"Özəlləşdirmə aqrotexniki xidmətlərin keyfiyyətinin artmasına müsbət təsir göstərəcək"

Aqrar Tədqiqatlar Mərkəzində Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında Prezident Fərmanının icrasına həsr olunan mətbuat konfransı keçirilib.

Metbuat.az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti rəhbərinin müavini Vüqar Hüseynov bildirib ki, cənab Prezidentin imzaladığı son Fərman aqrar islahatların mühüm tərkib hissəsidir.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, bundan sonra kənd təsərrüfatı texnikası və damazlıq heyvanlara tətbiq olunan güzəştlər bütün təchizatçı şirkətlərə şamil ediləcək. Texnika və damazlıq heyvan satışı “Aqrolizinq” tərəfindən deyil, təchizatçı şirkətlər tərəfindən həyata keçiriləcək. Nəticədə kənd təsərrüfatı texnikası bazarında rəqabət güclənəcək, qiymətlərdə azalma müşahidə olunacaq. “Aqrolizinq”in portfeli, texnika və damazlıq heyvanlara güzəştlərin tətbiqi funksiyaları Aqrar Kredit və İnkişaf Agentliyinə ötürüləcək. “Aqrolizinq” hələlik digər funksiyalarını davam etdirəcək. “Aqrolizinq” ASC kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışında iştirak etməyəcək, yalnız gübrə və pestisidlərin satışını həyata keçirən bazar iştirakçılarından biri olacaq. Kənd təsərrüfatı texnikası və damazlıq heyvanların lizinqə götürülməsi artıq “Aqrolizinq”də deyil, müvəkkil banklarda rəsmiləşdiriləcək. Aparılan islahatlar nəticəsində kənd təsərrüfatı texnikası və damazlıq heyvan bazası artmış olacaq və daim yenilənəcək.

Aqrar Kredit və İnkişaf Agentliyinin sədr əvəzi Mirzə Əliyev bildirib ki, Kənd təsərrüfatı texnikasının lizinqi zamanı dövlət texnikanın ilkin dəyərinin 40 faizini subsidiya şəklində ödəyəcək. Fermer 20 faiz ilkin ödəniş edəcək, qalan 40 faiz isə fermerə müvəkkil bank tərəfindən kredit şəklində veriləcək. Müvəkkil banklar tərəfindən tətbiq olunan maksimum 7% olan kredit faizi dövlət tərəfindən subsidiyalaşdırılacaq. Damazlıq heyvanlarda isə dövlətin tətbiq etdiyi subsidiya 10% artırılaraq 50%-dən 60%-ə qaldırılacaq. Vətəndaş qalan məbləğin 25 faizini ilkin ödəniş edəcək, 15 faizini isə banklar kredit şəklində rəsmiləşdirəcək”.

"Aqrolizinq" ASC-nin sədri Seymur Mövlayev isə bildirib ki, “Aqrolizinq”in tabeliyində olan aqrotexniki servis xidmətləri mərhələli şəkildə özəlləşdiriləcək. Özəlləşdirmə aqrotexniki xidmətlərin keyfiyyətinin artmasına müsbət təsir göstərəcək. Kənd təsərrüfatı texnikası ehtiyat hissələrinin istehsalı, satışı və idxalının əlavə dəyər vergisindən azad olunması da nəzərdə tutulur.

Günay Elşadqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR