"Bəzi müğənnilərə baxırsan yanaqlarını elə bil şişirdib, hərəsinə bir qoğal qoyublar"

Zamanəmizdə məşhurların şöhrəti qazanmaq və tanınmaq yolunda atdıqları ilk addım artıq estetik əməliyyat etdirməkdir.

Özlərini cəmiyyətin yaratdığı gözəllik qəlibinə salıb, təbiilikdən çıxan, bunu gizlətməyə çalışıb, kompleks edən məşhurlarımız da yetəri qədərdir. Amma illər öncəki şəkilləri qarşılaşdırdıqda aradaki o böyük fərq görülməyəcək kimi deyil.

Metbuat.az komplekslərindən uzaq olan və etdirdiyi estetik əməliyyatı gizlətməyən xanım məşhurları təqdim edir:

Apardığımız söhbət zamanı belə nəticəyə gəldik ki, rinoplastika (burun əməliyyatı) artıq şou biznesimizdə adi hal alıb.

Əməkdar artist Röya Ayxan Metbuat.az-a açıqlamasında illər öncə burun əməliyyatı etdirdiyini bildirib:

“Təxminən 2002-ci ilin fevral aylarında burun əməliyyatı etdirdim. Başqa heç bir əməliyyatım olmayıb”

Aparıcı və aktrisa olan Mələk Heydərova bildirib ki, əvvəl əməliyyatdan qorxub, amma ilk əməliyyatını etdirdikdən sonra bu qorxusuna qalib gəlməyi bacarıb:

“İlk əməliyyatım ötən ay olub və burnumu əməliyyat etdirdim, sonra isə liposaksiya. Tam sağalmadığı üçün nəticəni deyə bilmərəm, amma hələki razıyam. Əməliyyat etdirməkdən çox qorxurdum, etdirdikdən sonra isə qorxulu heç nə olmadığını gördüm. Düşünürəm gələcək zamanlarda yenə bəzi əməliyyatlar etdirim. İndi ehtiyac görmürəm”

Burun əməliyyatı etdirən məşhurlarımız arasında Nura Suri də var.

O bildirib ki, bu günə qədərki tək əməliyyatı rinoplastika olub və başqa hec əməliyyata ehtiyac duymayıb.

Estetik əməliyyata qarşı olmasalar da təbiilikdən çıxıb eyniləşməyə qarşı olan tanınmışlar da olub.

“20-25 yaşlardan gənc qızların dolğu, botoks və estetik əməliyyat etdirməsinə qarşıyam. Baxırsan ki, cavan qızdır, amma agzı burnu əyilib”

Aparıcı Rövşanə Bektaşi də estetik əməliyyata qarşı olmasa da təbiilikdən çıxanlara qarşıdır. O bildirib ki, estetik əməliyyat etdirib üzlərinə gel, dolğu vurdururlar və hər kəs bir-birinə oxşamağa başlayır:

“Estetik əməliyyat etdirməmişəm. Düşünürəm ki, cildimdə hələ ki elə bir problem yoxdur.Həralda bu efirdən də görünür. Təbii üsullarla cildimi qoruyuram. Amma bəlkə də zamanı gələndə 10-20 il sonra estetik haqqında düşünərəm və ehtiyac olduğu zaman çox normal baxıram. 20-25 yaşlardan gənc qızların dolğu, botoks və estetik əməliyyat etdirməsinə qarşıyam. Baxırsan ki, cavan qızdır, amma agzı-burnu əyilib. Bəzi müğənnilərə baxırsan yanaqlarını elə bil şişirdib, hərəsinə bir qoğal qoyublar. Çox suni görünür və bütün o estetik əməliyyat etdirib, üzlərinə gel, dolğu vurduranlar bir birilərinə oxşamağa başlayıblar.İndividuallıq, xarizma, şarm hamısı itməyə başlayıb.Bizim qadınlar düşünürlərsə ki, qarşı cinsin nümayəndələrini bununla cəlb edəcəklər bu çox böyük səhvdir. Mən inanmıram ki, hansısa qarşı cinsin nümayəndəsi bənzəri çox olan qadın sevsin. Hər bir qadın individual, fərqli olmalıdır. Hətta qadının istifadə etdiyi ətir də fərqli olmalıdır.”

Müğənni Sevda Sanəliyeva da hardasa Rövşanə xanımın fikirlərinə bənzər fikir səsləndirərək qeyd etdi ki, suniliyin tərəfdarı deyil.

“2 dəfə burun əməliyyatı etdirmişəm və qətiyyən başqa əməliyyat haqqında düşünmürəm. Burnumu da ona görə əməliyyat etdirdim ki, nəfəs almaqda problemim var idi və ürəyim xəstədir. Həkim əməliyyat etdirməyimi məsləhət gördü. Ürəyimdə problemim olmasa idi belə, yenə etdirəcəkdim çünki uşaqlıqda yıxıldım və burnum qırıldığı üçün əyrilik var idi. Birinci əməliyyatı 7-8 il əvvəl etdirdim və uğursuz alındı. İkinci isə 4 il əvvəl etdirdim. Amma başqa estetik əməliyyat etdirməyi düşünmürəm, çünki təbiiliyi sevirəm. Çox estetik əməliyyat etdirəndə, botoksa, gelə üz tutanda artıq sunilik yaranmağa başlayır və hamı bir-birinə oxşayır. Nə vaxt ki, görsəm ciddi problemim var bəlkə üz tutaram, amma hazırda buna ehtiyacım yoxdur.

Sevinc Kərimova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR