Dünyada qida məhsullarının çatdırılması üzrə iri şirkətlərdən biri olan "Meituan Dianping"-in həmtəsisçisi Van Sinq "həyatı hamı üçün daha yaxşı etməyə" çalışır. Bu barədə Honkonq birjasında IPO zamanı kapitallaşması 53 milyard dollardan ibarət olan "Meituan" plan-prospektində bildirilib.
Milli.Az insider.az-a istinadən bildirir ki, bu şirkət milyonlarla insanın qida vərdişlərini dəyişir.
"Uber" taksi servisi əsas islahatçı hesab edilir, amma qida çatdırılması servisləri də eyni dərəcədə öncül ola bilərlər. Özü üçün yemək hazırlamağa nə vaxtı, nə də həvəsi olmayan milyonlarla insana yemək daşıyan motosiklet və velosipedlər şəhər küçələrində şütüyür. "Uber" qida çatdırılması üzrə rəqiblərdən biri hesab edilən "Deliveroo" ilə əməkdaşlıq edərək Avropanın və Asiyanın inkişaf edən bazarının böyük hissəsini qazanmağa ümid edir.
Qida çatdırılması taksi ilə sərnişin daşımadan çətin deyil. Yemək daşıma nə "Deliveroo", nə də "Uber Eats" və ya "Meituan" tərəfindən icad edilməyib. Sadəcə yemək daşıması deyil, eləcə də masaj və kosmetik prosedurlar üçün mütəxəssisin motosikletlə gətirilməsi artıq mədəni inqilabdır.
Sifarişlərin çatdırılması üçün baza tariflərinin azaldılmasından narazı olan "Uber Eats" servisinin sürücüləri şirkətin şərqi Londonda yerləşən ofisi qarşısında etiraz aksiyası keçiriblər. Platformalar sürücüləri əməkdaş kimi deyil, özünüməşğulluq podratçıları hesab edirlər, bu səbəbdən də şərtləri asanlıqla dəyişə bilirlər.
Fevral ayında məhkəmədə sabiq sürücüsünün əmək hüququnun müdafiəsinə dair ittihamla üzləşən Amerikanın qida çatdırma üzrə "GrubHub" platforması məhkəmədə qalib olmuşdu. Şirkət sürücünün fəaliyyətinə zəif nəzarət etməklə işverən olmadığını sübut etdi. Belə ki, sürücünün uniforma geyindiyini, avtomobilini yoxlamırdı.
Onlayn yemək çatdırma servislərinin strategiyası qidanı mümkün qədər ucuz təklif etməklə məhdudlaşmır. Qida çatdırlması ilə məşğul olan şirkətlər qazancı istehlakçıları evdə yemək bişirilməsindən imtina etməyə inandırmaqla da əldə edirlər.
UBS investisiya bankı tətbiq vasitəsilə nahar və şam yeməyi sifariş edən istehlakçıları əvvəllər geyimi özü tikən, indi isə hazır geyimlər alan insanlarla müqayisə edirlər. Ötən əsrdə inkişaf etmiş ölkələrdə bir çox ailələr özləri üçün geyim tikirdilər, daha sonra isə "çatdırılma zənciri yarandı və kütləvi istehlak formalaşdı". Ev kulinariyasının da aqibəti eyni ola bilər.
Tələbat üzrə qida konsepsiyası əsasən, mənzil və mətbəxlərin kiçik olduğu şəhərlərdə cəlbedicidir. Belə ki, bu şəhərlərdə yemək hazırlamağa vaxt sərf etməkdənsə, sifariş vermək daha asandır. Amma "maliyyə uçurumu" əvvəlki kimi qalır. USB-nin qiymətləndirməsinə görə, Britaniya restoranından iki nəfər üçün gətirilmiş nahar orta hesabla 19 funt sterlinqə başa gəldiyi halda, evdə hazırlanan yemək 6 funt tutur.
Bu uçurumun azalması üçün ilk addım platformaların tətbiqi tərəfindən edilmişdi. Belə ki, çox sayda sifarişlər kuryer şəbəkəsi ilə yerinə yetirilirdi.
Ucuz işçilərin olması model üçün çox əhəmiyyətlidir. Tədqiqatçılar bu yaxınlarda Nyu-Yorkda tətbiq vasitəsilə sifariş yerinə yetirən 80 000 sürücünün iştirakı ilə sorğu keçiriblər. Sürücülərə qarşı olan əsas tələb müştərilərin gözləmə vaxtını mümkün qədər azaltmaq üçün daima hazır vəziyyətdə olmaları idi. Yalnız bu halda sistem effektiv ola bilər.
Platformalar işçilərə xəstəlik zamanı ödəniş və ya ödənişli məzuniyyət kimi imtiyazlar təklif etmirlər, bu səbəbdən də işçi qüvvəsinə sərf edilən xərcləri ştatlı əməkdaşları olan şirkətlərdən daha az olur. Buna baxmayaraq, sahə üzrə xərclərin azaldılması və rassionallaşdırılması üzrə ehtiyat var. Qeyri-effektiv proses göz qabağındadır - yeməkləri böyük ərazidə yayılmış çoxsaylı restoranlardan götürmək lazımdır, halbuki "Amazon"da olduğu kimi, bir neçə mərkəz yaratmaq daha rahat olardı.
Növbəti addım isə yeməklərin mərkəzləşdirilmiş şəkildə hazırlanması üçün mətbəx və restoranları ayıraraq bir yerə toplamaq oldu. "Deliveroo" şirkəti dayanacaq və ofislərdə belə mətbəxlər yaradaraq "seçilmiş restoranların yeməkləri kolleksiyasının saxlanıldığı qovşaq" adlandırıb. Bunun sayəsində müştərilər bir neçə restoran menyusundan yemək seçmə imkanı qazanıblar. Bu yeməklər isə qonşu məkanlarda yerləşən mətbəxlərdə hazırlanır. Mürəkkəb sifarişləri bir kuryer çatdırır.
Hazırda qidanın transportasiya edilməsinin vacibliyi kulinariya mərkəzlərinin ölçülərini məhdudlaşdırır, amma çatdırılma üsulu dəyişsə, problem həll olacaq. Çatdırılma operatorlarının arzusu yeməklərin robotlar tərəfindən hazırlandığı, qidaların isə dronlar vasitəsilə hava ilə çatdırılacağı iri lojistik mərkəzlərdir. Bu zaman xərcləri azaldaraq əmək qanunundan yan keçmək barədə düşünmək də lazım gəlməyəcək. Dronlar sutkada 24 saat ərzində çalışmağa qadirdirlər.
Amma bütün inqilablar insan qurbanı tələb edir və bu inqilab da istisna deyil. Onlayn servislərdə çalışan sürücülərin taleyi necə olacaq? Adi restoranlarda gəliri artırmaq üçün hansı dəyişikliklər olacaq? Biznesin dəyişmə tempi nəzərə alındıqda bunlar diqqətdən kənar mövzular deyil. "Meituan"-dan Van Sinqin "həyatı hamı üçün yaxşı etmək" vədi yalnız istehlakçılara aiddir. Çatdırılma zəncirində çalışan insanların, eləcə də şirkətlərin həyatının çətinləşməsi qaçılmazdır.
Milli.Az