Bakı, 29 aprel, AZƏRTAC
“Proqress M-27M” kosmik yük gəmisi orbitdən nəzarətsiz şəkildə çıxmağa başlayıb. Onun düşmə vaxtını və yerini hələ ki, müəyyən etmək mümkün deyil.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, mütəxəssislər aparatın mühərriklərini işə sala və manevr edə bilmirlər. Bundan sonra eniş sürətinə yalnız atmosferin vəziyyəti və günəş küləyinin istiqaməti təsir edə bilər. Uçuşları İdarəetmə Mərkəzi bu gün qəzalı kosmik gəmi ilə əlaqə qurmaq cəhdlərini dayandırıb. Onun Yerə 7-11 may tarixi arasında düşəcəyi gözlənilir.
“Soyuz” daşıyıcı-raketin köməyi ilə Baykonur kosmodromundan havaya qalxan “Proqress” kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya yanacaq, oksigen, elmi təcrübələr üçün avadanlıq, kosmonavtlar və astronavtlar üçün bağlamalar, həmçinin ərzaq çatdırmalı idi. Lakin kosmil gəmi havaya qalxan andan onunla əlaqə kəsilib.
“Proqress M-27M” kosmik yük gəmisinin itirilməsi nəticəsində dövlətə dəyən zərərin ümumi miqdarı təxminən 5 milyard rubl təşkil edəcək.