Nazirlikdən kartofun qiymətinin bahalaşması xəbəri ilə bağlı

"Qəbul olunan qərar kartofun yalnız topdansatış qiymətinə təsir etmiş olur, pərakəndə satışa isə təsir etmir".

Metbuat.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib.

O bildirib ki, Nazirlər Kabinetinin kartof idxalına tətbiq etdiyi gömrük tarif dərəcələrini artırması ölkəyə xaricdən kartof idxalına qadağa qoyulması demək deyil. Tarif dərəcəsinin artırılması 1) ərzaqlıq kartofa şamil edilib, 2) iki aylıq müddəti əhatə edir, 3) toxumluq kartofa aid deyil, 4) daxili bazarı qorumaq, 5) yerli istehsalı dəstəkləmək, 6) fermerlərin maraqlarını müdafiə etmək məqsədi daşıyır. Ölkədə kartof istehsalının həcmi daxili tələbatı tam təmin etməyə imkan verir, hətta daxili tələbatdan daha çox kartof istehsal olunur. Qonşu İran və Türkiyədə milli valyutaların dəyərdən düşməsi ixracatı stimullaşdırıb, sahibkarlar məhsullarını xarici bazarlarda satmağa üstünlük verirlər. Daha doğrusu, buna məcbur qalırlar. Milli valyutası sabit olan Azərbaycan bazarı İran və Türkiyədən olan kənd təsərrüfatı məhsulları ixracatçıları üçün cəlbedicidir, lakin Azərbaycan bazarına maraq yerli istehsalçıların maraqlarına ziddir. Dövlətin də vəzifəsi ilk növbədə yerli istehsalçıların maraqlarını müdafiə etməkdir və Nazirlər Kabinetinin qərarı da buna xidmət edir. Yəni fermer aylarla əziyyət çəkib kartof becərir, İran və Türkiyədən kartof idxalı isə onların əziyyətini heçə endirir.

Qurum rəsmisi əlavə edib ki, problem təkcə xaricdən kartof idxalındadırmı? Xeyr, əsas problem vasitəçilərdədir, fermerdən sahədə məhsulu su qiymətinə alıb bazarlarda od qiymətinə satan dəllallarda, işbazlardadır. Onlar İrandan ucuz kartof gətirməklə yerli istehsalçını fakt qarşısında qoyur və məhsulunu dəyər-dəyməzinə satın alır. Nazirlər Kabinetinin qərarı isə vasitəçilərin qarşısında fermerin əlini daha da gücləndirmiş olur, vasitəçilər artıq fermeri xaricdən ucuz kartof gətirərək “qiyməti öldürmək”lə hədələyə bilmirlər.

İki məqama da toxunmaq lazımdır:
a) Qərar cəmi iki ay müddətinə, yəni məhsul yığımının yekunlaşdığı, sahələrdən topdansatışların ən çox həyata keçirildiyi sentyabr-oktyabr aylarını əhatə edir. Bu qərarın növbəti aylarda qüvvədə olması elə bir əhəmiyyət kəsb etmir, çünki kəndli öz məhsulunu bu iki ay ərzində artıq satmış olacaq.
b) Qəbul olunan qərar kartofun yalnız topdansatış qiymətinə təsir etmiş olur, pərakəndə satışa isə təsir etmir. Çünki vasitəçilərin (işbaz, dəllal, fürsətcil və s.) kəndlidən sahədən aldığı kartofun qiyməti ilə bazarda pərakəndə satışda realizə etdiyi qiymət arasında 2,3, bəzən 4 dəfə fərq olur. İndiki situasiyada vasitəçi fermerdən məhsulu daha baha almalı olacaq, qiyməti az da olsa fermer diktə edəcək, pərakəndə satış qiyməti isə indiki səviyyədə qalacaq, hətta məhsulun bolluğu pərakəndə satış qiymətlərini daha da ucuzlaşdıra bilər.

Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR