Yunanıstanın xarici işlər naziri istefa verdi

Yunanıstanın xarici işlər naziri Nikos Kocyas istefa verib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir Aleksis Çipras, Kocyasın istefasını qəbul edib. Hökumətdən verilən açıqlamada bildirilir ki, Makedoniya ilə aparılan ad məsələsindəki Prespa razılaşmasına dair bütün səylər bundan sonra Baş nazir Çipras tərəfindən aparılacaq.

Kocyasın Makedon problemində yaranan mübahisələr səbəbilə istefa verdiyi deyilir. Xarici işlər naziri, dünənki kabinet iclasında müdafiə naziri Panos Kammenosla Makedoniyanın adı məsələsinə görə çox sərt mübahisə edib.

Yunan mətbuatındakı məlumatlara görə, Kammenos Kocyası macar əsilli amerikalı milyarder Corc Sorosun adamı olmaqda və nazirliyin fondlarını pis idarə etməkdə günahlandırıb. Kocyas isə Çiprasın bu ittihamlar qarşısında səssiz qalmasına əsəbiləşib. Çiprasın məsələ ilə bağlı açıqlama verəcəyi gözlənilir.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR