"Gözdə qızarıqlıq bu xəstəliklərin əlaməti ola bilər" - Professorla MÜSAHİBƏ / FOTOLAR

Metbuat.az-ın budəfəki qonağı tibb elmləri doktoru, professor, oftalmoloq, azərbaycanlı şair Paşa Qəlbinurdur.

Paşa Qəlbinur (Musayev) 1952-ci il martın 30-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində qulluqçu ailəsində anadan olub. Burada Müşfiq adına kənd orta məktəbini qızıl medalla bitirib. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsilini davam etdirib. Gəncə şəhər göz xəstəxanasında və 1 saylı uşaq poliklinikasında həkim-okulist işləyib. İ.M.Seçenov adına 1-ci Moskva Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının nəzdində əyani aspiranturada təhsil alıb. N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, həm də ictimai peşələr fakültəsində dekan müavini işləyib. Hazırda həmin kafedranın professoru, həm də kafedranın müdiridir.

Paşa Qəlbinur tibb elminə dair yüzdən çox elmi əsərin, on elmi kəşfin müəllifidir. On mindən çox cərrahiyyə əməliyyatı aparıb.

Metbuat.az professor Paşa Qəlbinurla olan müsahibəni təqdim edir:

-Paşa müəllim, öncə göz xəstəliklərindən danışardız. Fəsil dəyişikliyi dövründə göz xəstəlikləri ilə bağlı müraciətlər artırmı?

- Ətraf mühitdə baş verən dəyişikliklər xüsusilə də, fəsillərlə bağlı olur. Hazırda, yay fəsli olduğu üçün çimərlik mövsümüdür. Çimərlikdə sudan keçən müəyyən törədicilər gözdə xəstəliklər yarada bilər. Fəsil dəyişikliyi dövründə göz allergiyaları, arzuolunmayan virus xəstəlikləri ilə bağlı müraciətlər daxil olur.

- Göz allergiyası nədir? Qarşısını necə alaq?

- Göz bədənin əsas orqanlarından biridir. İmmun sistemi nə qədər güclü olsa, göz də bir o qədər sağlam olar. Ancaq ətraf mühitin dəyişiklikləri, qidalarda olan keyfiyyətsizlik, geni dəyişdirilmiş məhsullar, ətraf mühitin çirklənməsi, ekoloji dəyişiklik insan orqanizminə, həmçinin gözə mənfi təsir edir. Ən çox rast gəlinən xəstəliklərdən biri göz qişalarının allergiyasıdır. Göz allergiyası əslində ciddi fəsadlara yol açmasa da, insanı narahat edən problemdir. Xüsusilə yazın gəlişi ilə əlaqədar bu problem özünü daha qabarıq şəkildə büruzə verir. O, gözün ağ hissəsinin və göz qapağının qızarması ilə ortaya çıxır. Gözlərin qaşınması, sulanması görüntünün bulanıq olması, gözlərdə yanma hissi, göz qapaqlarının şişməsi və işığa həssaslıq da əsas əlamətlər sırasına daxildir. Allergiyanın müalicəsində göz damcılarından istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməkdə fayda var.

-Göz içi qızarıqlıqlar nədən yaranır?

- Göz içi qızarıqlıqlar, göz damarlarının genişləyərək verdiyi təsir nəticəsində yaranır. Göz xəstəlikləri ən çox qızarıqlıq, qanama, yanma, qaşınma, batmaq, şişlik, ağrı və bulanıq görmə kimi əlamətlərlə özünü göstərir. Bu simptomlar əksər zaman infeksiya ya da allergiya səbəbləri ilə ortaya çıxar. Əgər sizin də belə narahatlığınız varsa, mütləq həkimə müraciət edin.

-Göz zəifliyi nədən yaranır? Yaşla əlaqəsi varmı?

- Göz zəifliyi çox vaxt irsi keçir. Həmçinin ana bətnində baş verən proseslər uşağın göz xəstəlikləri ilə doğulmasına səbəb ola bilər. Sonradan yaranan göz zəifliyi isə insanın təbiətlə, cəmiyyətlə təması nəticəsində əmələ gəlir. Görmə zəifliyi xəstəlik deyil, refraktiv qüsurdur. Yaxını aydın, uzağı bulanıq görmə miyopiya, yaxında yerləşən obyektləri bulanıq, uzağı isə normal görməyə hipermetropiya deyilir. Astiqmatizm isə gözün optik sisteminin defekti: gözün şüasındırma qüvvəsinin əsas meridianlarda eyni olmamasıdır. Bu xəstəlik dəqiq və aydın görməyə maneə törədir.

-Linza yoxa eynəklərə üstünlük verilməlidir?

- Eynək rahatdır, ancaq görünüş sahəsini daraldır. Kontakt linzaların müsbət xüsusiyyəti odur ki, görsənmir, kompleksli insanlar rahatlıqla istifadə edə bilir, mənfi xüsusiyyəti isə yad cism kimi gözün üzərinə geyindirməsidir. Kontakt linzaları uzun müddət taxdıqda gözün torlu qişasında problemlər yaranır. Daha sonra həmin xəstəni əməliyyat etdikdə effektli nəticə almaq olmur. Bunlar əməliyyat olunmaq istəməyənlər üçün alternativ üsullardır.

-Yenidoğulmuşlarda göz xəstəliklərinin qarşısını almaq üçün valideynlərə nə tövsiyə edirsiniz?

- Qədim dövrlərə nəzər salsaq çox az sayda uşaqlarda görmə qabiliyyətinin pozulmasına rast gəlmək olardı. Ancaq son onilliklər uşaqlar arasında göz xəstəlikləri artıb. Bunu elm-texnikanın inkişafı ilə əlaqələndirmək olar. Valideynlər uşaqlarını kompüter, planşet, mobil telefonların zərərli şüalarından uzaq tutmalıdır. Uşağın sağlamlığı üçün ana südü vacibdir. Əks halda körpələrə verilən əlavə qidalar onların sağlamlığına ciddi zərər verə bilər. 0-16 yaş qrupundakı uşaqların gözlərini qorumaq üçün 1 yaşadək onların gözləri müayinə edilməlidi. Məktəb illərində də azyaşlıların gözlərini mütəmadi müayinə etmək vacibdir.

-İşlə əlaqədar vaxtının çoxunu kompüter qarşısında keçirən insanlar var. Onlara nə məsləhət görərdiniz?

- Kompüter monitorlarının hamısında zərərli şüanı tutub saxlayan filterlər olur. Ancaq bu filterlər də tam olaraq şüanı saxlaya bilmir. Ona görə insanlara tövsiyə olunur ki, monitordan 70 santimetr uzaq məsafədə əyləşsinlər. Mobil telefonlarla, kompüterlə təması yalnız vacib işləri görmək üçün etsinlər. Gözün dibindəki torlu qişanı (retina) qoruyan vasitələrdən istifadə etmək lazımdır. Bunlardan biri də bacımla mənim ixtira etdiyimiz “Aktipol” dərmanıdır.

- Professor dərman haqqında məlumat verərdiniz...

-15 il əvvəl bu dərmanla bağlı geniş tədqiqatlar aparmışıq. Əvvəlcə heyvanlar daha sonra insanlar üzərində sınaqlar həyata keçirdik. “Aktipol” virus əleyhinə dərmandır. 13 fərqli təsir istiqaməti var. Faydalarından biri də şüanın zərərli təsirinin qarşısını alır. Rəsmi dərman preparatı olaraq dünyada istifadə edilir. Brüsseldə (Belçika) 51-ci Ümumdünya İxtiralar salonunda "Brüssel Evrika 2002" sərgisində "Oftalmologiyada yeni dərman preparatı Aktipol"un kəşfı Böyük qızıl medala və Belçika Maliyyə Nazirliyinin xüsusi prizinə layiq görülüb.

- Hazırda, daha çox hansı göz xəstəlikləri ilə bağlı müraciət edirlər?

Göz zəifliyi, katarakta, qlaukoma şikayəti ilə müraciətlər çox olur.

- Katarakta ( Mirvari suyu) nədir?

- Katarakta mərcimək boyda göz içində olan büllur cismdir. Çox maraqlıdır ki, saçlar, dırnaqlar hansı toxumadan yaranırsa, büllur da o toxumadan əmələ gəlir. İnsan yaşlandıqca həmin büllur öz gözəlliyini itirərək bulanmağa başlayır. Bu zaman görmə qabiliyyəti zəifləyir və bülluru dəyişməyə ehtiyac yaranır. Müasir metodlarla büllur kiçik dəlikdən keçirilməklə götürülür əvəzinə bükülə bilən büllur qoyulur. Əməliyyat heç bir tikiş qoyulmadan həyata keçirilir.

- Qlaukoma ( Qarasu) nədir?

Göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlikdir. El arasında “yüksək göz təzyiqi”, “qarasu” olaraq da tanınır. Çox pis xəstəlikdir. Qlaukoma əksərən irsi keçir. Əsasən 40 yaşından sonra özünü büruzə verir, bəzilərində 2-cili müəyyən xəstəliklərdən (şəkərli diabet, şiddətli anemiya, arterial təzyiq və s.) həmçinin, göz xəstəliklərindən sonra yaranır. Xəstəliyin müalicəsi var. Gecikmiş xəstələrdə yeganə çıxış yolu əməliyyatdır.

- Göz xərçənginin müalicəsi varmı?

-Bu da gözün qorxulu xəstəliklərindən biridir. Erkən aşkarlanarsa, xəstənin həyatını xilas etmək mümkündür. Əks halda korluqla, ölümlə nəticələnir. Bu yaxınlarda bir neçə belə xəstəm olub. Xəstələrə dəqiq dioqnoz qoyulduqdan sonra xəstəliyin mərhələsinə uyğun müalicə tətbiq edirik, bəzilərində isə orqan çıxarılmalı olur. Göz insan orqanizminin ən həssas orqanıdır. Gözdə hər hansı narahatlıq zamanı mütləq həkimə müraciət etmək lazımdır.

- Paşa müəllim, həm də şarisiniz. Biraz da yaradıcılığınızdan danışaq...

-Mənim sənətim göz həkimliyidir. Gözümü açandan görmüşəm ki, dayım kimlərisə əməliyyat edib gözünü açıb. Bu mənə romantik gəlib. Fəlsəfə, poeziya və təbabəti əlaqələndirərək çoxlu əsərlər yazmışam. Mən esselər də yazıram. Onlardan bir nümunə çəkmək istərdim. “CokondanIn sirri” və ya “Da Vinçi kodu” əsərim keçən il İngiltərədə çıxıb. Bildiyiniz kimi Cokondanın 400-dən artıq sirri var. Onun bir gözü gülür, o birində isə kədər var, üzündə xal, gözündə azacıq çəplik və s. hiss olunur. Bu sirlərin hər birini təbabətin qanunları ilə izah etmişəm, sübutlar vermişəm. Bu əsər də böyük əks-səda doğurub. Xarici dillərə tərcümə olunub. Ölkəmizdə bir çox Kütləvi İnformasiya Vasitələrində dərc olunub.

Paşa Qəlbinur ədəbi fəaliyyətə 1978-ci ildə "Ulduz" jurnalının 4-cü sayında çap etdirdiyi "Xal", "Ay gecəyə hicran sıxır", "Mən ilhamı gözlərimlə görmüşəm" şeirləri ilə başlayıb. "Gözlər" adlı ilk şerini 13 yaşında ikən yazıb. Dövri mətbuatda vaxtaşırı çıxış edir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı