Deputat: "Minsk qrupunun həmsədrlərinin sonuncu bəyanatı Paşinyanın populist siyasətinin iflası deməkdir"

Deputat: "Minsk qrupunun həmsədrlərinin sonuncu bəyanatı Paşinyanın populist siyasətinin iflası deməkdir"
21:27 11 Mart 2019
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistanın danışıqlardan yayınmaq cəhdi baş tutmayacaq, çünki Azərbaycan buna əsla imkan verməyəcək. Rəsmi Bakının ən son diplomatik həmlələri qısa müddətdə öz nəticələrini verməkdədir. Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin sonuncu bəyanatını da elə bu kontekstdə qiymətləndirmək lazımdır: "Məsələ ondadır ki, işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan hələ də regiondakı geostrateji reallığa öz siyasi illüziyası ilə yanaşır və hesab edir ki, heç bir əsası olmayan fikirlər irəli sürməklə mövcud reallığı və beynəlxalq hüququ manipulyasiya edə biləcək. Onun baş nazir seçkilərində yalnız Ermənistan vətəndaşlarının iştirak etdiyi və ona görə də Dağlıq Qarabağ adından danışıqlar aparmaq səlahiyyətinin olmadığı barədə bəyanatı isə o qədər qeyri-ciddidir ki, bununla Yerevanı işğalçılığa görə məsuliyyətdən kənarda tuta biləcəyinə heç Ermənistanın özündə inanmırlar. Bu gün Ermənistanın bütün növ qoşun birləşmələri Azərbaycanın ərazisindədir və hər erməni təxribatı zamanı Azərbaycan əsgərinin şücaəti sayəsində məhv edilən düşmən əsgərləri Ermənistan vətəndaşıdır. Paşinyanın iddialarına özündən başqa heç kəs reaksiya vermir".

Deputat bildirib ki, Azərbaycan Ermənistanın status-kvonu legitimləşdirmək cəhdlərinə yol verməyəcək: "Bunun üçün hər şeydən əvvəl öz ordusunun, öz iqtisadiyyatının gücünə və beynəlxalq nüfuzuna arxalanır. Həmsədrlərin son bəyanatı da problemin həlli ilə bağlı götürdükləri öhdəlikdən və Azərbaycanın regionda nəyə qadir olmasından irəli gəlir. Təəssüf ki, həmsədrlər heç də hər zaman işğalçı Ermənistana lazımi təzyiq göstərmirlər və bununla da münaqişənin həlli uzanır. ATƏT-in fəaliyyətdə olan sədri və Avropa İttifaqının rəsmiləri ilə son görüşlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məsələ ilə bağlı ciddi narahatlığını bildirdi və dərhal sonra biz həmsədrlərin bəyanatının şahidi olduq. Bəyanatda bir daha bildirilir ki, danışıqların formatı dəyişdirilə bilməz və danışıqlar Helsinki Yekun Aktında nəzərdə tutulan prinsiplərə söykənir. Bu prinsiplər isə ondan ibarətdir ki, xalqların öz müqəddəratını təyinetmə hüququ dövlətlərin ərazi bütövlüyünü təhdid edə bilməz".

Millət vəkili vurğulayıb ki, bu bəyanat və onun məzmununda ifadə olunan fikirlər N.Paşinyanın populist siyasətinin iflası deməkdir və bundan sonra substantiv danışıqlar baş tutmasa, Azərbaycan tərəfinin daha radikal addımları ilə üzləşə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/738019.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR