Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Xızı rayon sakini 1994-cü il təvəllüdlü Yarəli Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsini elan edib. Yarəli Dadaşov verilən ittihamlar üzrə özünü qismən təqsirli bilib.

Hakim Rauf Əliyev Yarəli Dadaşova məhkəmədə sərbəst ifadə vermək hüququnun olduğunu deyib. Yarəli Dadaşov ifadəsində uzun müddətdir ki, pul qazanmaq məqsədilə “wapmaster” kimi mobil internet saytlarının düzəldilməsi ilə məşğul olduğunu deyib.

“2012-ci ildə sayt işi ilə bağlı Röyal Nəcəfovla tanış olmuşam. Onunla Savalan yaşayış massivində “Kanal kənarı” adlanan yerdə görüşmüşük. Münasibətlərimiz qısa müddətdə dostluğa çevrilib. Röyaldan razılıq əsasında hər biri 5 manata olmaqla 17 ədəd mobil sayt almışam. 2013-cü ilin fevral ayında Röyal mənə zəng edib, “eleme.az” saytını satdığını, həmin saytda gündəlik 300-400 nəfərin qeydiyyatdan keçdiyini dedi. Maraqlı gəldi. Öz aramızda həmin saytı 400 manat qiymətinə mənə satacağını dedi. Mən də razılaşdım. Şərt qoydum ki, 4-5 gün işlədim, yaxşı olsa pulunu verəcəm. Həmin saytı server kimi 4 gün işlətdikdən sonra gördüm ki, sayta qeydiyyatdan keçənlərin sayı gündəlik 50-60 nəfərə düşür. Maraqlandım gördüm ki, Röyal bu saytı mənə satmamışdan əvvəl pornoqrafik saytlara reklam qoyubmuş. Elə ona görə də, oradan link kimi gəlib, saytdan qeydiyyatdan keçirmişlər. Ona görə də, Röyala zəng edib, saytı qaytarmaq istədiyini dedim. O, isə Gəncə də olduğunu, 3-4 günə gələcəyini dedi. Söhbətimizin üstündən 15-20 gün keçdi. Bir gün Avtovağzalda görüşdük. Röyal məndən 400 manatı tələb etdi. Mən isə ona əvvəlcədən şərt kəsiyimizi və qaytarmaq üçün vaxtında söz dediyimi bildirdim. Elə orda serverin parollarını Röyala verdim. Təxminən 1 il ərzində Röyalla görüşəndə həmişə məndən pul tələb edirdi. Mən də ona sözümü dediyimi və pulu verməyəcəyimi dedim. Amma onu da deyim ki, heç onda da, başqa vaxt da aramızda ciddi mübahisə olmayıb. Hadisə günü oktyabrın 23-də Röyal mənə zəng elədi. Həmişəkindən fərqli danışırdı. Kobudluq edirdi. Pulu istəyirdi. Mən isə görüşəndə söhbət edərik dedim. Bu vaxtı yanımda dostum Asim Bünyadzadə də vardı. Asim mənə dedi ki, gəl gedək, söhbət edək, birdəfəlik bu söhbətinin axırına çıxaq. Razılaşdım. Zəng elədim Röyala. 15-20 dəqiqədən sonra görüşdük. Həmişə görüşəndə öpüşüb-görüşürdük. Amma bu dəfə soyuq görüşdü. Mən onu çayxanaya, ya da həyətimizə dəvət etdim. O razılaşmadı. Dedi, dostum bizi o yanda gözləyir. Mən Röyalın bu tərəfdə yaşayan tanışlarını tanıdığımdan onların kimliyini soruşdum. O, isə mənə “gələndə görərsən” deyərək qəribə cavab verdi. Yolda Röyalın cibində bıçaq gördüm. Başa düşdüm ki, normal söhbətə getmirik. Asimin qulağına pıçıldadım ki, evin qabağından keçəndə qorunmaq üçün bıçaq götür. O da götürdü. Hadisə yerinə çatdıq. O, kiməsə zəng elədi. Telefonda “Əlidolu gəlin, bunlar da əlidoludu” dedi. Mən isə Röyala dedim ki, bu kimdir? Yenə mənə acıqlı-acıqlı “görəcəksən” dedi. Bundan sonra Röyal ağır söyüşlərə keçdi. Asim söhbəti yumşaltmağa çalışırdı. Onun da anası-bacısını söydü. Asim bıçaqla Röyalı vurdu. Mən tez onları ayırdım. Röyalı ağzından bərk yapışdım ki, səsini çıxarmasın. O, davamlı məni və Asimi söyürdü. Çəpərin dibində ona başımla bir- iki zərbə vurdum. Gördüm ki, yenə susmur. Asim Röyalın bıçağı ilə ona bir-iki zərbə vurdu. Röyal yenə də söyürdü. Səbrim çatmadı. Kürəyindən 3-4 bıçaq zərbəsi vurdum. Həmin vaxt özümdə deyildim. Bıçaqla ayağının bud nahiyyəsindən dayanmadan 5-6 zərbə vurdum. Asim o biri bıçaqla vururdu. Ona vurduğum zərbələrin heç biri ölümcül deyildi. Sonda, bacımın balaca qızını söydü. Dözə bilmədim, boğazından bıçaqladım. Artıq ölmüşdü. Telefonu yerə düşmüşdü. Asimə iki telefonunu, pul qabını verdim ki, ala apar bunu gölə at. Beynim dumanlı idi. Asimlə “Elbrus“ marketinin yanına qədər gəldik. Yolda fikirləşdik ki, gedək Röyalın meyitini də gölə ataq. Qayıtdıq. Sürüyə-sürəyə gətirdik. Gölün ətrafı bataqlıq olduğundan apara bilməyəcəyimizi başa düşdük. Hadisə yerindən çıxdıq. Mağazadan 2 qutu siqaret aldıq. Ramanaya gəldik. Asim pivə içdi, mən çay. Qərar verdik ki, gedək polisə təslim olaq. Maştağaya gəldik. Saat 5-6 arası olardı. Növbətçiyə qətl törətdiyimizi bildirdik. Hadisə belə olub. İttihamda mənə oğurluq, mənimsə kimi maddələr qoyub. Mən adam öldürməkdə iştirak etmişəm. Nə onun telefonunu, nədə pulunu götürməmişəm”.

Bundan sonra Yarəli Dadaşov hakimlərin və dövlət ittihamçısının suallarını cavablandırıb. Dövlət ittihamçısı vəsatət qaldıraraq, Yarəli Dadaşovun ibtidai istintaqa verdiyi ifadəni məhkəmədə səslənməsini istəyib: “ Orda bəzi qaranlıq məqamlar var. Yarəli

Dadaşov bəzi məqamlarda ziddiyyətli ifadələr verib”.

Məhkəmə prokurorun vəsatətini təmin edərək, Yarəli Dadaşovun ibtidai istintaqa verdiyi ifadəni elan edib.

Bundan sonra qətldə təqsirləndirilən digər şəxs Asim Bünyadzadə məhkəmədə iştirak etmədiyindən onun ibtidai istintaqa verdiyi ifadə elan edilib. A. Bünyadzadə də dostu Yarəli Dadaşovun ifadəsində göstərdiyi analoji məzmunda ifadə verib.

Məhkəmə prosesi mayın 18-də davam edəcək.

Qeyd edək ki, qətl keçən il oktyabr ayınnda gecə saat 12 radələrində Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində “Göl” deyilən ərazidə qeydə alınıb.

Savalan yeni yaşayış massivində yaşayan 18 yaşlı Asim Bünyazadə və dostu, 20 yaşlı Xızı rayon sakini Yarəli Dadaşovla birlikdə şəxsi münasibətlər zəminində tanışı Gədəbəy rayon sakini 22 yaşlı Röyal Səfərovu qətlə yetirib. Tanışlar arasında münasibətlərin pozulmasına pul səbəb olub.



Röyal Səfərovun öldüyünü görən dostlar hadisə yerini tərk ediblər. Hadisədən 20 saat sonra Asim Bünyadzadə və Yarəli Dadaşov 14-cü polis bölməsinə gələrək könüllü təslim olublar. Onların ifadəsindən sonra hadisə yerinə gedən polis əməkdaşları Röyal Səfərovun meyitini orada aşkarlayıblar.