Gülbəniz Hüseynli

Köşə yazarı

22:49 15 May 2020 32581
A- A+

Freyd kimi düşünüb Məşədi İbad kimi hərəkət edənlər

Son günlər beynimdə o qədər qarma-qatışıq fikirlər dolaşırdı ki, düşündüm mən bunları yazmalıyam.

Kim isə oxusun deyə də deyil. Özüm üçün. Sanki yazdığım cümlələr mənim düşüncələrimin canlı əksi kimi kompyuterin ekranından üzümə baxıb, başını bulayır. Nə isə. Məsələ odur ki, aylardır karantin, koronavirus mövzuları həyatımıza kök salandan bu günə kimi mən bu hadisələri istər-istəməz izləmək məcburiyyətindəyəm.

Bu bizim işimizdir onu ən yaxşı şəkildə biz oxucuya təqdim etməliyik. Burada təkcə işinin öhdəsindən yaxşı gələ bilmək də məsələ deyil. İnsanlarda xof yaratmadan, olduğu kimi göstərmək də hünər istəyir. Di gəl ki, bizim camaat hər şeyə şübhə ilə yanaşdığı kimi bu mövzuda da haqlı və ya haqsız çıxışlarını imkan düşdüyü hər yerdə sərgiləyir. Hər bir insanın fikirlərinə hörmətlə yanaşmaq prinsipi isə özlüyündə bir bəladır. Tutalım ki, kimsə üzünə durub yalandan elə cümlələr qurur ki, az qala sən ona inanmalı olursan. Heç bir şeydən xəbərdar olmayan yazıq, ətrafdakı bir iki nəfər avam da onu dinləyib təsdiq edir. Elə bu anda düşünürsən ki, mən bunun cavabını verim yoxsa susub qoşulum avamlar cərgəsinə. Bax o anda susmaq məsələsi o insanların düşüncəsinə hörmət etməkdən irəli gələ bilməz.

Hər halda fikir də elə bir virusdur ki, onun ucbatından milyon xəstəlik yarana bilər. İlan zəhərindən betərdir. Həmin an təsir edir və sürətlə yayılır.

Ümumiyyətlə bizim cəmiyyədə “filosoflar” çoxdur. Bir müddət öncə gənclər arasında kitab oxumaq, əlində kitabla gəzmək, hər kitab cümləsini sosial şəbəkələrdə status edib "mən də sizlərdənəm" mesajı göndərmək dəb idi. Bu sayədə Bakıda kitab kafeləri yəni əcnəbicə yazsam “Book Cafe”lər açıldı. Bir əlində hansısa alman filosofun kitabı, bir əlində pivə stakanı, qaranlıq siqaret qoxusu ətrafı işğal edən məkanlarda gənclik o oxuduqları, bəlkə də bir cümləsini belə anlamadığı cümlələr arasında əriyib gedirdi. Bir sinif yoldaşım var. Hələ də onunla münasibətimiz yaxşıdır. Gənc yazıçıdır, hətta bir neçə tərcümə etdiyi kitablar da nəşr olunub. Onunla söhbət edən də belə düşünürdüm ki, canlı filosofdur. Belə insanlar adətən Tanrını inkar həddinə gəlib çatırlar. Şükr son zamanlar fikir verirəm ki, artıq Tanrını qəbul etməyə başlayıb. Deyəsən bu yaşla bağlıdır.

Ümumiyyətlə kim ki, Freyd, Nitşe bir sözlə fəlsəfi astronomik düşüncələr, ideyalar sahibi şəxsiyyətlərdən sitat gətirirsə həyatının bir dönəmini o düşüncə də olan filosof, yazıçıların əsərlərini oxuyub anlamağa sərf edir. Bir müddət sonra o insanlarda Tanrını inkar, cəmiyyətdə var olan nə varsa onu Avropa təfəkkürünə uyğun olmadığından üsyankarlıq, hətta bu ölkəni tərk etmək kimi simptomlar yaranır. Sanki o insanlar üçün bu məmləkət balaca bir qutuya çevrilir. Onlar sıxılıb daxili aləmlərində üsyana başlayırlar. Hətta bəzən onu ətrafındakı insanlara da əks etdirirlər. Hər birimizin belə anları olub. Olur və bitir. Amma elələri də var ki, bu prosessdən uzun müddət sonra çıxa bilir. Bəzən də bunun sonu heç də yaxşı bitmir.

Bizim cəmiyyətin təməl prinsipləri şərq adət-ənənə, dini dəyərlər, mentalitet kimi ünsürlər üzərində qurulub. Onu dəyişəcək güc nə indi var, nə də 50 il sonra olacaq. Prinsipdə hər kəs üsyan edir. İstədiyini edir, istədiyi kimi arzularına uyğun yaşayır, ən azından cəhd edir, sevir, seçir, amma ən sonda Məşədi İbad,Tükəzban düşüncəsinə qayıdır. Bu ona görədir ki, bizim milli genetikamızda belə kodlar var. Mirzə Cəlilin, Sabirin hələ o zamanlar millətin beynindən çıxara bilmədiyi o ucuz düşüncələr bugün bizim ən savadlı insanımızın düşüncələrinin arasında ola bilər. Hər zaman qadın kişi münasibətləri gündəm mövzumuzdur və bugün də cəmiyyətimizin istənilən sahəsində qadının səsi yüksəlirsə o ya həyasızdır ya tərbiyəsizdir ya da ifadəmə görə üzr istəyərək yazmalıyam ki, “yiyəsiz” adlandırılır.

Bir neçə ay öncə işlədiyim telekanalların birində haqlı olaraq etirazımı bildirən zaman səsimin yüksəldiyinin fərqində olmamışam. Çox hörmət etdiyim bir iş yoldaşım mənə o hadisədən sonra dedi ki, “ Sən o qədər zərif insansan ki, o səsi sənə yaraşdırmadım. Belə anlarda bir az sakit davranmaq lazımdır’’.

Xülasə, cəmiyyətimizdə əksər ağzından bəzəkli sözlər səpələnən, ağıllı çıxışlar edən, hər cümləsində filosoflardan, yazıçılardan sitatlar gətirən insanların bir problemi var. Onlar özlərini tapa bilmirlər. Hər zaman istəyirlər ki, etdikləri cuzi bir jest ilə belə varlıqlarını nümayiş etdirsinlər. Amma nəticədə onlar bizlərdəndir. Harda olurlarsa olsunlar, ruhlarının azadlığının sərhədi yoxdursa belə kökləri eyni torpaqdan qidalanır. Özlərinin həqiqi simalarını gec tez biruzə verəcəklər. Onlar da nə qədər ki, hər şeyin - dəyərlərin mənasız olduğunu düşünsələr də gec-tez inkar etdiklərinin toruna düşəcəklər.

Zamanında mən düşündüyüm əksər inanılmaz gələn nə varsa bugün onun canlı şahidiyəm.

“Ana olmaq üçün, fiquramı pozmaram” deyən o qızların əksəriyyəti 3 uşaq anasıdır. Ya da bu gün bu millətin qadının düşüncələrini bəyənməyən, "qonşuda bişən yemək, dadlı olar” düşüncəsində olan, başqa arzular yad qapılar arxasında gecələyənlər ya səfil olub Xoşqədəmin axtarışındadır ya da o bəyənmədiyi qızlarımızın birini özünə həyat yoldaşı edib, bişirdiyi bozbaşı yeyib uşaq böyüdür. Öz tabağımızda olanı bəyənmirik isə bu o demək deyil ki, yemək dadsızdır. Bəlkə də tabağı yeniləməyom vaxtı gəlib çatıb amma biz bunun fərqində deyilik. Düşümcələrimiz əməllərimiz ilə üst-üstə düşməyəndə yerimiz də səf düşmüş qədər olur.

Düzdür hər mövzuda istisnalar var. Öz həyatının qanunlarını yazanlar da çoxdur. O insanlar çox deyillər, amma mövcuddurlar. Bunun üçün əzmkarlıq və risk etməyi bacaran insan olmalısan. Pessimist duyğuların qurbanı olanlar üçün isə istənilən qapılar bağlıdır.

Zamanında nə varsa onunla barışıb özümüzü olduğumuz yerə uyğun amma daha fərqli düşüncələr ilə yetişdirib, həyatımızı hansısa alimin filosofun düşüncələrinə görə deyil öz məqsədlərimiz üçün inkişaf etdirməliyik. Hər millətin öz dəyəri, öz adət-ənənəsi, mədəniyyəti var. Biz öz dəyərlərimizə sahib çıxmasaq hər zaman kimlərin isə fikir müharibəsində özümüzü ortada əzilmiş görəcəyik...

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI

Media Savadlılığı