İllərdir vətəndaş müharibəsinin davam etdiyi, minlərlə insanın öldüyü, qaçqın düşdüyü Suriyada son zamanlar susqunluq hökm sürür.
Politoloq Elçin Mirzəbəyli Metbuat.az-a açıqlamasında bildirib ki, mürəkkəb proseslər gedir: “Amerika Birləşmiş Ştatlarının prioritetlərində dəyişiklik var. Birləşmiş Ştatlar faktiki olaraq Suriyadakı proseslərdə öz maraqlarını bu günə qədər təmin etməyi bacarmayıb. Amma şübhəsiz ki, ABŞ-ın müttəfiqi sayılan Türkiyənin Suriyada atdığı addımlar və bir sıra əraziləri nəzarətə götürərək idarəçiliyi məhz Amerika Birləşmiş Ştatları ilə birgə həyata keçirməsi sübuta yetirir ki, Suriyadakı proseslərlə bağlı müəyyən koordinasiya var və bu vəziyyət o qədər də acınacaqlı deyil. Ümumilikdə Suriyanın bərpa olunması üçün, bir dövlət kimi yenidən ayağa qalxması üçün çox uzun illər vaxt lazımdır. Əsəd rejiminə qarşı mübarizə məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, Əsəd rejiminin aradan götürülməsi bilavasitə bu rejimə olan dəstəyə son qoyulmasına bağlıdır”.
Politoloqun sözlərinə görə, Əsəd rejiminə qarşı atılan addımlar o zaman nəticə verə bilər ki, bu rejimi müdafiə edən faktiki iki dövlət Rusiya və İranın Suriyadakı mövqelərinin zəiflədilməsilə bağlı müəyyən addımlar atılsın: “Bildiyiniz kimi, İrana qarşı atılan addımlar bu ölkədə mili valyutanın dəyərdən düşməsinə və etiraz dalğasının baş qaldırmasına zəmin yaradır. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar da artıq bu ölkənin iqtisadiyyatına ciddi təsir göstərir. Bu faktlar hər iki dövlətin artıq ölkə sərhədlərindən kənarda hərbi kontingent saxlaması və yaxud üçüncü qüvvələrə hərbi dəstək verməsi imkanlarını məhdudlaşdırır.
Yəni, bildiyiniz kimi, Birləşmiş Ştatlar və yaxud müttəfiqləri Suriyadakı proseslərə əvvəlki kimi birbaşa daha kəskin şəkildə müdaxilə etməsə də, bu proseslərin iştirakçısı olan dövlətlərə qarşı tətbiq olunan sanksiyalar faktiki olaraq nəticə verməkdədir. Bu da son nəticədə özünü Əsəd rejiminin qüvvədən düşməsilə göstərə bilər”.
Günay Elşadqızı / METBUAT.AZ