Cavidan Mirzəzadə

Köşə yazarı

12:39 08 Yanvar 2024 26673
A- A+

"Like" xatirinə ölü tərifləyənlər...

“Çəpgöz öldü, oldu badam gözlü” – təəssüf ki, türklərin bu atalar sözü günümüzdə yaşanan bir tendensiyaya çox uyğundur.

İnsanlarda belə bir daxili tələbat var: Ölünü tərifləmək. Təkcə tərifləmək olsa dərd yarı, ilahiləşdirmək, bütləşdirmək, qura biləcəkləri ən pafoslu cümlələrlə dağ başına çıxarmaq...

Hansısa məşhur ölən kimi, birdən-birə dəyərə minir, heç kimin xatırlamadığı, maraqlanmadığı adam ölən kimi olur hamının sevdiyi “böyük sənətkar”.

Əsas şou da sosial şəbəkələrdə yaşanır. Sanki insanların beyninə impuls gedir: “Qoy iki kəlmə də mən tərifləyim, insanlar məni də sənətsevər, humanist, zəifin yanında olan haqq carçısı kimi görsün”.

Bir çoxları sırf gündəmlə ayaqlaşmaq naminə, “like” yığmaq naminə ölən məşhur haqqında təriflər yazırlar. Halbuki normalda teatra getmir, tablo almır, kitab oxumur, qulaq asanda əsl sənətə yox, trend mahnılara qulaq asır.

Dünəndən bəri “Facebook”da müxtəlif təbəqəli insanlar ah-vay edirlər ki, “Aygün Bəylər niyə Xalq artisti deyil, Əməkdar artistdir, niyə verməyiblər, ən çox o layiq idi” və s...

Gəlin açıq danışaq, iki gün əvvələ qədər Aygün Bəylərin Xalq artisti fəxri adının olmaması heç birimizi maraqlandırmırdı.

Yenə açıq danışaq, iki gün əvvələ qədər heç birimiz öz toy məclisimizdə Aygün Bəyləri görmək istəməzdik. “Bəyənmədiyimiz” Xalq artistləri Mir Yusifi, Röyanı, Aygün Kazımovanı görmək istəyərdik. Aygün Bəylər və neçə-neçə əsl sənətkardan fərqli olaraq daim şou ilə gündəmdə olan Təranə və Musanı, Manafı və Türkanı (qısası, adı sənətçi olub özü olmayanları...) görmək istəyərdik.

Axı bu insanları məclislərimizə çağıra-çağıra həmin zirvələrə qaldıranlar da biz özümüzük. Deməli, bizə sənətkarlar yox, şou adamları maraqlıdır. Bu gün hansısa əsl sənət adamı layiq olduğu yerdə deyilsə, hansısa şou adamı layiq olduğundan daha yuxarıdadırsa, bunun səbəbi cəmiyyət özüdür.

Bu gün ölkədə Aygün Bəylərdən qat-qat yaxşı səsə malik sənətkarlar var. Sadəcə yadımıza düşmürlər, çünki bizə sənət və sənətkar maraqlı deyil, çünki onlar hələ sağdılar və onları tərifləmək bizə “like” qazandırmayacaq...

İndi durub yeni vəfat edən bir müğənni, bir ana haqqında mənfi fikirlər yazacaq deyiləm. Amma etiraf edək ki, Aygün Bəylər normal səviyyədə bir müğənni idi və elə də böyük yaradıcılığı olmayıb. Normal səsi olub, şou naminə şəxsiyyətini alçaltmayıb və sadə olub – onu insanlara sevdirən də budur. Amma kimisə gərəyindən artıq, süni sözlərlə tərifləmək də gülüncdür, lazımsızdır, onun özünə də hörmətsizlikdir...

Ruhun şad olsun, “Tut ağacı” ilə xatırlayacağımız sadə, şoudan uzaq, əsl sənətkar.

Hələ də sağ olan və dəyərə minəcəyi günü gözləyən əsl sənət adamlarına salam olsun...

Cavidan Mirzəzadə, xüsusi olaraq "Metbuat.az" üçün.

RƏYLƏR

DİGƏR KÖŞƏ YAZILARI

Media Savadlılığı