Şəmkir, 26 aprel, Samirə Allahverdiyeva, AZƏRTAC
Şəmkirdə Avropa çempionu, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ikinci beynəlxalq şahmat turniri yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, Memorialın qalibi hazırkı dünya çempionu Maqnus Karlsendir. O, yekun turda Azərbaycan qrossmeysteri Rauf Məmmədovu məğlubiyyətə uğradıb. Beləliklə, Norveç şahmatçısı ikinci dəfə superturnirin qalibi olub. Qeyd edək ki, yekun partiyada Maqnusu heç-heçə nəticə də qane edirdi. Lakin norveçli şahmatçı bu hesabla razılaşmayaraq oyunu qələbəyədək davam etdirib.
On beşinci dünya çempionu Vişvanatan Anand turnirin gümüş, italyan Fabiano Karuana isə bürünc mükafatını qazanıb.
Superturnirin mükafat fondu 100 min avrodur.