Tural İsmayılov

Köşə yazarı

15:25 22 May 2018 9361
A- A+

Seks, əyləncə... Təbəssümsüz heç nə - Bir gecə söhbəti

Hərdən ürəyimi buz kimi kəsən düşüncələrin burulğanından qaçmaq istəyirəm.

O yerə və o mənzilə ki, orada özümü anlaya bilim.

Bəli, hər insan özlüyündə anlaşılmaz varlıqdır. Kierkeqor fəlsəfəsinə görə, insan düşüncədən xilas ola bilməyən varlıqdır. Kimisinə görə bu, əzablıdır. Təsəvvür edin ki, düşünən bir insan üçün cəmiyyətə adaptasiya və hər şeyə göz yummaq necə çətindir. Ona görə də, Dekartın "düşünürəmsə, deməli mövcudam" dilemması sadəcə fəlsəfi boşluq yaradır. Mən Sartr fəlsəfəsinə daha çox sadiqəm: "İnsan azadlığa məhkumdur".

Nəzərə alsaq ki, son illərin ən gənc sindromları sayılan və xüsusilə gəncləri cənginə alan panik atak, obsessiya, cürbəcür nevrozlar da elə həssas və düşüncəli adamlarda ortaya çıxır, onda dediyimə haqq verəcəksiz. Biz xoşbəxtlik hormonlarını beyindəki saysız düşüncə ahəngində itirən adamlarıq... Təbii ki, söhbətimin məğzi hamıya aid deyil. Vakuum heç nə olmaq deyil. Boşluq həzsizlikdir. Seks, əyləncə, informasiya... Bir müddət sonra adiləşir, həyat sadəcə oyun oynanılacaq bir arenaya çevrilir. Bəs, çıxış yolu nədir? Ağıllı-ağıllı Freyd psixoanalitikasından, ya da Yunq arxetiplərindən danışmaq da istəmirəm. Tək bir çarə var, düşünməyə davam edin, amma gülərək, əylənərək, maksimum təbəssümlə!

Elə bu pozitivist və materialist fəlsəfi fikir axımında veyil-veyil gəzdiyim axşamlardan biri idi. Evdə anam evlənmək üçün yenə mənə qız axtarırdı, atam da elə hey danışırdı ki, 28 yaş evlənmək üçün idealdır, evlən.

Evdə məni ailəvi "konqress" gözləyirdi. Birtəhər bu gün evdən uzaq qalmağa çalışırdım ki, başım-beynim dəng olmasın. Ümumiyyətlə, bu, ayrı bir mövzudur ki, niyə filankəs mütləq filan yaşda evlənməlidir ki?

Bulvarda gəzirdim. Dənizə baxıb düşünürdüm.

Frans Kafkanın "Çevrilmə" əsərindəki Qreqor Zamza kimi hiss edirdim özümü. Zamza da öz beynindəki əsarətinin sürünəni deyildimi?

"Filankəs ora-burasını açdı" tipli xəbərlərin mikrobiologiyadan çox ilgi gördüyü populyar kult dünyasında hamımızın nə qədər əzablı işlərlə məşğul olduğunu düşünürdüm.

Sərin limonadı aram-aram içirdim. Dənizə xırda daşlar atırdım.

Bu dəm yanımda bir qadın əyləşdi. Gözlərimiz bir-birinə sataşdı. Limonadımdan istədi, mən də gülümsəyərək butulkanı ona uzatdım. Sən demə yarım saatdır məni izləyirmiş. Bir az öz həyatından danışdı mənə. Cəmi 5 ay evli qalmış və boşanmışdı. İndi isə heç kimə güvənib evlənə bilmirdi. Daimi bir kişi həmdəm olmadan həyatın necə çətin olmağından danışırdı. Bu an İlham Tumasın "qadınsız kişi heç nədir" sözü yadıma düşdü.

Bəlkə də bizim həyatımızdakı hər şey yalnızlıqdan və ötərilikdən doğur. Neqativlərlə savaşmaq üçün daimilik, ya da əbədilik mütləqdir.

O qadın niyə oturdu, niyə danışdı bilmədim.

Sakitcə gülərək yanımdan getdi sonda.

Və əminəm ki, bu həyatda təbəssümsüz heç nə yaxşı deyil.

Tənhalıq da, münasibət də, yaşamaq da, ölüm də...

Tural İsmayılov/ Metbuat.az

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI