​Mədə kiçiltmə əməliyyatı xərçəngə səbəb olur? – Ümumi cərrahla MÜSAHİBƏ / FOTOLAR

Metbuat.az-da “Aysellə Sağlam Yaşa” layihəsi çərçivəsində ölkənin savadlı və ixtisaslaşmış həkimlərini studiyamıza qonaq edirik.

Budəfəki qonağımız Mərkəzi Klinik xəstəxananın ümumi cərrahı Vüsal Abdullayev olub.

-Həkim olmağa necə qərar verdiz?

-2002-ci ildə Azərbaycan Tibb Universitetininin “Müalicə İşi” fakültəsinə qəbul olunmuşam. 2008-ci ildən Qazaxıstan Dövlət Tibb Akademiyasında Ümumi Cərrahiyyə üzrə ixtisaslaşmışam. 2010-cu ildən Mərkəzi Klinik xəsətəxanada fəaliyyətə başlamışam. 2018-ci ilin mart ayından etibarən 7 aylıq Türkiyənin Medikal Park xəstəxanasında Bariatrik-Metobalik cərrahiyyə üzrə təkmilləşdirmə kursunda iştirak etmişəm. Artıq fəaliyyətimi yenidən Mərkəzi Klinik xəstəxanada davam etdirirəm.

Bu sahəyə sevgim olduğu üçün öz istəyimlə seçmişəm. Ailədə böyük qardaşım tibb sahəsində fəaliyyət göstərir.

-Ümumi cərrah olaraq hansı əməliyyatları icra edirsiniz?

-Ümumi cərrah olaraq bariatrik, metabolik, hər növ açıq və qapalı əməliyyatları edirik. Daha ətraflı desək,

1. Mədə kiçiltmə, Mədə botoksu, Mədə balonu,

2. Mədə ByPass, Mədə Transit Bipartision, Duodenal SWITCH,

3. Laporoskopik həzm sistemi əməliyyatı, laporoskopik yırtıqların təmiri,

4. Endokrin cərrahiyyə,

5. Koloproktoloji əməliyyatlar,

6. Açıq və lazer üsulu ilə Babasil (Hemoroid) və fistulların müalicəsi,

7. Anal çatlarda botoks müalicə, diaqnostik, terapevtik və endoskopik işləmlər və s.

-İlk etdiyiniz əməliyyat nə olub?

-İlk etdiyim əməliyyat qasıq yırtığının ləğvi olub.

- Dövrün bəlası köklükdən danışaq. Niyə kökəlirik?

- Qəbul etdiyimiz hər bir qida orqanizmdə enerjiyə, artıq qalanı isə piy toxumasına çevrilir. Bu səbəbdən maddələr mübadiləsinin pozulması artıq piyin bədəndə toplanmasına səbəb olur və kökəlmə ilə nəticələnir. Yanlış həyat tərzi, stress, genetik meyillilik, fizikiaktiv həyat keçirməmək, endokrin xəstəliklər də piylənməyə gətirib çıxarır. Bu səbəbdən də aktiv həyat tərzi keçirməyən insanlar daim enerjilərini nəzarət altında saxlamalıdır. Bunun baş verməməsi üçün gündəlik qəbul edilən qidanı 5-6 hissəyə bölmək və səhər yeməyini yuxudan durduqdan 30-50 dəqiqə sonra yemək lazımdır.

Köklük (Piylənmə) dünyada olduğu kimi ölkəmizdə də çox ciddi sağlamlıq problemi olaraq qarşımıza çıxır. Köklüyün sadəcə artıq çəkidən ibarət olmadığı, xüsusilə, Tip 2 şəkər xəstəliyi, Hipertoniya, xolestrol yüksəkliyi, astma, sidik qaçırması kimi sağlamlıq problemlərinə səbəb olduğu məlumdur.

- Bariatrik əməliyyatlardan danışaq. Mədə kiçiltmə əməliyyatı kimlərə tətbiq edilir?

- Hər bir insanın bədən kütlə indeksi var. Kütlə indeksini hesablamaq üçün insan çəkisini bölməlidir boyunun kvadratından alınan rəqəmə. Əgər bədən kütlə indeksi 20-25-dirsə, insan normal çəkidədir. 25-30 olduğu halda artıq biz kökəlməyə başlayırıq, bədən kütlə indeksi 30-35 olarsa, 1-ci dərəcəli piylənmə baş verir. Bu rəqəm 35- 40 arasındadırsa, idman, pəhriz və s. aparılan arıqlama tədbirləri effekt vermirsə, həmçinin yanaşı gedən bir sıra xəstəliklər yaranırsa o zaman əməliyyat tövsiyə olunur.

- Mədə kiçiltmə əməliyyatı xərçəngə səbəb ola bilər?

-Mədə kiçiltmə əməliyyatının xərçəng xəstəliyinə səbəb olduğu ilə bağlı hər hansı elmi tədqiqat yoxdur. Əksinə, piylənmə orqanizmdə xərçəng yaratma qabiliyyətinə malikdir.

- Mədə kiçiltmə əməliyyatından sonrakı müddət necə olmalıdır?

-Əməliyyatdan bir gün sonra xəstə ayağa qaldırılır. Bu ağırlaşmaların qarşısını almaq üçün önəmlidir. 160 kiloluq pasiyent daimi uzanıqlı vəziyyətdə qaldığı zaman onun ağciyərlərində, ürək-damar sistemində müəyyən problemlər yarana bilər. Buna görə pasiyenti qaldırıb gəzdiririk. 2-ci gün 48 saat ərzində ona xüsusi maye içiririk, rentgen müayinəsi edirik. Bundan sonra pasiyent qidalanmağa başlayır. Mədə kiçiltmə əməliyyatlarının özünün standartları var. Yaxın 2 həftə ərzində pasiyent maye qəbul edir. Meyvə şirələri, süd, ayran, çay, su içir. 2 həftədən sonra qidaların qatılığını artırırıq. Kiçik qurtumlarla, fasilələrlə gün ərzində xəstə maye qəbul edə bilər. Mannı sıyıqlar, düyü yarmasının sıyıqları, mərcimək şorbası və.s qidalar veririk. Ayranın içərisinə blenderdən keçirib göyərti əlavə edirik. 3-cü həftədən püre, içi boşalmış yumurta, banan əzməsi, 4-cü həftədən artıq milli yeməklərdən dolmanın içi, küftə yemək olar. Amma yenə biz xəstələrə deyirik ki, kiçik udumlarla çox çeynəyərək qidanı qəbul etməlisiniz. 5-ci həftədə isə pasiyent əvvəl nə yeyirdisə, o yeməklərdən rahatlıqla yeyə bilir. 5 həftədən sonra isə yeməklərə qadağa qoymuruq. Ancaq pasiyentlərə tövsiyə edirik ki, qazlı içkilər, hazır qidalardan uzaq dursunlar. 10-18 ay ərzində aparılan əməliyyatın növündən asılı olaraq arıqlama baş verir.

- Bariatrik cərrahiyyədə Mədə Botoksu və Mədə Balonu üsullarından nə zaman istifadə edilir?

-Yüksək çəkili insanların əməliyyat riskini azaltmaq üçün tövsiyə etdiyimiz üsuldur. Əzələləri iflic edən, əzələlərə yeridilən botoks mədənin yığılmasını əngəllədiyi üçün yediyimiz qidaların mədəmizdə daha uzun müddət qalmasını təmin edir. Bunun nəticəsində yemək yemə ehtiyacı azaldığı üçün insanlar çəki verirlər. 6 ay ara ilə ildə iki dəfə olunması tövsiyə edilir. 4-6 saat içiərisində pasiyentlər normal həyata qayıdırlar. Nəticə etibarilə 100 kiloluq xəstə asanlıqla 85-80 kiloya düşə bilir.

Mədə balonu ilə müalicə isə 10-15 kiloqram artıq çəkisi olanlara tətbiq edilir. Hər hansı qalıcı iz buraxmır. Təxminən 17 faiz çəki verdirir. Ancaq balon taxıldıqdan 6-12 ay sonra çıxarılmalıdır.

- Həkim, metabolik cərrahiyyədən də danışaq. Son dövrlər Şəkər əməliyyatları geniş yayılıb. Şəkər əməliyyatı necə icra edilir?

-İleal İnterpozisyon Əməliyyatı laparoskopik (qapalı üsulla) olaraq qarında açılan 1 sm-lik kiçik kəsiklə edilir. Qarın kəsilmədiyi üçün əməliyyat sonrası yaxşılaşma çox sürətli olur. Əksər hallarda xəstələr əməliyyatdan sonra ambulator müalicəyə alınır və anesteziyanın təsiri keçdikdən sonra dərhal yeridilməyə başlayırlar. İkinci yada üçüncü gündə sulu qidalara başlanır və ortalama 4-5 gün sonra normal bir şəkildə xəstəxanadan buraxılır. Qan şəkərində düzəlmə daha xəstəxanadan çıxmadan ilk günlər başlayır. Xəstələrimizin on faizə qədəri ilk bir neçə həftə gərək olduqda kiçik dozalarda insulin qəbul edirlər. Bunlarda, ilk bir aydan sonra tamamilə insulindən azad olunmuş halda həyatlarına davam edirlər.

- Kimlərə tətbiq edilir?

-Şəkər əməliyyatı 18-70 yaş arasındakı 2-ci Tip Diyabetli xəstələrə tətbiq olunur. Şəkər xəstəliyi ilə mübarizədə çətinlik çəkən, yemək yeməyi çox sevən, həyat şəklini dəyişdirə bilməyən, getdikcə daha çox dərman istifadə etmək məcburiyyətində qalan və insulinə baxmayaraq görmə pozuqluğu, ürək böhranı, damar tıkanıklığı, böyrək qeyri-kafiliyi başlanqıcı kimi ağır çətinliklər yaşayan xəstələr bizim əsas hədəfimizdir. Bu qədər ağır xəstələrdə xüsusilə İleal İnterpozisyon baxımından qiymətləndirmək çox əhəmiyyətlidir çünki, irəliləməyə maneə olacaq ən təsirli üsul Şəkər əməliyyatıdır.

- Son olaraq insanlara nə tövsiyə edərdiz?

-Sağlam qidalardan istifadə edin, lifli, paxlalı qidalar yeyin, çoxlu meyvə-tərəvəz istehlak edin. Süni qidalardan, fəstfudlardan uzaq durun. Gündə ən azı 1,5 l – 2 l su içmək tövsiyə olunur. Qidalarla yanaşı sağlam həyat tərzi üçün idmanla da məşğul olmaq lazımdır.

Aysel Yaqubqızı / METBUAT.AZ

Fotolar : Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı