Bakı qlobal konfliktlərin müzakirə olunduğu önəmli bir platformaya çevrilib

Azərbaycan dövləti rəhbərliyinin həyata keçirdiyi qətiyyətli, ardıcıl və praqmatik xarici siyasət kursunun uğurlu nəticələrindən biri də beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında ölkəmizin rolunun getdikcə artmasıdır. Əminliklə deyə bilərik ki, Azərbaycan özünün sülhməramlı missiyasını bütün tarixi proseslərdə nümayiş etdirərək beynəlxalq birliyin tam təqdirini əldə etməyə nail olub.

Bu gün Bakıda baş tutacaq NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında görüş də bu aspektdən qiymətləndirilməlidir. Artıq bu qəbildən olan 3-cü görüşdür ki, paytaxtımız ev sahibliyi edir. Bundan əvvəl 2 dəfə NATO və Rusiya hərbi komandanları qlobal geosiyasi ziddiyyətləri müzakirə etmək üçün məhz Bakı şəhərini seçmişdilər. Paytaxtımızın qlobal problemlərin müzakirə olunduğu vacib bir platformaya çevrilməsi hər iki hərbi blokun Azərbaycana olan inam və etibarını təcəssüm etdirir. Qloballaşan dünyada milli dövlətlərin yeri və rolu sürətlə dəyişir, kiçik dövlətlərdən hansısa hərbi blokun yanında yer almaq tələb olunur. Belə bir şəraitdə balans siyasəti kursunu uğurla reallaşdırmaq həqiqətən çətin və mürəkkəb bir prosesə çevrilir. Azərbaycan dövlətinin ən böyük nailiyyətlərindən biri də odur ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasi kurs hazırda mövcud dövrün qlobal və regional tendensiyalarına uyğun olaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elə bunun nəticəsidir ki, qlobal güclər öz aralarında yaranmış ziddiyyətli məqamları müzakirə etmək təhlükəsiz, sabit və bitərəf ölkə olan Azərbaycanı seçirlər.

Təsadüfi deyil ki, 2019-2023-cü illərdə Azərbaycan 120-dən artıq ölkənin birləşdiyi Qoşulmama Hərəkatı Təşkilartına sədrlik edəcək. Bu təşkilatın fəaliyyətində Azərbaycanın önə çıxması beynəlxalq sülhün və əmin-amanlığın təmin olunmasında ölkəmizin üzərinə götürdüyü rolu bariz şəkildə ortaya qoyur.

Azərbaycanın qlobal geosiyasi proseslərə təkan verən ölkəyə çevrilməsi ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyü və suverenliyinin daha da dərinləşməsinə xidmət edir. Bu gün Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Azərbaycanın haqlı mövqeyini müdafiə edən ölkələrin sayı durmadan artmaqdadır. NATO, Avropa İttifaqı, AŞPA, o cümlədən Rusiya və post-sovet məkanında yerləşən ölkələr (Ermənistanı çıxmaq şərtilə) münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin tərəfdarı olduqlarını hər fürsətdə bəyan edirlər. Bu baxımdan, Gerasimovla Skaparottinin bu gün Bakıda gerçəkləşəcək görüşləri də düşmənə verilən çox incə bir mesajdır. Onların görüş üçün hər dəfəsində Ermənistanı yox, Azərbaycanı seçməsi və Bakıdan bütün dünyaya sülh mesajlarının ötürülməsi düşmən ölkə üçün bir çağırış olmalıldır. Ermənistan rəhbərliyi ən nəhayətində anlamalıdır ki, Azərbaycan torpaqlarını işğal altında saxlamaq həm beynəlxalq, həm də regional geosiyasi aspektlərdən onların əleyhinə işləyir. Rəsmi İrəvan bu reallığı nə qədər tez dərk etsə, bir o qədər tez Ermənistan düşdüyü ağır təcrid vəziyyətindən xilas olacaq.

Ceyhun Əhmədli, Metbuat.az üçün



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR