Azərbaycanda reklamlarla bağlı qadağalar növbəti müzakirələrə çıxarılır

Azərbaycanda reklamlarla bağlı qadağalar növbəti müzakirələrə çıxarılır
10:43 24 Aprel 2015
37 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir Azad Həsənli/

“Reklam haqqında” Qanun layihəsi üçüncü oxunuşda müzakirə edilmək üçün Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib.

Trend-in məlumatına görə, bu barədə qərar Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında qəbul edilib.

Qeyd edək ki, qanun layihəsində bir sıra qadağalar nəzərdə tutulur. Belə ki, yeni qanun layihəsinə əsasən, Azərbaycanda dərslik, dərs vəsaiti, tədris materialı, məktəb gündəliyi, dəftər, albom, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz. Həmçinin yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə onlara aid olmayan əmtəələrin, alkoqollu içkilərin reklamı qadağandır.

Bununla yanaşı, teatr tamaşasının gedişində və kinofilmlərin nümayişi zamanı reklamın yayımlanması qadağan edilir.

Yeni layihəyə əsasən, dövlət və bələdiyyə orqanlarının yerləşdiyi binalarda, tarixi və memarlıq abidələrinə aid edilmiş tikililərdə reklamın yerləşdirilməsi qadağan edilir.

Eyni zamanda, Azərbaycan ərazisində hərbi təyinatlı bütün növ silahların, texnikanın (icazə verilmiş ov və idman silahları istisna olmaqla) reklamı qadağan edilir. Yeni layihəyə əsasən, hərbi təyinatlı silahların və texnikanın reklamı Azərbaycanın xarici ölkələrlə hərbi-texniki əməkdaşlığı çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə və sərgilərdə ola bilər.

Həmçinin yeni qanun layihəsinə əsasən, mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil, səhiyyə müəssisələrindən ən azı 100 metr uzaqda olan reklam daşıyıcılarında yerləşdirilməlidir.

Yeni qanun layihəsində Azərbaycanda idman-mərc oyunlarının reklam vaxtının məhdudlaşdırılaraq axşam saat 23:00-dan səhər saat 07:00-a qədər yayımlanması, sosial reklamların isə səhər saat 09:00-dan axşam saat 00:00-a qədər yayımlanması təklif olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2387530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR