Əfəndim Cavid - DİLRUBƏ yazır

Naxçıvana ən çox ona görə getmək istəyirəm ki, Cavidin məqbərəsində olum.

Naxçıvanı "Sirab"ı, "Badamlı"sı ilə yox, Nəimisi, Cavidi, Cəlili ilə sevdim. Yurdumun tək lideri Heydər Əliyevə görə sevdim. Cavidin məzarının qürbətdə olmağına dözmədi. Çiyinlərində nəşini gətirib, Naxçıvan torpağına qovuşdurdu. Millətinin hər bir ziyalısına önəm verdiyi üçün ən böyük ziyalısı oldu, Heydər Əliyev. “Cavidi xatırlarkən” - illər öncə bir kitab rastıma çıxmışdı. Cavidi oxuyandan sonra anlayırsan ki, onu unutmaq olmaz.

Cavid təkcə əsərlərində yox, xatirələrdə yox, Azərbaycan mədəniyyətində yaşayır. Dərin fəlsəfi biliklərə sahib olan Cavid Hötenin "Faust"da həll edə bilmədiyi problemi “İblis”də açdı. "Səyavuş" pyesi ilə İran-Turan savaşının məğzini anlatdı. “Topal Teymur”da türkün ən böyük bədbəxtliyini çözdü.

Mən təpədən dırnağa türkəm və anlayıram ki, "Turanda qılıncdan ulu bir qüvvət, Həp mədəniyyət, mədəniyyət, mədəniyyət…"

Bu mədəniyyətin ən böyük elçilərindən biri Cavid əfəndi idi.

"Peyğəmbər" pyesini yazan Cavid, bütün dini biliklərdən xəbərdar olduğunu göstərir. Ardınca da deyir ki, "Mənim tanrım gözəllikdir, sevgidir". Mən onun insana olan sevgisini "Şeyx Sənan"da, "Uçurum"da, "Knyaz"da gördüm. Amma ən böyük sevgisi Müşkinaz xanım oldu. Bəlkə də, Azərbaycan tarixində barmaqla sayılası qadınlardan biri idi ki, həyat yoldaşının necə ziyalı olduğunu bilirdi.

Cavid əfəndi hər cümləsinə, hər ifadəsinə canını qoyurmuş. Bəlkə də 37-ci il olmasaydı, Cavid əfəndi sürgünə göndərilməsəydi, hər şey başqa cür olardı.

Amma məmləkətimin mədəniyyətində hər şey başqa deyil. Cavidlər, üzeyirlər dövrü var idi. İndi kimin dövrü var?

Bircə şairimiz var idi ki, dövrü olsun. Onu güllələmədik, sürgün etmədik, xəstəxanalıq etdik. Müalicə edib, bircə müsahibə ilə onu yox, dövrümüzü dəfn etdik. Mən Aqşini deyirəm. Elə-belə yadıma düşmədi. Cavidi xatırlarkən, yadıma əsil şairlər düşür. Cavidi xatırlarkən, bax, bir az sonra heykəli önünə gedəcəm, gül qoymadan, baş əymədən ürəyimdə deyəcəm: “Sən fəqət hüsnü-xuda şairisən, yerə ensən də mənim üçün həmişə səma şairisən”.

Heç olmasa, bircə gün Cavidi anaq. Cavid kimi türkçü olaq.

Rahat uyu, ustad.

Dilrubə Vaqifzadə/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı