Naxçıvan, 23 aprel, AZƏRTAC
“Naxçıvan” Universiteti tələbələrinin iştirakı ilə Heydər Əliyev Muzeyində “Müstəqil Azərbaycan dövlətində Heydər Əliyev amili” mövzusunda açıq dərs keçirilib.
“Naxçıvan” Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, universitetin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli tələbələrə ətraflı məlumat verib. Qeyd edilib ki, bu gün hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu Öndərin ölməz işıqlı obrazı yaşayır. Ulu Öndərin hələ sağlığında əfsanəvi liderə çevrilməsində onun həyatı üçün heç bir riskdən çəkinməməsi, sözünü məqamında deməyi bacarması, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynayıb. Məhz bunun sayəsində dahi şəxsiyyət harada olursa-olsun hadisələrin fövqünə qalxıb, idarəçilik qabiliyyətini reallaşdırıb, fenomen lider imicini qazanıb.
Xilaskarlıq missiyası Ümummilli Liderin genişmiqyaslı fəaliyyətinin birmənalı olaraq əsasını təşkil edib. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və misilsiz əzmkarlığa malik Ulu Öndər Azərbaycanda siyasi hakimiyyətə ilk gəlişində ölkəmizi tənəzzül burulğanından çıxararaq “imzalar içində imzası olmayan”, hətta keçmiş SSRİ məkanında belə yaxşı tanınmayan respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bildi. 1982-1987-ci illərdə fövqəl dövlət olan keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi ən çətin və mürəkkəb sahələrə nəzarət edən Ümummilli Lider müstəsna təşkilatçılığı, siyasi uzaqgörənliyi, iti zəkası və qibtəolunası işgüzarlığı ilə xalq arasında böyük hörmət və şöhrət qazanıb. Heydər Əliyev fenomeni xarici dövlətlərin tanınmış siyasi liderlərinin, kütləvi informasiya vasitələrinin daim diqqət mərkəzində olub.
Bildirilib ki, Heydər Əliyev XX əsr Azərbaycan tarixində təkcə milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirən lider kimi yox, həm də yaratdığı dövlətin möhkəmliyinin, dayanıqlığını təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan böyük strateq, müdrik rəhbər kimi xalqın qəlbində yaşayır. Qüdrətli siyasətçinin əzmi və iradəsi ilə Azərbaycan dövləti xüsusən 1993-cü ilin ağır hadisələrindən keçib gələrək parçalanıb məhv olmaq təhlükəsindən uzaqlaşa bildi. Azərbaycan iqtisadiyyatı dirçəldi, ölkənin sənayesi və kənd təsərrüfatı inkişaf dövrünə qədəm qoydu. Dahi siyasətçinin ölkəmizdə nail olduğu ictimai-siyasi sabitliyin nəticəsi idi ki, beynəlxalq təşkilatlarla münasibətlər normallaşdı, dünyanın nüfuzlu şirkətlərinin Azərbaycana marağı daha da artdı. Heydər Əliyev hər sahədə misilsiz lider və rəhbər olduğunu bəşəriyyətə öz əməlləri ilə sübut etdi. Ulu Öndər xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulan müstəqil Azərbaycan dövlətini miras qoydu. O, həyatını təhlükələrə ataraq ölkəmizi və xalqımızı bəlalardan qutardı. Həqiqətən də ömrünün qalan hissəsini xalqa qurban verdi və əvəzində əbədiyaşarlıq qazandı.
Sonra muzeyin direktoru Ramil Orucəliyev muzeyin zəngin ekspozisiyası haqqında tələbələrə ətraflı məlumat verdi.

