Rahil Sayadoğlu

Köşə yazarı

15:31 23 Oktyabr 2023 12801
A- A+

​Acından günorta durur, Acundan nəsə öyrənməyə 400 manat verir...

Azərbaycanda kifayət qədər tanınan və sevilən türkiyəli media maqnatı Acun Ilıcalı dünən ilk dəfə çıxdığı Bakı səhnəsində könülləri fəth edə bilmədi.

Gözləntilər çox idi, gözlə görünənlər isə az. Nə gözləyirdik?

Acunun zəngin media karyerası var. Futbol müxbirliyindən televiziya rəhbərliyinə kimi yüksələn təcrübəsini gözümüz önünə sərib harada nəyi düz, nəyi səhv etdiyini danışa bilərdi.

Ərsəyə gətirdiyi “AcunMedya”nın, sahibi olduğu “TV8” və “TV8.5” kanallarının, “Exxen” platformasının iş prinsiplərindən söhbət aça bilərdi.

Bir futbol klubuna sahib olmağın nə demək olduğunu bölüşə, dünya ulduzları ilə münasibətlərindən danışa bilərdi.

Amma bölüşmədi, danışmadı. Əvəzində gənclik illərində çəkiliş üçün getdiyi ölkələrdə reportaj zamanı başına gələn komik olayları həm sözlü, həm də görüntülü şəkildə təqdim edərək auditoriyanı güldürdü.

Bir saatlıq dərdi-qəmi unudub gülüşdük. Amma heç nə öyrənmədik.

Yox, mən demirəm ki, Acun bizə varlanmağın sirlərini öyrətməli idi. Bunu heç kim heç kimə öyrədə bilməz. Ondan heç bunu gözləyən də yox idi.

Amma ən azı 30 illik televiziya təcrübəsinin zirvəsində olan biri kimi gəldiyi qənaətləri bizimlə bölüşə bilərdi. “Şəxsi təyyarəsi, televiziya kanalları, futbol klubu olan bir iş adamının bir günü necə keçir, nələr edir?” kimi suallar ətrafında çox maraqlı söhbət apara bilərdi. Vallah bu mümkün idi. Amma etmədi. Bəlkə də bu haqda danışmalı olduğunu ona deməmişdilər.

Ya ona tədbirin mahiyyətini doğru izah etməyiblər, ya da təşkilatçılar tamaşaçılara doğru təqdimat verməyib.

“İnnovativ inkişaf” adlı ilə tədbirə 490 manatlıq bilet alıb gələn şəxsin nə hislər keçirdiyini anlamaq çətin deyil. O, Türkiyə televiziyasının fenomen simasını canlı olaraq izləyib həmin görüşdən dolu təəsüratlarla ayrılacağını düşünürdü. Amma qarşısındakı persona onu sadəcə güldürməyi bacardı. İmkanı olsa idi Acunu “persona non qrata” elan edib geri Türkiyəyə göndərərdi.

Hələ mən onu demirəm ki, çıxış başlamazdan öncə Bakı Konqres mərkəzinin yuxarı və üst sıralarında əyləşmiş insanlar ön sıralara gətirildi. A.Ilıcalının komanda üzvlərinin istəyi ilə atılan bu addım zalın ön və orta hissələrinin tam dolmasını təmin etmək məqsədi daşıyırdı. Bununla da 40 manatlıq bilet alanlar 200-300 manatlıq bilet alanlarla yanaşı oturmuş oldu. Buyurun. Bu da sizə “innovativ” həll.

Yaxşı. Bu qədər neqativ bəs edər. Acun abinin 1 saatlıq çıxışından heçmi öyrəniləsi nəsə yox idi? Var idi. Mən sayım siz də oxuyun və getmiş kimi olun.

Acunun danışdığı və göstərdiyi gənclik illərinin macəra dolu reportajlarından onu anladıq ki, bu adam risksevər və soyuqqanlı biri olub. Özünü təhlükəyə ataraq çılğın süjetlər ərsəyə gətirib.

Vəhşi pələngin qəfəsinə daxil olaraq, təhlükəli öküz döyüşlərinə qatılaraq dövrünə görə sensassion videomateriallar ortaya çıxarıb. Bununla da televiziya rəhbərlərinin ona daha çox şans verməsinə nail olub.

Əlbəttə çalışqandır, zəhmətkeşdir, macərasevərdir və... ŞANSLIDIR!

Ən önəmlisi məhz şansdır.

Titaniklə səyahətə çıxıb buzlu sulara qərq olanların hər şeyi vardı. Yaraşığı, pulu, təcrübəsi, həyat eşqi, böyük planları və s. Amma şansları yox idi.

Acun Ilıcalı isə çox şanslı adamdır. Bu şans onu mediaya ilk addımlarını atdığı günlərdən ta bu günə qədər izləyir.

Bu arada sosial mediada tədbiri tənqid edənlərlə yanaşı, tədbirə gedənləri də tənqid edənlər var. Kimisi deyir, “milyonçu olacağınıza ümid edirdiniz”, bir başqası gülür ki, “acından günorta duranlar Acundan 1 saat içində varlanmağın sirlərini öyrənməyə 300-400 manat vermişdilər” və s. Ümid edirəm ki, belə düşünənlərin hamısına bu yazı ilə ətraflı cavab vermiş oldum.

Mənim Acun olmaq iddiam və şansım yoxdur. Nəinki Acun olmaq, heç onunla görüşmək və şəkil çəkdirmək şansım da olmadı. Əvəzində ona buradan bir-iki kəlmə sözüm var:

“İlk dəfədir Bakıda səhnəyə çıxırsınız, özünüz də ata tərəfdən azərbaycanlısınız. Bu qədər insan sizi izləməyə gəlib, daha yaxşı çıxış edə, daha çox şey danışa bilərdiniz, danışmadınız. Ya bacarmadınız, ya da istəmədiniz. Sizi öz təbirinizcə desək, 2 “hayır”, 1 “evet”lə uğurlayırıq. Bir dahakı səfərə daha yaxşı hazırlaşacağınızı ümid edirik”.

Rahil Sayadoğlu, xüsusi olaraq Metbuat.az üçün.

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI

Media Savadlılığı