Gürcüstan və Azərbaycan ərazisində cinayətkar fəaliyyətlə məşğul olan, Azərbaycan vətəndaşı “vor zakon” Qazaxıstanda həbs edilib.
Virtualaz.org Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu
barədə rəsmi məlumatla ölkənin Daxili İşlər Nazirliyinin
nümayəndəsi Almas Sadubayev çıxış edib. Polisin məlumatına görə
tutulan şəxs Azərbaycan vətəndaşıdır, onu DİN, Milli Təhlükəsizlik
Komitəsi Akmolinsk vilayətinin hüquq-mühafizə əməkdaşları birgə
keçirdikləri əməliyyatla saxlayıblar. Hüquq-mühafizə orqanlarının
əməkdaşları Şuçinsk şəhərində azərbaycanlı “vor zakon”un qaldığı
oteldə əməliyyat keçiriblər və onu tutublar.
“Saxlanılan şəxsin üzərindən patronları ilə birlikdə tapança, döyüş
qumbarası və narkotik maddə tapılıb. O, Qazaxıstana Tbilisidən
aviareyslə gəlib və ilkin məlumatlara görə qohumları Gürcüstanda,
Azərbaycanda yaşayan azərbaycanlı sahibkarlardan reketçiliklə pul
toplamaq niyyətində olub”-Sadubayev bildirib.
Saxlanılan şəxsin kimliyi açıqlanmır, o müvəqqəti saxlanma təcridxanasına salınıb. Təhqiqat gedir.