Elimizin gözəl adətlərindən biri də səməni göyərdilməsidir.
Yazın gəlişinin, bolluğun, bərəkətin rəmzi sayılan səməni ilk çərşənbə axşamı göyərdilir, Novruz bayramı öncəsi demək olar ki bütün evlərdəki masalarda öz yerini alır.
Bu gün insanların əksəriyyəti evdə səməni cücərtmək əvəzinə hazır halda satılan səmənilərdən almağa üstünlük verirlər. Onların bəziləri hesab edirlər ki, səməni cücərtməyin düşər-düşməzliyi var. Bu səbəblə, hazır səməni almaq daha yaxşıdır.
Maraqlıdır, səməni göyərtməyin düşər-düşməzliyi ilə bağlı folklorşünaslar nə fikirləşir?
Folklorşünas Atəş Əhmədli Metbuat.az-a açıqlamasında bildirir ki, evdə səməni cücərtməyin heç bir pis tərəfi yoxdur:
“Səmənin cücərdilməsi qədim dövrdə oturaq əkinçiliyə keçid dövrünü ifadə edirdi. O vaxt dəqiq təqvim yox idi, ayı, günü hesablaya bilmirdilər. Ona görə də, havaların isinməsi, yellərin əsməsi, səməninin cücərdilməsi yazın gəlişi demək idi. Səməni cücərdilməsi ancaq yaxşı əlamətdir. Onun pis heç bir tərəfi yoxdur”.
Atəş Əhmədli AMEA-nın Folklor İnstitutunun fəlsəfə doktoru Afaq Xürrəmqızının bununla bağlı yazılarından birini nümunə kimi göstərdi:
“Afaq xanım həmin yazıların birində qeyd edib ki, səmənini qoyan qadın çoxuşaqlı və sağlam olmalıdır. Çünki səməni artımın, bolluğun rəmzidir. Qədim dövrdə düşünürdülər ki, övladı olmayan, yaxud xəstə biri səməni qoyarsa, o yetişməz, ələ gəlməz. Ona görə də, çoxuşaqlı ailələrdəki xanımlar səməni cücərdərdi. Yəqin ki, düşər-düşməzliyi məsələsi bununla bağlıdır”.
Xəyalə Məmmədova / METBUAT.AZ
Temperatur 21 dərəcəyə kimi yüksələcək - DİQQƏT! – TIKLAYIN!