"Müasir beynəlxalq münasibətlər sistemində informasiya müharibəsi yumşaq güc vasitələri ilə aparılan ən səmərəli müharibə formalarından biridir. Bəzi dövlətlər informasiyanı təzyiq vasitəsi, bəzi dövlətlər şantaj kimi, bəzi dövlətlər isə idarəetmə rıçaqı olaraq görür və öz maraqları üçün bundan istifadə edirlər. Transmilli media da bu qəbildən olan beynəlxalq təzyiq vasitələrindən biridir. Adətən belə media vasitələrində milli dövlətlərin liderləri, onların ailə üzvləri, yaxınları və siyasi komandasına daxil olan şəxslər haqqında əsası olmayan informasiyalar yaymaqla bir növ həmin dövlətə təzyiq etməyə çalışırlar.
Azərbaycana münasibətdə də belə hallar istisna deyil. Müxtəlif vaxtlarda bu tipli metodlarla bəzi informasiya hücumları təşkil olunub və bu, həmişə Azərbaycanın müstəqil siyasət yürütməsi və milli maraqlarını qətiyyətlə müdafiə etməsi ilə bağlı olub. Elə Böyük Britaniyanın "The Guardian" nəşrində Azərbaycan Respublikası Prezidentinin ailə üzvləri ilə bağlı iftira və böhtan xarakterli materialın verilməsi də növbəti bu cür çirkin addımlardan biridir".
Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin, eləcə də YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Böyük Britaniyanın "The Guardian" nəşrində Azərbaycan Respublikası Prezidentinin ailə üzvləri ilə bağlı yayılmış materialla bağlı fikirlərini bölüşərkən bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın mövqeyi və getdikcə güclənməsi bəzi qlobal güc mərkəzlərini narahat edtdiyindən ölkəmizə qarşı belə təzyiqlərdən istifadə edərək məqsədlərinə çatmağa çalışırlar: "Məsələ burasındadır ki, hazırda olduqca mürəkkəb bir tarixi mərhələdən keçirik və yaşadığımız geostrateji rayonda mürəkkəb qlobal siyasi oyunlar davam edir. Belə məsuliyyətli və gərgin dövrdə Azərbaycan Prezidenti daim milli maraqlardan çıxış edərək olduqca mühüm qərarlar qəbul edir və bu qərarlar qonşu, dost ölkələrin maraqları ilə uzlaşır. Hər kəsə bəllidir ki, bu gün Azərbaycanın şimal, cənub və qərb qonşuları Yaxın Şərq məsələsində sinxron hərəkət etməklə qlobal imperializmi böyük və dağıdıcı layihələrində kardinal dəyişikliklərə məcbur edirlər. Bu mühüm siyasi prosesdə Azərbaycan milli və regional maraqlardan çıxış etməklə mənsub olduğumuz siyasi coğrafiyada idarəolunan xaos nəzəriyyəsinin tətbiq olunması siyasətini dəstəkləmədi. Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində prinsipial mövqe nümayiş etdirməklə nə iqtisadi, nə də kommunikasiya sahəsində üstüörtülü şəkildə işğalçı ölkəni himayə edən güc mərkəzlərinə güzəştə getmədi. Tam əksinə, regionu diplomatiya mərkəzinə çevrilməklə, öz ətrafına strateji tərəfdaşlar toplayaraq yeni siyasi, iqtisadi reallıqlar yaratmaqla Ermənistanı küncə sıxışdırır. Bütün bunların hamısı Azərbaycanın regionun ən müstəqil siyasi aktoru olduğunu bir daha sübut edir.
Azərbaycan regionun həm də iqtisadi güc mərkəzidir. Eləcə də burada güclü ordu quruculuğu həyata keçirilir. Ona görə də Azərbaycan həm də özünə bir çox imperialist mərkəzlərin iqtisadi maraqlarının toqquşduğu hərbi-sənaye bazarında yer eləməyə başlayıb. Son illər ərzində Azərbaycanda yaranan hərbi sənaye qısa müddətdə bu bazara özünün istehsal etdiyi ən müasir silahları və digər müdafiə sənayesi məhsullarını çıxarmağa nail oldu. Əlbəttə ki, bütün bunlar da nəticə etibarilə həmin bazarın bir çox iştirakçılarının maraqlarına toxunur.
Eyni zamanda Azərbaycan ordusunun yüksək döyüş qabiliyyətli olması, öz qüdrətini xüsusi əməliyyatlar keçirməklə nümayiş etdirməsi də burada mühüm rol oyanyır.
Belə mövqe bəzi qlobal güc mərkəzlərini narahat etməyə bilməz. Ona görə də bu cür mərkəzlər tərəfindən informasiya gücü vasitəsilə siyasi təzyiq metodları həyata keçirilir ki, bu da ölkəmizə münasibətdə əsla təsirli ola bilməz. Çünki dərc edilənlər yalan və uydurmalara əsaslanır və konkret çirkin məqsədlərə hesablanıb".
İlkin İzzət
Milli.Az