"Report"un Gürcüstan bürosunun verdiyi xəbərə görə, agentlik sədri Zaza Vaşakmadze GMİ sədri, şeyx Hacı Ramin İgidovu və idarənin müftisi Hacı Yasin Əliyevi qəbul edib.
Görüşdə Z.Vaşakmadze müsəlman icmasının qayğıları və GMİ-nin son illər həyata keçirdiyi fəaliyyətlə maraqlanıb. GMİ nümayəndələri planlaşdırılan tədbirlər barədə məlumat veriblər.
Agentlik sədri idarəyə gələcək fəaliyyətində uğurlar arzu edib.
Qeyd edək ki, R.İgidov ötən ilin dekabrında növbəti 5 il müddətinə GMİ-nin sədri seçilib.
Daha əvvəl Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Baydar kəndindəki məscidin əsaslı bərpa olunması barədə məlumat yayıb.