Bələdiyyə seçkilərinə qiymət verildi

Bələdiyyə seçkilərinə qiymət verildi
17:28 12 Yanvar 2015
168 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Səsvermə günü seçki məntəqələrində bilərəkdən, yaxud bilməyərəkdən olduqca azsaylı hallar nəzərə alınmasa, bələdiyyə seçkiləri yüksək səviyyədə təşkil olunub. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

MSK sədri bildirib ki, namizədlərin qeydiyyatı sahəsində heç bir problem olmayıb: “KİV-in seçkiləri müşahidəsi əvvəldən axıra qədər azad olub, bununla bağlı MSK-ya hər hansı şikayət daxil olmayıb. Seçici siyahılarının dəqiqləşdirilməsi, əhalinin maarifləndirilməsi işinə xüsusi diqqət yetirilib. Yekunda 38,93 faiz seçici fəallığı da məhz bunun nəticəsidir. Digər tərəfdən, siyasi partiyaların namizədləri və səlahiyyətli nümayəndələrinə hər cür şərait yaradılıb. Nəticədə siyasi partiyalardan şikayət daxil olmayıb”.

M.Pənahov vurğulayıb ki, bələdiyyə seçkilərini 50 mindən çox müşahidəçi müşahidə edib: "8 siyasi partiya seçkilərdə namizədlərlə çıxış edib, qeydə alınan namizədlərin partiya mənsubiyyəti nəzərə alınsa, 30 siyasi partiyanın üzvləri seçkilərdə iştirak edib. 37 mindən artıq namizəd 15 min 35 yer uğrunda mübarizə aparıb ki, bu da seçkilərə yüksək marağın olduğunu göstərir".

O, qeyd edib ki, səsvermə mərhələsinə qədər qeydiyyat və digər məsələlərlə bağlı 20 müraciət daxil olub: “Bu müraciətlərdən 4-nə müddəti keçdiyi üçün baxılmayıb, digər müraciətlərin hamısına baxılıb. Əksər məntəqələrdə seçki prosesi qanunauyğun şəkildə aparılıb. Nəzərə alsaq ki, 5015 məntəqədə 1607 bələdiyyəyə seçki keçirilib, azsaylı xoşagəlməz halları da vurğulamalıyıq. Çalışmalıyıq ki, aşağı seçki komissiyaları vəzifələrini maksimum peşəkarlıqla yerinə yetirsinlər. MSK çox yüksək səviyyədə maarifləndirmə işləri həyata keçirdi. Hesab edirəm ki, hətta əvvəlki seçkilərlə müqayisədə bu tədbirlərdə bir addım da qabağa getdik. Bütün addımdarı atmışıq ki, seçkilərin şəffaf şəkildə keçirilməsi təmin edilsin. Məntəqələrin 20 faizində, 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Bütün arzu edən müşahidəçilər qeydə alınıb, bir təşkilatın keçirdiyi "exit-poll"un nəticələri də rəsmi nəticələrdən fərqlənmirdi”.

MSK sədri əlavə edib ki, səsvermə günü seçki komissiyalarına müraciət daxil olmayıb, növbəti gün dairə seçki komissiyalarına və MSK-ya müraciətlər daxil olub. Komissiya müraciətlərə dərhal baxıb, araşdırıb: “Əslində 1607 bələdiyyənin hər birindən bir müraciətin daxil olmasında da heç bir qəbahət ola bilməzdi. Belə hal olsaydı, mən yenə də seçkilərin çox yüksək səviyyədə keçdiyini deyəcəkdim. Çünki hər bələdiyyədən bir müraciət normaldır. Ancaq cəmi 58 bələdiyyədən müraciət daxil olub”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR