Play Store

Türkiyə Çanaqqala zəfərini qeyd edir - FOTO

Türkiyə Çanaqqala zəfərini qeyd edir - FOTO
08:12 24 Aprel 2015
162 Dünya
Ölkə mətbuatı
A- A+

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Türkiyədə Çanaqqala zəfərinin yüzüncü ildönümü münasibətilə silsilə dövlət tədbirlərinə start verilib. Ölkənin bütün küçə və meydanları bayramsayağı bəzədilib, şəhər və qəsəbələrdə mərasimlər keçirilib.

Bayram münasibətilə aprelin 23-də Ankarada Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün məzarı ziyarət olunub, Anıtqəbir önünə əklil qoyulub. Mərasimdə Türkiyənin dövlət və hökumət rəsmiləri, Böyük Millət Məclisinin üzvləri, Ankaradakı diplomatik korpusun rəhbərləri, xarici qonaqlar, ölkə ictimaiyyətinin görkəmli nümayəndələri, media mənsubları iştirak ediblər.

Çanaqqala zəfərinin yüzüncü ildönümü münasibətilə İstanbulda Barış Zirvəsi təşkil olunub. Zirvədə Azərbaycanı Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Milli Məclisin deputatları, görkəmli alimlər daxildir.

Üç hissədən ibarət Zirvə çərçivəsində Birinci Dünya müharibəsi və Çanaqqala döyüşlərinə dair müxtəlif sərgilər təşkil olunub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu Zirvədə təşkil olunan ayrı-ayrı toplantılarda çıxış ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğan Çanaqqala savaşında həyatlarını itirən bütün xalqların nümayəndələrinin xatirəsinin ehtiramla xatırlandığını bildirib. Bütün xalqlara və dövlətlərə sülh, əmin-amanlıq arzulayan Türkiyənin dövlət başçısı dünyadakı ikili standartlara toxunaraq qeyd edib ki, Türkiyə təkcə öz vətəndaşı olan ermənilərə yox, Ermənistandakı səfalətdən qaçaraq bu ölkəyə sığınan ermənilərə də qayğı ilə yanaşır. Uydurma “erməni soyqırımı” mövzusu ilə düşmənçilik toxumu səpən tərəflər isə əslində ermənilər üçün heç bir faydalı iş görmür. Rəcəb Tayyib Ərdoğan bildirib ki, Çanaqqala zəfərinin yüz ilinin “Barış” şüarı altında keçirilməsi Türkiyənin sülh və sabitlik tərəfdarı olmasının nümayişidir.

Baş nazir Əhməd Davudoğlu Çanaqqala zəfərinin müasir Türkiyənin həyatındakı tarixi rolundan bəhs edib. Xalqlar, ölkələr arasında sülh və dostluq əlaqələrinin əhəmiyyətindən danışan baş nazir müharibə və münaqişələrin heç kimə fayda gətirmədiyini vurğulayıb. O, 1915-ci il hadisələri üzərindən nifrət toxumu səpməkdə davam edən bəzi qüvvələrin olmasının təəssüf doğurduğunu qeyd edib.

Daha sonra Zirvə bədii hissə və ziyafətlə davam etdirilib.

Bayram tədbirləri aprelin 24-də Çanaqqalada davam etdiriləcək.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/336227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR