AMEA prezidenti: “İnternet mühitində elmi əsərlərin plagiatlığa və piratçılığa qarşı immuniteti çox zəifdir”

AMEA prezidenti: “İnternet mühitində elmi əsərlərin plagiatlığa və piratçılığa qarşı immuniteti çox zəifdir”
16:11 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Virtual dünyanın hüquqi tənzimləmə mexanizmlərinin olmaması səbəbindən İnternet mühitində elmi əsərlərin plagiatlığa və piratçılığa qarşı immuniteti çox zəifdir.
 
AMEA prezidenti, akademik Akif Əlizadə bu fikri “Azərbaycan 2020: gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf” adlı konfransda çıxışında bildirib. Akademik bildirib ki, alimlərimiz ölkədaxili qrantlarla yanaşı, beynəlxalq və digər ölkələrin qrant layihələrində iştirak edirlər:
 
 “Etiraf etmək lazımdır ki, əksər hallarda onların bu işlərinin nəticələrinə görə müəllif hüquqları və intellektual mülkiyyətlərin qorunması təmin olunmur. Alim və tədqiqatçılarımızın müəllif hüquqlarının və intellektual mülkiyyətlərinin lazımınca qorunmadığı şəraitdə onlar öz fəaliyyətlərində maddi stimuldan əhəmiyyətli dərəcədə məhrum olurlar. Bununla yanaşı, ölkəmizin iqtisadi təhlükəsizliyinə də müəyyən təhdidlər yaranır. Hazırda elmi fəaliyyət sahəsində əsas problemlərdən biri də plagiatlıqla, piratçılıqla və elmi etika məsələləri ilə bağlıdır. İnternetin meydana gəlməsi, mətnlərin rəqəmsallaşması, nüsxələrin çoxaldılmasının asanlaşması bu problemi daha da kəskinləşdirmişdir. Bunun qarşısının alınması üçün mənəvi-etik, hüquqi və texnoloji tədbirlər görülməlidir. Biz bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirməliyik”.
 
Onun sözlərinə görə, alimlərimizin müəllif hüquqlarının və intellektual mülkiyyətinin qorunması ilə bağlı əsas vəzifələrdən biri Ümumdünya Əqli Mülkiyyət Təşkilatının və digər beynəlxalq qurumların tövsiyələrini, xarici təcrübəni nəzərə almaqla, müvafiq qanunvericilik bazasının möhkəmləndirilməsi ilə bağlıdır:
 
“Azərbaycanda bu sahədə mühüm işlər görülüb, müxtəlif konseptual sənədlər, normativ-hüquqi aktlar qəbul edilib. Həmçinin hazırda “Elm haqqında” Qanun layihəsi də Milli Məclisdə müzakirə olunur. Bildiyiniz kimi, bu, bir çərçivə qanunudur. Növbəti mərhələdə biz ölkədə biliklər iqtisadiyyatının, innovativ mühitin formalaşması üçün bir sıra spesifik qanunların, digər normativ-hüquqi sənədlərin qəbul olunub tətbiq edilməsinə nail olmalıyıq. O cümlədən, biliklər iqtisadiyyatının hüquqi əsaslarından biri olan “İntellektual mülkiyyət haqqında” Qanunun qəbul edilməsi üçün maraqlı qurumlar birgə fəaliyyət göstərməlidirlər. Bu sahədə başlıca problemlərdən biri də kadr hazırlığı, yüksəksəviyyəli mütəxəssislərin yetişdirilməsi ilə bağlıdır. Biz həmçinin elmi kadr hazırlığında informasiya və biliklər cəmiyyətinin tələblərini nəzərə almalı, alim və mütəxəssislərimizdə müvafiq mədəniyyətin, təfəkkürün formalaşdırılması üçün mühüm işlər görməliyik. Alimlərimiz patent və müəllif hüquqları sahəsində zəruri biliklərə malik deyillər.  Çünki bu biliklərə sahib olmaq üçün fəaliyyətdə olan elə bir mexanizm də yoxdur, yəni orta, ali və doktorantura təhsili pillələrində müvafiq biliklər tədris olunmur”.
 
Onun fikrinə görə, ilk növbədə, hüquq təhsili sistemində müəllif hüquqlarının və alimlərimizin intellektual mülkiyyət hüquqlarının yüksək səviyyədə qorunması üçün müasir tələblərə cavab verən peşəkar kadrlar yetişdirilməlidir:
 
“Bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilməli və onun tətbiqi üçün səylərimizi səfərbər etməliyik. Yeri gəlmişkən qeyd edim ki, biz bu günlərdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Akademiyasının ölkəmizdə səfərdə olan nümayəndələri ilə görüşdük və əhəmiyyətli müzakirələr apardıq. Bu Akademiya dünya ölkələrində müəllif hüquqları və intellektual mülkiyyət sahəsində biliklərin tədrisi üzrə müxtəlif formatlı təlim kursları təşkil edir. Onlar bizimlə görüşdə də müxtəlif təlim modelləri təklif etdilər. Hesab edirəm ki, biz Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Müəllif Hüquqları Agentliyi ilə birlikdə belə kursları ölkəmizdə də təşkil edə bilərik”.
 
 
Həqiqət İSABALAYEVA


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-36401-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR