Bakı, 29 aprel, AZƏRTAC
“Azərişıq” ASC-nin sədri Baba Rzayevin iştirakı ilə Xaçmaz şəhərində şimal rayonlarının icra hakimiyyəti başçılarının toplantısı keçirilir.
Bu barədə AZƏRTAC-a məlumat verən “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, B.Rzayev “Bakıelektrikşəbəkə” ASC-nin bazasında “Azərişıq” ASC-nin yaradılması haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il fevralın 10-da imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin icrası və ötən iki ayda görülən işlərlə bağlı məruzə edib.
Toplantıda “Azərişıq" ASC-nin yeni yaradılmış Şimal Regional Enerji Satışı və Təchizatı İdarəsinin rəhbər işçiləri də iştirak edirlər.
T.Mustafayev qeyd edib ki, “Azərişıq” ASC-nin fəaliyyəti ilə bağlı 4 bənddən ibarət inkişaf proqramı hazırlanıb: “Müşavirənin sonunda ictimaiyyətə bu barədə geniş məlumat açıqlanacaq”.
Hazırda toplantı davam edir.