Formula 1 üzrə Azərbaycan Qran-Prisinin ilk dövrələrindən trasda gərgin mübarizə başlayıb.

Metbuat.az-ın tədbirdəki xüsusi müxbiri xəbər verir ki, yarışın ikinci dövrəsində Corc Rassell liderliyini qoruyaraq rəqibləri ilə fərqi bir saniyədən çox artırıb.

Maks Ferstappen üçüncü döngədə Lyuis Hemiltonu keçərək altıncı pilləyə yüksəlib. Lando Norris isə İsak Hacarın ciddi təzyiqi ilə üzləşib.

Üçüncü dövrədə Hacar ötmə imkanından istifadə edərək Norrisi geridə qoyub və dördüncü yerə yüksəlib. Ardınca Ferstappen də Norrisin düz yolda sürət problemi yaşamasından yararlanaraq üçüncü döngədə “McLaren” pilotunu ötüb.

Bu zaman lider Rassell Oskar Piastri ilə fərqi təxminən 2 saniyəyə çatdırıb. Dördüncü pilləyə yüksələn Hacar isə Şarl Leklerə yaxınlaşaraq mübarizəni davam etdirib.

Qeyd edək ki, yarışın ilk dövrələrində mövqelər uğrunda mübarizə xüsusilə ön qrupda kəskinləşib.