“Türk axını” qaz boru kəmərinin (“TurkStream”) Türkiyədəki sahil kəsişməsi üzrə tikinti işlərinə başlanılıb.
Metbuat.az xəbər verir ki, bu barədə boru kəmərinin dəniz hissəsinin tikintisini həyata keçirən “South Stream Transport B.V.” şirkəti məlumat yayıb.
Bildirilir ki, “TurkStream”in Türkiyədəki sahil kəsişməsi üzrə tikinti işlərinə iyulun 22-də Kıyıköydə başlanılıb. Sahil kənarından dəniz dibinədək təxminən 2,4 kilometr uzunluğunda qazıntı işləri görüləcək. Tikinti işlərinin 4-8 həftə davam etməsi planlaşdırılır.
Qeyd edək ki, Rusiya təbii qazını Qara dənizin altından daşıyacaq “Türk axını” layihəsinin birinci xətti ötən ayın əvvəlində Türkiyə sahillərinə çatıb. İşlər tamamlandıqdan sonra Kıyıköydəki təbii qaz qəbulu terminalından milli şəbəkəyə ilk qaz 2019-cu ildə veriləcək. “TurkStream”in dəniz hissəsinin inşasının təxminən 50 faizi yekunlaşıb.
Rusiya qazını Türkiyəyə və Avropaya çatdıracaq “TurkStream”in əsas rezervini Yeni Urenqoyda çıxarılan təbii qaz təşkil edəcək. “TurkStream”in ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyə biləcək. Boru kəmərinin ikinci xəttinin Türkiyə sularında inşası üçün bütün lazımi icazələr alınıb. Türkiyə “TurkStream”in dəniz hissəsini tikən şirkətdən vergi almayacaq.
Türkiyədəki təbii qaz qəbulu terminal İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində tikilir. Buraya gələn qaz Türkiyənin “Botaş” şirkəti tərəfindən inşa ediləcək xətt ilə Lüleburgazdan beynəlxalq qaz şəbəkəsinə veriləcək.
“TurkStream” layihəsi üzrə ikinci xətlə təbii qazın Türkiyə-Yunanıstan sərhədində, İpsala yaxınlarında Avropaya göndərilməsi planlaşdırılır. Lakin bu marşrut hələ ki müzakirə edilir, təbii qazı alacaq və daşıyacaq ölkələrlə danışıqlar aparılır.