"Qrip A (H1N1) pdm09- donuz qripi deyil. Hər il olduğu kimi adi mövsümi qripdir".
Metbuat.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ÜST-ün Bakı üzrə nümayədəsi Hande Harmancı deyib. Onun sözlərinə görə, A/H1N1 deyilən virus növü 10 ildir mövcuddur:
"Bu "donuz qripi" yox, adi mövsümi qripdir. Donuz qripi donuzdan insana, daha sonra insandan insana keçdikcə buna artıq mövsümi qrip deyilir. İlk dəfə 2009-cu ildə dünyada son pandemiya faktı qeydə alınıb. Bu qrip virusunun donuzdan insana keçdiyi və qrip pandemiyasına səbəb olduğu zaman baş verib. Hər il müşahidə edilən mövsümi qripi A/H1N1 və A/H3N2 virusları törədir və indi də mövsümi qrip var".
H.Harmancı qeyd edib ki, bir sıra ölkələrdə "donuz qripi"nin yayılması məsələsini gündəmə gətirmək lazım deyil.
Aysel Yaqubqızı / Metbuat.az
FOTO: Müzəffər İsmayılov