Yaşlı könüllülər “ASAN xidmət”də

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandumun tərkib hissəsi kimi “Yaşlı könüllülər” layihəsinə başlanılıb.

Metbuat.az bildirir ki, nazirliyin pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində yaşayan pensiyaçıların bir qismi layihə çərçivəsində “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyətinə cəlb olunublar.

Layihə ilə bağlı Metbuat.az-a açıqlama verən Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, sosial xidmət müəssisələrində aparılan işlər günü-gündən artır. Bu da Azərbaycan dövlətinin sosial sahədə apardığı islahatlar və bu sahədə göstərilən xidmətlərin təkmilləşdirilməsilə bağlıdır:

“Həmin xidmət müəssisələrində insanların həyat tərzinin yaxşılaşdırılması, onların sosial reablitasiyası, aktiv həyat sürmələri və əmək mühitinə qayıtmaları üçün ardıcıl işlər görülür. “ASAN xidmət”lə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanan anlaşma Memorandumun predmetindən biri olan “Yaşlı könüllülər” layihəsi də məhz buna xidmət edir. “Yaşlı könüllülər” layihəsi çərçivəsində nazirliyin Bilgəhdə yerləşən pensiya yaşına çatmış bir qrup ahıl şəxsin “ASAN xidmət” mərkəzlərində bu layihələrə cəlb edilməsi, onların yenidən aktiv həyat tərzinə qayıdışı və cəmiyyətdə özlərini realizə etmək imkanının yaradılması çox mühüm qiymətləndirilir. Gördüyünüz kimi, bir qrup ahıl şəxs “ASAN xidmət” mərkəzlərində “Yaşlı könüllülər” layihəsi çərçivəsində gənc könüllülərlə birlikdə fəaliyyət göstərirlər. Onların bu mərkəzlərə sevinərək gəlmələri və pozitiv əhval-ruhiyyə ilə fəaliyyət göstərmələri bizim layihənin uğurlu nəticəsindən xəbər verir. Ümid edirik ki, layihə yaxın zamanlarda daha da genişlənəcək. Təkcə sosial xidmət müəssisələrində yaşayan pensiyaçılar deyil, digər pensiyaçılar da layihəyə qoşulacaq və əmək potensialları müqabilində cəmiyyətə töhfələrini verəcəklər. Burada təmsil olunan sosial xidmət müəssisəsində yaşayan, övladları tərəfindən atılmış ahıl şəxslərdir. Onların daha çox qayğıya ehtiyaclarının olduğunu nəzərə alaraq, layihə çərçivəsində ilk olaraq onları seçdik. Onların aktiv həyata qayıtması, təcrübələrini insanlarla bölüşmələri həm gənc nəslə faydalıdır, həm də cəmiyyətimizə bir mesajdır. Həmin insanların bu layihəyə göstərdiyi dəstək bizi sevindirir”.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsini müdiri Elnur Niftəliyəv Metbuat.az-a açıqlamasında qeyd edib ki, bir ay müddətində yaşlı könüllülərimiz “Könüllülüyün yaşı yoxdur” şüarı altında 5 və 2 saylı “ASAN xidmət” mərkəzlərində olacaqlar:

“Onlar proseslərə qoşulacaqlar. Uşaqların qeydiyyata alınması, onlara nəzarət, vətəndaş axınının yönləndirilməsi, vətəndaşlarımızın müraciətlərlə bağlı müxtəlif bölmələrə yönləndirilməsi işində digər könüllülərimiz ilə birgə çalışacaqlar. Gələcəkdə digər sosial təminat evlərində yaşayan təqaüdçülərimiz də bu layihəyə qoşula biləcəklər”.

“Yaşlı könüllülər” layihəsinin ən yaşlı könüllüsü 85 yaşlı Sona Rəhimbəyova 80 yaşına kimi Azərbaycan Milli Elmlər Akademiyasının işçisi olub. O, layihədə iştirak etdiyi üçün çox xoşbəxt olduğunu bildirib:

“Burada vətəndaşları necə qəbul etmək qaydalarını öyrənirik, uşaqlarla vaxt keçiririk. Layihədə iştirak etdiyim üçün çox sevinirəm. Bu ayın tamamına kimi mərkəzdə olacağıq. Lakin burada nəinki ayın sonu, ilin sonuna kimi işləmək istəyirəm”.

Layihənin digər könüllüsü 82 yaşlı İbrahim Abdullayevdir. O, öz təşəbbüsü ilə layihəyə qoşuduğunu bildirib:

“Hamı burada mənim balalarım, nəvələrimdir. Burada özümü çox yaxşı hiss edirəm”.

Qeyd edək ki, yaşlı könüllülər 1 ay ərzində “Könüllülüyün yaşı yoxdur” şüarı altında uşaqlar üçün ayrılmış oyun guşəsində uşaqların qeydiyyatının aparılması və onlara nəzarətin həyata keçirilməsi, vətəndaş axınının idarə olunması, müraciətlərin müvafiq bölmələrə yönləndirilməsi, vətəndaşlardan xidmətlərlə bağlı rəy sorğularının götürülməsində və s. işlərdə yardımçı olacaqlar.

Layihənin məqsədi ASAN Könüllülük Məktəbi vasitəsi ilə yaşlıları fəal yaşlılığa, təcrübə mübadiləsinə cəlb etmək, asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətdə aktiv rol oynamağa dəvət etmək, onlara sosial inteqrasiya və yeni insanlarla tanış olmaq imkanı yaratmaqdır.

Xəyalə Məmmədova / METBUAT.AZ

Fotolar: Şəmistan Məmmədov



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR