Çadra, niqab və burka ilə bağlı qanun layihəsi Gürcüstan parlamentində fikir ayrılığına səbəb olub

Müsəlman xanımlarının çadra və hicabdan istifadə etmələri onların sitayiş etdikləri dinlərdən, geyim tərzlərinin müxtəlifliyi isə fərqli düşüncə, seçim və mədəniyyətdən irəli gəlir.

Metbuat.az Azərtaca istinadən xəbər verir ki, bu fikirlər Gürcüstan parlamentinin insan haqları və vətəndaş inteqrasiyası komitəsinin dekabrın 26-da keçirilmiş iclasında səslənib.

İclasda ictimai yerlərdə çadra, hicab, niqab və burkanın qadağan olunmasını nəzərdə tutan qanun layihəsi müzakirə olunub.

Qanun layihəsinin müəllifi olan “Vətənpərvərlər Alyansı” partiyasının deputatı Emzar Kvitsiani bildirib ki, bu cür geyimlər şəxsiyyətin müəyyən olunmasına imkan vermir və terrorçuluq təhlükəsi yaradır. O bildirib ki, qanun layihəsindən çadra sözü çıxarılıb. Deputat bu dini geyimin qadağan olunması ilə bağlı təklifinin yanlış olduğunu etiraf edib.

Deputat Anri Oxanaşvili bildirib ki, biz multietnik cəmiyyətdə yaşayırıq və bir-birimizin hüquqlarına hörmətlə yanaşırıq. Buna görə də bu cür məsələlərin müzakirəsi zamanı çox ehtiyatlı olmalıyıq. O, qanun layihəsinin ictimai müzakirəyə çıxarılmasını təklif edib.

Parlament digər üzvü, müxalif “Avropalı Gürcüstan” partiyasının nümayəndəsi Serqo Ratiani isə deyib ki, qanun layihəsinin qəbulu insan haqları, ifadə və inanc azadlığını məhdudlaşdıracaq.

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri hacı Ramin İgidov müzakirələr zamanı çıxışında bildirib ki, çadra hicabın bir növü hesab olunur. Örtünmək də İslamın qanunu olduğu kimi digər dinlərdə də belədir. Çadraya bənzər geyim tərzinə xristian və yəhudi dinlərində də rast gəlinir. GMİ sədri əlavə edib ki, niqab və burkanın qadağan olunması ilə bağlı qanun qəbul olunarkən onun insan haqları, din və inanc azadlığına qarşı olmamasına diqqət yetirilməlidir. O, çadranın ictimai yerlərdə məhdudlaşdırılması müddəasının layihədən çıxarılmasını müsbət qiymətləndirib.

İnsan haqları və vətəndaş inteqrasiyası komitəsinin sədri Sofio Kiladze qanun layihəsinin işçi qrup formatında müzakirə olunmasını təklif edib.

Müzakirələrdə dövlət və hökumət üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sənədin növbəti müzakirəsi yanvarın 21-nə təyin olunub.

Məlumat üçün qeyd edək ki, qanun layihəsində meydan, park, bütün ictimai nəqliyyat vasitələrində və digər ictimai yerlərdə niqab və burkadan istifadəyə görə 500 lari (188 dollar), təkrar istifadəyə görə isə 1500 lari (563 dollar) məbləğində cərimə nəzərdə tutulub.

Üzü bağlayan geyimlərə qadağa Gürcüstanda akkreditasiya olunmuş diplomatik korpusların əməkdaşlarına şamil olunmayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR