Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, professor Ədalət Muradov və universitetin MBA Departamentinin direktoru, dosent Nazim Hacıyevin "Azərbaycan Respublikasında rəqabət şəraitində investisiyaların iqtisadi artıma təsirinin qiymətləndirilməsi” (“The impact assessment of investment on economic growth in competitive conditions in the Republic of Azerbaijan”) sərlövhəli elmi məqaləsi Hindistanın nüfuzlu “Elmi tədqiqat üzrə qlobal jurnal”ında (“Global journal for research analysis”) dərc edilib.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, məqalədə Azərbaycan iqtisadiyyatının statistik məlumatları əsasında Keyns tipli istehlak funksiyasının parametrləri ekonometrik olaraq qiymətləndirilib. Başqa sözlə, istehlaka son hədd meyilliliyi tapılaraq avtonom investisiyaların artımının ümumi daxili məhsula (ÜDM) təsirini əks etdirən multiplikator müəyyənləşdirilib. Müəyyən olunub ki, istehlaka son hədd meyilliliyi azaldığında multiplikatorun qiyməti də aşağı düşür. Daha sonra akseleratorun qiyməti müəyyən olunaraq təhlillər aparılıb. Təhlilin nəticəsi göstərib ki, istehlaka meyilliliyin aşağı düşməsinə baxmayaraq (multiplikativ effektin azalması) akseleratorun qiyməti artmayıb.
Multiplikator və akseleratorun qarşılıqlı təsir modeli əsasında müəyyən edilib ki, multiplikator və akseleratorun mövcud qiymətləri ÜDM-in tərəddüdlü artımına gətirib çıxara bilər.
Məqalənin sonunda ÜDM-in tarazlı artımının yaradılması üçün multiplikator və akseleratorun zəruri qiymətləri verilib və onun əldə olunması istiqamətləri göstərilib.