Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Dini qurumlar və sosial media" mövzusunda konfrans keçirilir.

Metbuat.az-ın məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurasının rəhbərliyi, milliət vəkilləri və media nümayəndələri iştirak edir.

DQİDK sədri Mübariz Qurbanlı "Dini qurumlar və sosial media" mövzusunda təqdimatla çıxış edib. Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda 909 dini icma qeydiyyatdan keçib. Komitə sədri eyni zamanda qeyd edib ki, dini maarifləndirməyə böyük ehtiyac var. Sosial mediadan danışan M.Qurbanlı bildirib ki, sosial media dünyada sərhəd tanımadan münasibətlər qurmaq baxımından bütün KİV-i üstələyib. İndi hamı asan şəkildə öz fikirlərini sosial media vasitəsilə yaya bilir. Bunun isə müsbət tərəflərilə yanaşı mənfi tərəfləri də var. Hətta ən inkişaf etmiş Avropa ölkələrində belə bu məsələdə nizam-intizama ehtiyac var. Çünki bunun vasitəsilə dezinformasiya, əxlaqa zidd mövzular yayılır.

Daha sonra Komitənin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdir müavini Vüsalə Hüseynova "Sosial media və din" mövzusunda təqdimatla çıxış edib. V.Hüseynova bildirib ki, dünyada fəal internet istifadəçilərinin sayı 3 milyarddır. Onlardan 2 milyardı sosial media istifadəçiləridir. Telefon istifadiçələrinin sayı 3 milyard nəfərdir. Azərbaycanda isə əhalinin 75%-i aktiv internet istifadəçisidir. Əhalinin 2 milyon nəfəri sosial media istifadəçisidir. V.Hüseynova bildirib ki, bunun müsbət tərəfləri olsuğu kimi zərərli tərəfləri də var. Zərərli tərəfləri əsas 3 hissəyə ayrılır - fiziki, psixoloji və mənəvi. Fiziki zərəri odur ki, normal həyatdan uzaqlaşdırıb virtual həyata bağlayır. Psixoloji tərəfi budur ki, insanlar internetdən asılı olur. Əsas zərəri isə həm də mənəvi zərərdir. Çünki yalan, dini radikalizmlə bağlı dezinformasiya yayılır ki, bu da insanların şərəf və ləyaqətinə toxuna bilir. V.Hüseynova bildirib ki, din xadimləri, ilahiyyatçılar insanlarla görüşündə maarifləndirmə aparsa da, əks dini təbliğatın qarşısını almağa çətinlik çəkir. Bunun üçün diqqətli olmağa ehtiyac var.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, ölkədə 3 milyon sosial şəbəkə istifadəçisi var ki, onların 1,5 milyonu FB, qalanı isə digər sosial şəbəkə istifadəçisidir. Mətbuat Şurasının sədri bildirib ki, Azərbaycanda ictinai fikrin formalaşmasında əsas vasitələrdən biri də məhz sosial şəbəkədir. MŞ sədri bildirib ki, Azərbaycanda tolerantlıq hökm sürür və bunun üçün ölkəmizdə kifayət qədər hüquqi baza da var. Bu isə tolerantlığın inkişafına daha da çox kömək edir. Ə.Amaşov qeyd edib ki, tolerantlıq eyni zamanda stabilliyin davam etməsinə də yardımçı olur. Bəziləri stabilliyi pozmaq üçün dini radikalizmdən istifadə edirlər: "Gəncə hadisələri zamanı da bəzi saytlar qarşıdurmaya aparacaq məsələlərlə məşğul olurdu. Ancaq Azərbaycan bunun qarşısını almağı bacardı".

Tədbirdə çıxış edən " Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov bildirib ki, dini məsələdə yazmaq asan deyil. Bu peşəkarlıq tələb edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə bununla bağlı daima maarifləndirmə işi aparır. B.Sadıqov bildirib ki, prezident İlham Əliyevin Azərbaycanda Multikulturalizm ili, İslam Həmrəyliyi ili elan etməsi mətbuatın din məsələsinə diqqətini daha da artırıb. Bəxtiyar Sadıqov bildirib ki, dinlər arasında mehribanlığın olmaması bəla gətirir. Azərbaycanın dini modelinin dünya tərəfindən öyrənilməyə başlaması bizim uğurumuzdur. B.Sadıqov eyni zamanda qeyd edib ki, sosial şəbəkəyə sosial media deyilməsi düzgün deyil. Mediada çalışanlar peşəkar jurnalistlərdir, ancaq sosial şəbəkə istifadəçiləri arasında hər bir sahəyə, dünyagörüşünə, savada malik adam var. Eyni zamanda medianın işi qanunla tənzimlənsə də sosial şəbəkə kim nə istəyir yazır. Bunun isə ziyanlı tərəfləri çoxdur.

KİVDF sədri Vüqar Səfərli də sosial şəbəkəyə sosial media deyilməsinin doğru olmadığını bildirib. V.Səfərli bildirib ki, DQİDK dini maarifləndirmə ilə bağlı işlər görür. Eyni zamanda prezident İlham Əliyevin sərəncamı ilə İlahiyyat İnstitutu da fəlaiyyət göstərir ki, bu da peşəkar kadrların hazırlanmasına təsirini göstərəcək. V.Səfərli bildirib ki, dini maarifləndirmə ilə bağlı DQİDK tərəfindən müsabiqələr keçirilir. KİVDF sədri bildirib ki, sosial şəbəkələrdə bəzən dini radikalizmlə bağlı fikirlər yayılsa da jurnalistlər peşəkar yazıları ilə onlara cavab verirlər.

Günay Elşadqızı / Metbuat.az