Ərdoğan 19 ildən sonra Moldovaya ilk rəsmi səfər edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moldovaya iki günlük rəsmi səfər edib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Ərdoğan səfər çərçivəsində Moldova prezidenti İqor Dodonla görüşüb. Ərdoğan bildirib ki, bu, mərhum prezident Süleyman Dəmirəlin səfərindən 19 il sonra ilk rəsmi səfərdir. Dövlət başçısı, iyunun 24-də Türkiyədəki seçkilərdən sonra Dodonun onun andiçmə mərasiminə qatılmasına görə təşəkkürünü bildirib.

Türkiyə prezidenti bildirib ki, Moldova ilə ikitərəfli münasibətləri müzakirə etmək imkanı qazanıblar: “Moldovanın suverenliyinin və ərazi bütövlüyünün qorunması çox vacibdir. Bizim münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb. Strateji tərəfdaşlar həyati maraqlar məsələsinə gəldikdə tərəddüdsüz bir-birinə dəstək verirlər. Moldovadan xüsusilə də FETÖ məsələsində dəstək gözləyirik”.

Qeyd edək ki, iki günlük səfər çərçivəsində Ərdoğan parlamentin spikeri Andrian Kandu və baş nazir Pavol Filipp ilə də görüşlər keçirəcək. Səfər çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlığa dair bir sıra sənədlər imzalanacaq. Rəcəb Tayyib Ərdoğan, həmçinin Türkiyə hökumətinin maliyyə dəstəyi ilə bərpa edilən Moldova Prezidenti Administrasiyasının binasının açılışında da iştirak edəcək. Səfərin ikinci günü isə Ərdoğan Moldovanın cənubuna gedərək bir sıra sosial obyektlərin açılış mərasimlərinə qatılacaq.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR