Bakı, 25 aprel, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, habelə hərbi təhsilə marağın artırılması məqsədilə xüsusi təyinatlı təhsil müəssisələrində keçirdiyi görüşlər çərçivəsində aprelin 25-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Bakının Səbail, Qaradağ, Xəzər, Suraxanı rayonlarından təhsildə fərqlənən 100-ə qədər yuxarı sinif şagirdi iştirak edib.
Tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov qeyd edib ki, bu görüşlər yeniyetmələrin, gənclərin dövlət rəmzləri, tarixi torpaqlarımız haqqında biliklərinin artırılması baxımından əhəmiyyətlidir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik-leytenant Azər Babayev hərbi vətənpərvərlik təbliğatı ilə bağlı bir çox tədbirlərin keçirildiyini, bu işin bundan sonra da davam etdiriləcəyini bildirib.
Sonra FHN-in Akademiyasının fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib, şagirdlər burada yaradılan şərait, tədris prosesi ilə tanış olublar.