən sonra oğluna toy etmiş oldu... Babam deyirdi ki, mən elə bir həyat yaşamışam ki, məndən sonra nəvə-nəticələrim hər zaman fəxr edəcəklər…”

***

Azərbaycanın ən azyaşlı məhkumu...

Onlar Əhməd Cavadın üçüncü ömrünü yaşayırlar. Afaq xanımla Anar müəllimi deyirəm. Hər ikisi himnimizin sözlərinin müəllifinin nəvəsidir. Lent.az-ın obyektivində ataları Yılmaz Axundzadənin, nənələri Şükriyyə xanımın, babaları Əhməd Cavadın keçdiyi məşəqqətli yolundan danışacağıq. Yaşları az olsa da, 80-90 il əvvəl tüğyan edən qanlı repressiyaları onların da yaddaşında silinməz izlər buraxıb. Şükriyyə xanımın, babalarının ağrılarını ikinci ağızdan eşidərək təkrar yaşayıblar.

Görüşümüzü təşkil edən Şəmkirli millət vəkili Sona Əliyeva istiqlal şairinin varislərini ilk dəfədir gördüyünü deyir.

Afaq xanım 1962-ci ildə anadan olub. Anar bəy isə 1976-cı il təvəllüdlüdür. Əhməd Cavadın ən kiçik nəvəsidir. Üz quruluşuna görə babasına – onun cavanlığına çox bənzəyir.

Söhbətə şairin sonbeşiyi Yılmaz bəyin böyük qızı Afaq Axundzadə ilə başlayırıq. Afaq xanım deyir ki, babası güllələnəndə atası Yılmaz yaş yarımlıq olub:

- Atam deyirdi ki, mən Azərbaycanın ən azyaşlı məhkumuyam. Ailəsi ilə birgə NKVD-nin zirzəmisinə məhkum edilib. O, atası ilə bağlı xatirələri nənəmdən və böyük qardaşlarından eşidib. Çox zülmlü, çətin həyatı olub nənəmin. Mən Anardan 14 yaş böyüyəm. Anar balaca idi, nənəm bir dəfə də yaşadığı ağır günlərdən danışmadı, həmişə xoş günlərdən söhbət açırdı. Nənəm deyirdi ki, Dram teatrında bizim – Əhməd Cavadın lojası var imiş. Babam “Romeo Cülyetta”nı, “Rable”ni tərcümə etmişdi. Hüseyn Cavidlə, Müşfiqlə bir yerdə gedib tamaşalara baxırmışlar. Həmin xatirələrlə bağlı maraqlı söhbətlər edərdi. Ağır günləri ilə bağlı sonralar eşitdim.

- Təxminən nə vaxt?

- Sonralar... Əli Saləddin “Azərbaycanın görkəmli adamları”nı işləyəndə ona yaşadığı hər şeyi danışırdı. Həmin vaxt nənəmə dedim ki, sən çox maraqlı adamsan, bu cür faciələrdən keçmisən, amma onları danışmamısan. Söylədi ki, Cavadla 17 il ömür sürmüşəm, həmin müddətdə o qədər xoş gün görmüşəm ki, o mənə indiyə qədər bəs edib. Çox güclü qadın idi. Vətənini sevirdi. Bəraətdən sonra “beşmərtəbə” də, şahmat məktəbinin yanındakı evi nənəmə vermişdilər. Atamla orada yaşamışdı.

“Həmin romanın səhifələrinə tum büküb satırmış...”

Afaq xanım deyir ki, 1937-ci ildə babası həbs olunanda evdə nə qədər əlyazması olubsa, hamısını aparıblar. Cəmi bir əlyazması qalıb:

- Həmin 96 vərəqlik dəftər böyük əmim Niyazi müəllimdə idi. Babamı gəlib evdən aparanda böyük əmim stulun altında gizlədib. Dəftərin üstündə oturub. Hamı gedəndən sonra həmin dəftər qalıb. Sonra həmin dəftəri əmim uşaqları gətirib atama verdilər.

- Niyə evin balacası olan Yılmaz müəllimə verdilər ki?

- Ona görə ki, iki ortancıl əmim tez rəhmətə getdi. Sonra böyük əmim... Həmin dəftər də bizdə qaldı.

- Əhməd Cavad “Sədəf” adlı bir romanı da olub, onu da aparıblar?

- Bəli, babamın “Sədəf” romanı olub. Nənəm deyirdi ki, həmin roman çox möhtəşəm əsər idi. Həmin əsərin əlyazmasını axtarış vaxtı məhv etmişdilər. Şükriyyə xanım danışırdı ki, sonradan həmin romanın vərəqlərinə həyətdə rast gəlib. Tum satan bir arvad Əhməd Cavadın həmin “Sədəf” romanının səhifələrinə tum büküb satırmış. İndi həmin “Sədəf” tamamilə məhv olub, heç bir səhifəsi də qalmayıb.

Sona Əliyeva:

- Bəs nə əcəb 96 vərəqlik dəftəri almayıblar?

Afaq Axundzadə:

- Kim almalıdı idi ki?

- AMEA, əlyazmalar institutu...

Afaq Axundzadə:

- Böyük əmim o dəftəri heç kimə vermirdi. Həmin dəftərdəki indiyə kimi əsərlər çap edilməyib.

Sona Əliyeva:

- Əhməd Cavadın əşyalarını saxlayırsınızmı?

Afaq Axundzadə:

- Nə əşyaları qalıb ki... Babam 45 yaşında rəhmətə gedib. Ötən il 125 yaşı tamam oldu. O vaxtdan indiyə əşyamı qalar?!

Sona Əliyeva:

- Başqa nələri qalıb?

- Əldə qalan bütün əlyazmaları Nizami adına Əlyazmalar İnstitutundadır.

Tural Turan:

- Əhməd Cavadın adının əbədiləşdirilməsi ilə bağlı görülən işlərdən razısınızmı?

Anar Axundzadə:

- Adına küçələr, texnikumlar, məktəblər var. Babamın 120 illiyi ilə bağlı prezident İlham Əliyev sərəncam vermişdi. Ölkənin hər yerində anım tədbirləri keçirilmişdi. Filarmoniyada möhtəşəm tədbir baş tutmuşdu. Türkiyədə də çox yaxşı yubiley proqramı hazırlanmışdı. Məni də dəvət etmişdilər. Şəxsən özüm orada iştirak etmişəm. Yazıçılar Birliyinin sədri Anar müəllimlə birgə getmişdik. Silsilə tədbirlər idi. Axırda da böyük tədbir oldu, Azərin xanım gəlib “Çırpınırdın Qara dəniz”i oxudu.

Sona Əliyeva:

- O mahnının son dövrlərdə məşhurlaşmasının əsas səbəbkarlarından biri də Azərin oldu...

Anar Axundzadə:

- Bəli, çox yaxşı xanımdır. Həmin musiqi Türkiyədə MHP-nin, bozqurdların marşı olub. 90-cı illərin əvvəllərinə qədər “Çırpınırdın Qara dəniz”in sözləri və musiqisi anonim yazılırdı. Sonradan hər şey yoluna düşdü. Müəlliflərin adları qeyd olundu.

Afaq Axundzadə deyir ki, Əhməd Cavadın nakam ölümü, onun qəbrinin olmaması vəfat edənə kimi atasını sarsıdıb:

“Müstəqilliyin ilk dövrlərində MTN-nin 70 illiyi qeyd olunurdu. O vaxt atamı da çıxış etmək üçün dəvət etmişdilər. Həmin vaxt atam onlara demişdi ki, hər dəfə çağırırsınız, yaramızın qaysağını qoparırsınız. Repressiya dövründə güllələnənlərin bir çoxunun məzarı yoxdur, araşdırın”.

Anar Axundzadə söhbətə qoşulur. Deyir ki, bunlar haqqında KQB-nin arxivində də heç nə yoxdur. “Babamgilin ölümü ilə bağlı müxtəlif versiyalar var” - deyir.

Afaq Axundzadə:

- Deyirdilər ki, dənizə atıblar...

Anar Axundzadə:

- Bəziləri də güllələnmədiyini, işgəncələr zamanı öldüyünü söyləyirdi. Dəqiqini heç kim bilmir. Çünki arxiv yoxdur. Bəziləri Əhməd Cavadın Qaradağ tərəfdə, bəziləri də Nargin tərəfdə qətlə yetirildiyini deyir.

Afaq Axundzadə:

- Atam sovet dövründə prokurorluq orqanlarında işləyirdi. Bu məsələni araşdırmağa çalışmışdı. Amma bir şey tapa bilməmişdi. Hətta “Azərbaycanın görkəmli adamları”nı yazanda Əli Saləddinə də arxivləri axtarmaq üçün icazə vermişdilər. Amma ölümü, qəbri ilə bağlı axtarışlar nəticəsiz qalmışdı. Bütün sənədlər ələk-vələk edildi amma babamgilin harada güllələndiyi, işgəncə edildiyi, saxlanıldığı ilə bağlı məlumatlara rast gəlinmədi.

Tural Turan:

- Axı Mikayıl Müşfiqin harada işgəncə edildiyi yer məlumdur. Nargin adasında saxlanılırdı. Müşfiq də Əhməd Cavadla eyni gündə həbs edilmişdi...

Anar Axundzadə:

- Eyni gündə həbs edilsələr də eyni vaxtda güllələnməmişdilər. Hamını bir gündə güllələmirdilər.

Afaq Axundzadə:

- Evimizdə məhkəmənin qərarı var. Məhkəmələri 10-15 dəqiqə çəkib. Həmin müddətdə bunların taleyini həll edib, gecə ilə də... (gözləri dolur).

***

Knyaz qızının məşəqqətli ömrü...

Anar Axundzadə nənəsi - Əhməd Cavadın ömür gün yoldaşı Şükriyyə xanım haqqında danışır. Deyir ki, Batumidə türk ordusunun yaralılarına yardım komitəsi təşkil olunubmuş. Əhməd Cavad Şükriyyə xanımla elə orada tanış olur:

“Nənəm Şükriyyə xanımın çox iti yaddaşı vardı. Həmin günləri incəliklərinə qədər danışırdı. 94 yaşında rəhmətə getdi. Şükriyyə xanım acar knyazının qızı olub. Acarıstanda Şükriyyə xanımın qohumları çoxdur. Şükriyyə xanım türkəsilli Bejanoğlu nəslindəndir. Acarıstanın rəhbəri olmuş Aslan Abaşidze atamın xalası oğludur. Nənəmgilin kəndində o nəslin tikdirdiyi qala da var. Nəslin tarixi 12-ci əsrə gedib çıxır. Bir vaxtlar bütün Acarıstan nənəmin mənsub olduğu nəslin olub. Şükriyyə xanımın atası knyaz Süleyman bəy Bejanoğludur. Sonradan bu nəslin adı Bejanidze formasına salındı”.

Afaq xanım qardaşının sözlərinə əlavələr edir. Deyir ki, nənəsi türkcə, gürcücə, rusca, azərbaycanca təmiz, səlis danışırmış. Hüseyn Cavidin poemalarını əzbər söyləyirmiş:

- Qazaxıstanda, Aktubinskdə sürgün həyatı məşəqqətli keçmişdi. Nənəmin, iki əmimin-Aydının, Tukayın qəbri Əhməd Cavadın doğulduğu kənddə - Seyfəlidədir. Atam qəbir daşı şəklinə həm atasının, həm də anasının birgə şəkillərini vurdurmuşdu.

Anar Axundzadə:

- Nənəm son illərini böyük əmimin yanında – Çinarlı kəndində yaşayıb. Orada da dəfn olunub. Arada Bakıya – bizə gəlirdi. Son bir neçə ili gəldi. 1992-ci ildə rəhmət getdi. Mənim ana tərəfim də Şəmkirdəndir. Ana nənəm uzun illər Şəmkirin Əliyaqublu kəndində məktəb direktoru olub.

Afaq Axundzadə:

- Əhməd Cavadın Seyfəlidəki doğulduğu ev uçub-dağılıb. Beş yaşında Gəncəyə mədrəsədə oxumağa gedir. Çinarlıdakı ev Əhməd Cavadın evi deyildi.

Anar Axundzadə:

- Aydın əmimin evi idi.

Sona Əliyeva:

- Bildiyim qədəri ilə Seyfəlidə Əhməd Cavadın evi kimi tanınan mülk Əhməd Cavadın ata yurdu olub. O vaxt yurd olduğunu deyirdilər.

Anar Axundzadə:

- Yox. Əhməd Cavadın atası beş yaşı olanda dünyasını dəyişib. Əmisi də tanınmış adam idi. Gəncə-Qazax bölgəsinin axundu olub. Hətta o rəhmətə gedəndə həmin bölgənin adamları 40 gün yas saxlayıb, adına ehsan veriblər. Əhməd Cavad ilk təhsilini Gəncə mədrəsəsində alıb. Bu yaxınlarda eşitdim ki, babam Quran hafizi olub. Adı Cavaddır. Əhməd onun təxəllüsü olub. Axundzadələr nəslindəndir.

“Atasının qəbri olmadığı üçün əzab çəkirdi...”

Anar müəllim deyir ki, Əhməd Cavad üç dəfə həbs olunub. Hər dəfə həbs olunanda evdə nə qədər əlyazması varsa, aparılıb. Həbsdən çıxanda da geri qaytarmayıblar. Sonuncu həbsi zamanı da bütün əlyazmaları aparılıb.

İxtisasca göz həkimi olan Afaq xanım Mircəfər Bağırovun məhkəməsi ilə bağlı maraqlı bir məqamı danışır. Deyir ki, həmin vaxt olanları da Şükriyyə xanımdan eşidib:

“Mircəfər Bağırovun məhkəməsinə repressiyaya məruz qalan insanların ailə üzvləri də dəvət edilmişdi. Əmimlə Şükriyyə xanım da məhkəmə prosesinə qatılıblar. Nənəm deyir ki, Mircəfər Bağırov son sözünü demək üçün ayağa qalxdı və rusca dedi ki, məni şaqqalasanız da azdır. Bu qədər faciələr olandan sonra nə faydası... Atam ölənəcən Əhməd Cavad həsrəti ilə yaşadı. Atasının qəbri olmadığı üçün əzab çəkirdi. Bu onun ən ağrılı yeri idi. Çünki o dövrdə yaş yarımlıq idi. Atasını xatırlamırdı”.

Afaq xanımdan atası haqqında soruşuram. Deyir ki, 2006-cı ildə dünyasını dəyişib. Dünyasını dəyişən günə qədər də atası Əhməd Cavadla qürur duyub:

“Atam deyirdi ki, Əhməd Cavadın oğlu olmaq çox şərəflidir. Deyirdi ki, hər addımına fikir verməlisən ki, onun adına xələl gəlməsin. Onun dedikləri bu gün də mənim yaddaşımdadır. Bizim üçün ikiqat məsuliyyətdir. Çünki atam Yılmaz Axundzadə də 1991-ci ildə müstəqillik aktına imza atanlardan biri olub. Həmin vaxt xatirimdədir. Çətin günlər idi. Üç gün evə gəlmədi. Gələndə dedi ki, atamın arzusunu gerçəkləşdirdim. Müstəqillik aktına imza atdım. 1990-95-ci illərdə atam Milli Məclisin deputatı idi. Bütün tarixi hadisələrə şahidlik edib”.

“...bir-birinə baxıb ağlayırlar”

Afaq Axundzadə deyir ki, atası Yılmaz müəllim həmişə Hüseyn Cavidin qızı Turan xanımla sıx əlaqə saxlayırmış. Cavidin ev muzeyi açılanda Turan xanım birinci atasına zəng edir:

- Dedi ki, Yılmaz, dur gəl... Muzeydə rəssam çəkən bir şəkil var, Hüseyn Cavid, Əhməd Cavad, bir də Müşfiq... Hələ açılışdan əvvəl atamla Turan xanım o şəkilin yanında bir-birinə baxıb ağlayırlar. Atam danışırdı ki, anası sürgünə gedəndə Şəmkirdən qohumları gəlib yaş yarımlıq uşağı – Yılmazı aparır. Onu saxlayan xanım nəhrə çalxayırmış. Südün qaymağını atama verəndən sonra, yerdə qalanı öz uşaqlarına verirmiş. Belində gəzdirirmiş. Sonradan atam onların uşaqlarının hamısını oxutdu.

Sona Əliyeva:

- Bəs bəraət alana qədər onlara münasibət necə olub?

Afaq Axundzadə:

- Nənəm sürgündən qayıdandan sonra Bakıda qalmağa icazə vermirdilər. Şəmkirə getmişdi. Hətta Bakıya gələndə də bir neçə saatdan sonra deyirdilər ki, qayıtmaq lazımdır, qalmaq olmaz.

Xruşşovun qəbrinə təşəkkür...

Afaq xanımdan “Atanızın bununla bağlı xatirələri varmı?” – deyə soruşuram. Deyir ki, bəraətdən sonra Yılmaz Axundzadə Moskvaya gedir. Bu işə görə kiməsə təşəkkür etmək istəyirmiş. Amma bilmirmiş ki, atasına, ailəsinə bəraətə görə kimə təşəkkür etsin:

“17-18 yaşında oğlan idi. Qəbiristanlığa gedib, təşəkkür məqsədi ilə Xruşşovun qəbrinə gül qoyub. Soruşanda deyirdi ki, bəraət Xruşşovun vaxtında olub, ona görə... Hətta atam birinci il hüquqa daxil olmuşdu, oxumağa icazə verməmişdilər. Məcbur qalıb, bir il Neft-Kimya İnstitutunda oxumuşdu. Sonradan sənədlərini hüquq fakültəsinə vermişdi.

Babam Gəncədə müəllim yoldaşı ilə bağda gəzişirmiş. “Susmaram” şeirini yazır və deyir ki, bunu əzbərlə. Onsuz da məni bir-iki aya yenə tutacaqlar, əzbərlə, gələcəkdə uşaqlarıma danışarsan - deyir. Həmin adamın da güclü yaddaşı var imiş. 2004-cü ildə “Gəncənin səsi” qəzetində həmin şeir dərc olunur. Deməli, o kişi ölüm ayağında olanda oğlu Fikrət müəllimə babamın parkda söylədiyi şeiri danışır. Deyir ki, bunu yazın. Əhməd Cavadın kimləri qalıbsa, onları tapın və bu şeiri onlara çatdırın. Həmin adam - Fikrət müəllim də Kənd Təsərrüfatı Akademiyasının professoru idi. Fikrət müəllim deyirdi ki, bu şeiri atası tədbirlərdə, ev məclislərində deyərmiş. Hamı bu şeiri çox sevdi. Tez məşhurlaşdı.

Sona Əliyeva:

- “Susmaram” şeiri Türkiyədə də çox məşhurdur.

Bir sürgünün cırmaq izi...

Söhbətimizin sonunda Şükriyyə xanımın harada dəfn olunduğunu soruşuram. Afaq xanım deyir ki, o, ömrünün son illərində Şəmkirin Çinarlı qəsəbəsində - oğlanlarının yanında yaşayıb. Vəfat edəndə isə Əhməd Cavadın doğulduğu kənddə - Seyfəlidə dəfn olunub:

- İki oğlu Şükriyyə xanımdan əvvəl dünyasını dəyişib. Elə onların yanında dəfn edilib. Başdaşına Əhməd Cavadla birgə şəkilləri də vurulub. Atam özü elədi etdi ki, onsuz da Əhməd Cavadın qəbri yoxdur... Bir dəfə nənəmdən soruşdum ki, üzündəki cırmaq izləri nədir. Dedi ki, sürgün vaxtı yaşyarmlıq oğlu Yılmazı anasından – atamı nənəmdən qoparmaq mümkün olmurmuş. Uşaq anasından ayrılmaq istəmirmiş. Zorla uşağı çəkib alanda atamın dırnaq izləri Şükriyyə xanımın üzündə qalır...