“Kişilər arasında da dostlarım var. Amma mən onlara “kişi rəfiqələrim” deyirəm. Onlarla rəfiqəm kimi hər şeyi bölüşə bilirəm”.

Axşam.az-ın məlumatına görə, bu sözləri “Region TV”də yayımlanan “Şou məkan” verilişinə açıqlamasında əməkdar artist Nüşabə Ələsgərli deyib. O, dostluq və sevgi münasibətlərindən, şou-biznesdən danışıb. Müğənni qadın rəfiqələri ilə yanaşı, kişi dostunun da çox olduğunu etiraf edib:

“Dost sözünün arxasında dərin mənəvi hisslər dayanır. Mənim sosial şəbəkədə də dostlarım var. Onları sevə-sevə qəbul etmişəm. Şou-biznesdə isə Nazənin ən yaxın rəfiqələrimdən biridir. Kişilər arasında da dostlarım çoxdur. Onlara “rəfiqələrim” deyirəm. Kişi olsalar da, şəxsi həyatımla bağlı məsələləri onlarla çox rahat bölüşə bilirəm. Dostlarıma güvənirəm, onlar da mənə inanırlar. Ancaq hərdən ən yaxın adamından belə namərdlik görürsən. Sınan qəlb isə heç vaxt birləşə bilməz. Mütləq cızıq, çat qalır yerində. Ancaq bağışlamağı da bacarmaq lazımdır”.

Nüşabə şou-biznesi güzgüyə bənzədib:

“Şou-biznes həm təhsilin, həm cəmiyyətin, həm də iqtisadiyyatın güzgüsüdür. İctimaiyyətdə nə yaşanırsa, onun təzahürlərini burada görürük. Oxumağıma, tanınıb-sevilməyimə görə peşman deyiləm. Hərəni öz adıyla çağırırlar. Şou-biznesdə ləyaqətsiz insan varsa, onu o cür də tanıyacaqlar. Özünə hörmət edən, yerini bilənləri isə öz adıyla çağıracaqlar”.

Yeməkləri çox sevdiyini deyən müğənni arıqlamaq üçün pəhriz saxladığını açıqlayıb:

“Yeməklə aram yaxşıdır. Ən çox isə pomidor, bibər, badımcan dolmasını xoşlayıram. Amma yemək miqdarımı azaltmışam: 100 faizdən 30-a salmışam”.