Öd kisəsi xəstəlikləri bu səbəblərdən yaranır - VİDEO / MÜSAHİBƏ

Yəqin ki, sizin də ətrafınızda ödü çıxarılan tanışlarınız var. Bu hala son dövrlərdə daha çox rast gəlinir.

Öd kisəsi xəstəlikləri hansılardır və onları yaradan səbəblər nələrdir? Mövzu ilə bağlı Metbuat.az Səhiyyə Nazirliyinin baş terapevti Yaqub Qurbanovla müsahibəni təqdim edir:

- Öd nədir?

- Öd qaraciyərdə əmələ gəlib öd vasitəsi ilə öd axacağından axıb öd kisəsinə toplanır. Öd vaxtaşırı qida qəbulu zamanı onikibarmaq bağırsağa daxil olur və qidanın həzmində iştirak edir. Bu proses bir qədər başqa orqanlardan fərqlidir. Qida qəbulu olmadıqda öd kisəsinə toplanmış öd uzun müddət durğunluq şəklində orada qalır. Bu da gələcəkdə öd kisəsi xəstəliklərini əmələ gətirən durğunluq problemi yaradır. Normal halda öd kisəsi 1 dəqiqə ərzində 2-3 dəfə ödü vermək üçün yığılır. Bağırsağa qida daxil olanda (xüsusilə, yağlı qidalar) öd kisəsi yığılmağa başlayır, daxilində təzyiq əmələ gəlir və ödü onikibarmaq bağırsağa ifraz edir. Qidanın tərkibində yağlılıq qurtaranda mexaniki olaraq öd daxil olması kəsilir. Qida qəbulu zamanı yenidən ödün öd kisəsinə toplanması adətən, gecələr baş verir.

- Ödün əsas funksiyası nədir?

- Daxil olmuş yağları emusiya halına gətirir, yəni durulaşdırır. Durulaşdırılmış öd də lipaza fermentini aktivləşdirir, bu da yağları parçalayır (qliserin, yağ turşularına). Öd turşuları da yağ turşularını bağırsaqda birləşdirir və qana sovuraraq öz funksiyasını bərpa edir.

Orqanizmin həcmindən, yaşdan asılı olaraq sutka ərzində fərqli miqdarda öd ifraz olunur.

- Öd kisəsi xəstəlikləri hansılardır?

- Öd kisəsi xəstəlikləri müxtəlifdir, əsasən iltihabi xəstəliklər var ki, buna elmi dildə “xolesistit”deyilir. Iltihabi xəstəliklər öd kisəsinin kəskin, xroniki iltihabı və öd daşı xəstəliklərinə bölünür. Doğrudur, bu terminlərə bəzən ədəbiyyatda daşsız "xolesistit"lər də deyilir. Bunun əhəmiyyəti yoxdur, çünki iltihab daşlı olduqda da, olmadıqda da var.

- Öd kisəsi xəstəliklərinə gətirib çıxaran səbəblər nələrdir?

- Xəstəliklərin əmələ gəlməsində öd durğunluğuna meyillik yaradan səbəblər var. Öd kisəsində ödün lazımi səviyyədə boşalmasına mane olan səbəblər- bunlara öd daşı xəstəlikləri (daşlar əmələ gəlib öd yollarını tuta bilər) digər tərəfdən diskineziyanı nümunə göstərə bilərik. Nədir, diskineziya? Öd yolları, öd kisəsi sinir sistemi vasitəsilə tənzim olunur, bəzi əsəbi adamlarda öd kisəsi yığılır və öd yolları açılır. Yığılan öd onikibarmaq bağırsağa daxil olur. Amma bəzən kordinasiya pozulur, hər ikisi yığılır və yollar bağlanır. Diskineziyanı əmələ gətirən səbəblər nələrdir? Məsələn, simpatik və parasimpatik sinir sistemlərinin tənzimi pozulanda, daxili endokrin vəzilərin bu və ya digər səbəbdən funksiyası pozulduqda diskineziya əlamətləri baş verir. Öd kisəsi ümumiyyətlə, həzm sisteminə çox bağlıdır, çünki onun funksiyalarından əsası həzmdir.

Bəzi insanlar çox acılı, yağlı qidalar qəbul etməməyinə rəğmən, onlarda ağrılar əmələ gəlir, öd kisəsində problemlər yaranır. Həmin insanlar diskineziya anlayışını, yəni ödün ifrazının kordinasiyasının pozulmasını nəzərə almalıdır.

Öd xəstəliklərinə gətirib çıxaran amillərdən biri də oturaq həyat tərzi, hərəkətsizlikdir. Piyli insanlarda qarın boşluğunda piyin miqdarı çox olduqda diafraqmanı yuxarı qaldırır və öz növbəsində öd kisəsini sıxır, durğunluq əmələ gətirir. Durğunluq olduqda öd kisəsində ödün kalloid sistemi pozulur, sanki qatılaşma gedir, bu da iltihabi proseslərin xroniki, kəskin iltihabi xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Ümumiyyətlə, yadda saxlamaq lazımdır ki, qarın boşluğunda təzyiqin artmasına səbəb olan bütün hallar öd durğunluğuna şərait yaradır.

- Kəskin iltihabi xəstəlik (kəskin xolesistit) necə yaranır?

- Kəskin bakterioloji, virus faktorlarının, bir sıra allergiyaların və toksiki maddələrin təsirindən öd kisəsində kəskin iltihab əmələ gəlir. Iltihablanmanın özünəməxsus əlamətləri meydana gəlir. Öd kisəsində əmələ gələn iltihabi prosesin kliniki əlamətləri ona qonşu olan həzm sistemi orqanlarının xəstəlikləri zamanı baş verən sancılara, ağrılara oxşayır. Ağrılarla yanaşı bəzi əlamətlər (ürəkbulanma, qıcqırma, qusma) həm mədə-bağırsaq, həm də öd kisəsi xəstəliklərində olur. Fərqləndirici diaqnostika üsulu ilə həkimlər bunu dəqiqləşdirir.

Məsələn, ağrı simptomu kəskin xolesistitdə öd daşında olduğu kimi kəskin olmur. Doğrudur, ağrı sağ qabırğaaltı nahiyədə yerləşir, hətta sağ çiyinə, sağ kürəyə, bəzən körpücük sümüyünə ötürülə bilər. Belə ağrılar öd daşı xəstəliyində də olur. Fərqləndirmək üçün bəzi tədbirlərə əla atırlar. Belə ki, öd daşı xəstəliyində ağrını kəsmək üçün spazmı aradan qaldıran dərmanlar vurulur. Hər hansı nahiyəyə istiqac qoyurlar. Ancaq iltihabın gedişini artıra bildiyi üçün istiqacı kəskin xolesistit zamanı qoymaq olmaz.

- Xroniki iltihabi xəstəlik (xroniki xolesistit) necə əmələ gəlir?

- Kəskin xolesistit lazımi səviyyədə müalicə olmadıqda xronikləşir. Həmçinin, uzun müddət qida rejminin pozulması, soyuqdəymə və s. hallarda xroniki xolesistit əmələ gəlir. Bu xəstəlik 40-60 yaş aralığındakı insanlarda, xüsusilə qadınlarda daha çox rast gəlinir. Burada öd durğunluğu daha çox olur. Ödün tərkibinin, maddələr mübadiləsinin dəyişməsi, iltihabi prosesin olması cəmləşərək xəstəliyin inkişafına səbəb olur.

- Öd daşı xəstəliyini yaradan səbəblər nədir?

-Öd daşı xəstəliyinin əsas səbəbi ödün qatılaşmasıdır. Ödün tərkibindəki xolestrin, piqment və s. maddələr kalloid sistemi əmələ gətirir. Bəzən elə proses baş verir ki, bu sistem pozulur, maddələr çökür və qatılaşır. Öd daşının yerləşməsi müxtəlifdir: öd kisəsində, ümumi öd axacağında və öd kisəsinin axacağında yerləşə bilər. Xəstəliyin fəsadları, intensivliyi daşların növündən asılıdır. Adlarını çəkdiyim maddələrdən (xolestrin, piqment) hansı çoxdursa, həmin tərkibli daşlar əmələ gəlir.

- Öd xəstəliyinin müalicəsi var?

- Ümumiyyətlə, öd xəstəliklərinin müalicəsi mümkündür. Müalicə zamanı xəstəliyin başlama müddətindən asılı olaraq ödqovucu preparatlar təyin olunur. Dərman təyin edərkən ödə qonşu olan orqanların xəstəlikləri də diqqətdə saxlanmalıdır ki, birinə müsbət təsir edib digər orqana ziyan vurmasın. Öd xəstəlikləri artıq kəskinləşdiyi halda öd kisəsi büzüşməyə başlayır, bu halda əməliyyat qaçınılmaz olur.

- Öd xəstələri nələrə diqqət etməlidir?

Həm xroniki, həm kəskin, həm də öd daşı xəstəliyində xəstə əsas pəhrizi gözləməlidir. Gündə 4-5 dəfə az-az qidalanmalı, acı, turş, yağlı qidalardan, spirtli içkilərdən uzaq durmalıdır.

Aysel Yaqubqızı / Metbuat.az

Eyyub Hüseynov: "Azərbaycanda təhlükəli yağlar satılır" - VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı